Məhkəmə qərarları › İş №2(056)-3119/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3119/2025

27.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3119/2025 27.02.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 978 manat dəymiş ziyan məbləğinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023cü il tarixində Əmək Müqaviləsi bağlanmış, cavabdeh Cəmiyyətdə avtobus sürücüsü vəzifəsində çalışmışdır. İddiaçıya məxsus **-XJ-*** dövlət qeydiyyat nişanlı “Daewoo” markalı 49 nəfərlik avtobus iddiaçı tərəfindən sığortalanmışdı. xx.xx.2024-cü il tarixində saat təxminən 08:45-də Cavabdeh iddiaçıya məxsus sığortalanmış “Daewoo” markalı avtobusun sükanı arxasında olarkən Bakı şəhəri ərazisində "xxxx" MMC-yə məxsus “Renault Dokker” markalı, **- PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, bu yol-nəqliyyat hadisəsi nəticəsində avtobusa zərər dəymişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən xx.xx.2024-cü il tarixli protokol tərtib edilmiş və “Daewoo” markalı avtobusa dəymiş zərərin məbləği 4701.99 manat məbləğində hesablanmışdır. İddiaçı sığorta müqaviləsinə əsasən bu zərərin ödənilməsi üçün sığortaçıya müraciət etmiş və 4701,99 manat məbləğində Sığorta ödənişi almışdır. Beləliklə, sığorta ödənişini həyata keçirmiş Sığorta Şirkəti (və ya iddiaçı sığortaçının tələbini "xxxx" MMC-dən (zərərçəkəndən) aldıqdan sonra) zərər vurulmasında günahkar olan şəxsə - iddiaçının əməkdaşı olan və vəzifə səlahiyyətlərini icra edərkən yol-nəqliyyat hadisəsi törətmiş Cavabdeh qarşı reqress/subroqasiya qaydasında tələb irəli sürmək hüququ yaranır. Cavabdeh iddiaçının avtobusunu idarə edərkən Əmək müqaviləsi üzrə öhdəliklərini (sürücü vəzifəsini) yerinə yetirirdi və onu qeyri-qanuni hərəkəti (yol hərəkəti qaydalarını pozması) nəticəsində iddiaçının əmlakına 4701,99 manat məbləğində zərər dəymişdir. Beləliklə iddiaçı (sığortalı kimi sığorta ödənişi almış tərəf olaraq) zərər vurulmasında günahkar olan işçisi Cavabdeh ödənilmiş sığorta məbləği (dəymiş zərər) həddində 978 manat məbləğində pul vəsaitinin subroqasiya qaydasında tutulmasını tələb etmək hüququna malikdir. İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinad edərək işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 6 ay müddətinə, yəni xx.xx.2024-cü il tarixinə kimi sürücü vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən İddiaçı MMC-nin direktoru Nümayəndə ünvalanmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, o, öz xahişi ilə xx.xx.2025-ci il tarixindən işdən azad olunmasını xahiş etmişdir. İş materiallarında olan Bakı Kommeriya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 5275/2024 saylı qətnaməsindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh və İddiaçı MMC-yə qarşı “dəymiş ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilərək, 978,61 manat məbləğində pulun müştərək qaydada Cavabdeh və İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə verilməsi, dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun müştərək qaydada Cavabdeh və İddiaçı MMC-dən tutularaq "xxxx" MMC-yə verilməsi qət edilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin xx.xx.2026-ci il tarixli cavabından və əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Kommeriya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5275/2024 saylı qətnaməsi üzrə İddiaçı MMCyə münasibətdə verilmiş icra sənədi üzrə tələb tam təmin olunmuş və xx.xx.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarla iş üzrə icraata xitam verilmişdir. Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Sabirabad rayon İcra və Probasiya şöbəsinin xx.xx.2026-ci il tarixli cavabından görünür ki, Bakı Kommeriya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5275/2024 saylı qətnaməsi üzrə Cavabdeh münasibətdə verilmiş icra sənədi xx.xx.2025-ci il tarixində Sabirabad rayon İcra və Probasiya şöbəsinin icratına daxil olmuş icraata başlanılmış, icraata başlama haqqında qərar və tələbin könüllü icrası barədə bildiriş borcluların ünvanına göndərilmişdir. İcra sənədinni icrası şöbənin icra məmuru İlham Nizamlıya həvalə olunmuşdur. Borclu Cavabdeh barəsində əmlak və gəlir sorğuları edilmiş, lakin borcun yönəldilməsi barədə borcluya məxsus heç bir əmlak və gəlir müəyyən edilməmişdir. Hazırda icra sənədinin icrası istiqamətində icra tədbirləri davam etdirilməkdədir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, Cavabdeh İddiaçı MMC-də əmək müqaviləsi əsasında sürücü vəzifəsində işlədiyi dövrdə, yəni xx.xx.2024-cü il tarixində saat təxminən 08:45-də idarə etdiyi “Daewoo” markalı avtobusla hərəkətdə olarkən "xxxx" MMC-yə məxsus “Renault Dokker” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" MMC-yə məxsus “Renault Dokker” markalı, **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymiş, Azərsığorta tərəfindən "xxxx" MMC-yə 4701,39 manat sığorta ödənişi həyata keçirilmiş, qalan məbləğin ödənilməməsi əsası ilə "xxxx" MMC İddiaçı MMC-yə və onun işçisi olmaqla yolnəqliyyat hadisəsini törətmiş Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmiş, Bakı Kommeriya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-5275/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh yolnəqliyyat hadisəsini törətmiş olduğu avtobusun mülkiyyətçisi və məhkəmə qətnaməsi ilə müştərək borclu olmuş İddiaçı MMC 978,61 manat məbləğində öhdəliyi tam icra etmiş və reqress qaydada yol-nəqliyyat hadisəsini törətmiş işçisi olan hazırki cavabdehə qarşı hazırki tələblə Sabirabad Rayon məhkəməsinə müraciət etmişdsir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarına əsasən, Əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Beləliklə, qeyd edilən normalar kontekstində və Plenum Qərarında sərgilənən hüquqi mövqeyə əsaslanmaqla məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək münasibətinin mövcud olması, bu münasibətin davam etdiyi dövrdə cavabdehin əmək vəzifəsinin icrası ilə əlaqədar nəqliyyat vasitəsini idarə edərkən yol-nəqliyyat hadisəsini törətməsi, sığorta şirkəti tərəfindən zərərçəkmişə dəymiş ziyanın tam ödənilməməsi əsası ilə əlavə zərər məbləği olaraq 978,61 manat pulun işçi və işəgötürəndən müştərək qaydada tutulması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, həmin qətnamə üzrə tələb işə götürən və hazırki iddiaçı tərəfindən tam şəkildə icra edildiyindən onun işçisinə qarşı reqres qaydada tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh reqres qaydada 978 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 1008 (bir min səkkiz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMCyə verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar