Məhkəmə qərarları › İş №2(056)-322/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-322/2024

06.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-322/2024 06.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirkı ilə İddiaçı Cavabdeh qarşı «Məhkəmənin müəyyən etdiyi alimentin miqdarının artırılması barədə» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-367/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək himayəsində olan xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sabirabad rayon Məhkəməsinin 2(056)- 367/2019 saylı qətnaməsi ilə onun iddia tələbi təmin edilmiş, onunla cavabdeh arasında qeydə alınmış rəsmi nikah pozulmuş, cavabdehdən Hüseyin adlı uşağın yetkinlik yaşına çatana kimi cavabdehdən hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmənin qətnaməsi ilə müəyyən edilən alimentin miqdarı hazırda uşağın qanunla müəyyən edilən yaşayış minimumunu ödəmir. Uşaqlar üçün zəruri olan istehlak və tələbat mallarının qiyməti dəfələrlə artmışdır. Bundan əlavə Hüseyin ağır xəstədir. Raxit xəstəliyi ilə əlaqədar döş qəfəsində deformasiya vardır. Müalicəsi mütəmadi olaraq davam edir. Buna görə də, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək göstərdi ki, əvvəlki qətnamə ilə müəyyən edilmiş alimeti çətinliklə ödəyir. Onun yüksək aliment ödəmək imkanı yoxdur. Odur ki iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş : Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(056)-367/2019 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında qeydə alınmış rəsmi nikah pozulmuş, cavabdehdən Hüseyin adlı uşağın yetkinlik yaşına çatana kimi hər ay 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Sabirabad rayon Əliləmbəyli KİN tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ 909540 nömrəli «Doğum haqqında şəhadətnamə»nin surətindən görünür ki, X3 xx.xx.2013-cü ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2016-cı il tarixdə 10 nömrə ilə qeyd edilmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq və iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Hüseyin adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 160 manat məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Tərəflər arasında alimentin ödənilməsinə dair məhkəmə qətnaməsi ilə tutulan alimentin miqdarı uşağın saxlanılması üçün kifayət etmədyindən və uşağın təminatını ödəmədiyindən, iddiaçı alimentin məbləğinin artırılmasına dair hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 250 manat sabit pul məbləğində aliment ödənilməsini tələb edir, cavabdeh isə əvvəlki qətnamə ilə müəyyən edilmiş aliment miqdarını çətinliklə ödədiyini qeyd edərək iddianın rədd edilməsini bildirir. Azərbaycan Respublikası Kostitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsindən göründüyü kimi, uşaqlara qayğı göstərmək və onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyən edirlər. Həmin Məcəllənin 76-cı maddəsi ilə aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən hər ay tutulacaq alimentin miqdarı məhkəmə tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar və valideyinlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin tələbi ilə ailədə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərin istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, ailə qanunvericiliyi məhkəmə tərəfindən aliment miqdarının azaldılması və yaxud artırılması əsaslarını mücərrəd məzmunda müəyyən etmişdir. Alimentin miqdarının azaldılması və yaxud artırılması əsasları sırasına tərəflərin maddi vəziyyəti, eləcə də diqqətəlayiq başqa hallar aid edilmişdir. Qanunvericiliyin tələbinə əsasən işin diqqətəlayiq hallarına görə alimentin artırılması və yaxud azaldılması müxtəlif həyati faktlarla əlaqədar ola bilər. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə alimentin təyin olunduğu vaxtdan ötən müddət ərzində iddiaçının maddi vəziyyəti çətinləşmiş və uşaq böyüdükcə onun ehtiyacı və tələbatı da artmışdır. Məhkəmə hesab edir ki, tərəflərin rəsmi nikahlarından doğulmuş uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən tutulması qət olunmuş alimentin miqdarı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün əsas tutularaq müəyyən edilir. Məhkəmə uşağın maddi və mənəvi tələbatını ödəməsinin hər iki valideynin vəzifəsi olması ilə yanaşı uşağın ananın himayəsində olması, ona ananın qulluq etməsi və bu səbəbdən ananın işləməsi və gəlir əldə etməsi imkanının ayrı yaşayan valideynə (ataya) nisbətən məhdud olmasını nəzərə almaqla, iddiaçının tələb etdiyi məbləği yüksək, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləği isə aşağı hesab etməklə, orta məbləğdə aliment müəyyən edilməsini ədalətli sayır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 250 manat məbləğində müəyyən edilmişdir. Bu zaman məhkəmə hesab edir ki, həmin məbləğ nəzərə alınmaqla alimentin müəyyən edilməsi ilə «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasını Qanunu»nun 1-ci maddəsinə əsasən uşaqlar üçün 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumun həddi və uşaqların təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasına kifayət etməsi də nəzərə alınmış olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən isə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Sabirabad Rayon Məhkəməsinin 2(056)-367/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə müəyyən olunmuş ailmentin miqdarı dəyişdirilərək, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli Qərarının 8.12-ci bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsi ilə bir illik ödəmənin məcmusu ilə müəyyən olunmuş iddia qiyməti iddiaçı bu xərcdən azad olunduğuna görə cavabdehdən tutulub dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Sabirabad Rayon Məhkəməsinin 2(056)-367/2019 saylı xx.xx.2019-cu tarixli qətnaməsi ilə müəyyən olunmuş ailmentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin bu qaydada tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə tutulsun. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar