Məhkəmə qərarları › İş №2(056)-339/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-339/2023

13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-339/2023 13.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4300 manat pul vəsaitinin və 63 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4363 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdeh ilə həmkəndlidir və münasibətləri normal olmuşdur. 2022-ci ilin yanvar ayında o, cavabdehdən 4500 manat dəyərində olan QAZ 3110 markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobili dəyərini hər ay hissə-hissə ödəmək şərti ilə almışdır. İlkin ödəniş olaraq o, cavabdehə 500 manat ödəniş etmiş və qalan məbləği hər ayın 2-si 300 manat olmaqla ödəməyi öz aralarında razılaşmışlar. Bu müddət ərzində o, cavabdehə 4300 manat məbləğində pul vəsaitini ödəmiş, 200 manat isə borcu qalmışdır. Bu hal Sabirabad RPŞ-də aparılan Təhqiqat araşdırması zamanı cavabdehin öz etirafı ilə təsdiq edilir. xx.xx.2022-ci il tarixdə o, səhər saatlarında həyətyanı sahəsində əkdiyi kənd təsərrüfatı məhsullarını toplayaraq bazara satmaq məqsədilə aparan zaman yolda onu Sabirabad RPŞ-nin DYPB-nin əməkdaşları saxlatdırmış və Cavabdeh tərəfindən ərizə ilə Polis Şöbəsinə şikayət olunduğunu və avtomobilin dayanacağa yerləşdiriləcəyini bildirmişlər. Bundan sonra o, cavabdehə zəng edib nə baş verdiyi barədə soruşmaq istəmiş, lakin cavabdeh ona cavab verməmişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdehdən aldığı avtomobil hansısa salona aid olmuşdur. Avtomobil cavabdehə geri qaytarıldığı üçün 4300 manat pulu geri tələb etmək fikrinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində göstərmişdir ki, iddiaçının tələbi yalandır. Belə ki, 2022-ci ildə Asiflə özünə məxsus **-MS-*** nişanlı, QAZ-31 markalı maşını hər ay 300 manat verməklə razılaşmış, müəyyən vaxta qədər ödəniş etmişdir. O da həmin pulu aralarında razılaşdıqları kimi Asifdən alıb Əhmədin maşın servisindən götürdüyü maşına ödəyirdi. Lakin Asif 2 ay pulu ödəmədiyinə görə gecikdiyinə görə Əhməd salon maşını servis gəlib götürüb apardı. Asiflə danışıb razılaşdığı müqaviləni pozduğuna görə əlavə sevisə 700 manat, 450 manat da yenə gecikməyə görə əlavə pul ödəmişdir. Asifin günahı ucbatından ümumilikdə 1150 manat pulu məcbur özü ödəmişdir. Asifin ona verdiyi pul cəmi 2800 manat olub. Qalan hissəsi gecikməyə görə cərimə kimi ödənilib. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Məmmədzadə Abuşovun xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh təhqiqata verdiyi ifadəsində iddiaçının göstərdiyi xüsusatları təsdiq edərək iddiaçıdan avtomobilin alqı-satqısı üçün 4300 manat pul aldığını etiraf etmiş, gecikmələrə görə Asifin ona 1700 manat borcu yarandığını, Asif həmin pulu ödəmədiyi, həmçinin salon onu sıxdığı üçün maşının Asifdən alınması ilə bağlı şikayət ərizəsi yazdığını bildirmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, işin məhkəmədə araşdırılmış halları ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında QAZ 3110 markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin dəyərinin hissə hissə ödənilməklə, cəmi 4500 manat pul qarşılığında alqı-satqısına dair şifahi müqavilə bağlanmış, cavabdeh qeyd edilən avtomobili müqavilə şərtlərinə uyğun olaraq iddiaçının sahibliyinə və istifadəsinə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, tərəflər əşyanın nisyə (dəyərinin hissə-hissə ödənilməsi) ilə əlaqədar müqavilənin bağlanmış sayılması üçün tərəflər müqavilənin mühüm şərtlərinə riayət etmiş, yəni əşyanın qiymətini, ödəniş qaydasını, məbləği və müddəti aralarında razılaşdırmaqla müəyyən etmişlər. Bundan başqa, işin hallarından məlum olur ki, razılaşmadan sonra iddiaçı tərəfindən Cavabdeh hissə-hissə olmaqla 4300 manat pul ödənilmiş, sonradan cavabdeh avtomobiliin tam dəyərinin ödənilib bitməsinə cüzi məbləğ (200 manat) qalmış həmin avtomobilin saxlanılıb ona qaytarılması ilə əlaqədar polis orqanına ərizə ilə müraciət etmiş, cavabdehin müraciəti əsasında həmin avtomobil saxlanılaraq iddiaçıdan alınıb cavabdehin sahibliyinə geri qaytarılmışdır. Bundan sonra iddiaçı cavabdehə ödəni8lmiş pul vəsaitinin geri qaytarılmasının təmin edilməsi üçün polis orqanına müraciət etmiş, araşdırma zamanı mübahisənin mülki xarakter daşıması ilə əlaqədar cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, izahatı alınarkən cavabdeh iddiaçıdan 4300 manat pulu almasını etiraf etsə də, avtomobillə bağlı salona yaranmış 1700 manat pula görə öz təbirincə deyilsə salonun onu sıxması ilə bağlı polis orqanına avtomaşının saxlanması ilə əlaqədar müraciət etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 598.3-cü maddəsinə əsasən, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Qeyd edilən normanın kontekstində hazırki mübahisəyə yanaşdıqda görünür ki, cavabdeh, yəni satıcının iddiaçının, yəni alıcının ona satmış olduğu əşyanın dəyərinin vaxtında ödənilməməsi ilə əlaqədar əşyanın ödənilməsi ilə bağlı hazırki iddiaçıya qarşı hər hansı tələb irəli sürməmişdir. Əksinə, iddiaçı razılaşdıqları dəyərin böyük əksəriyyətini ödəmiş, müqavilənin tam icra edilmiş hesab edilməsi üçün qalıq qalan cüzi məbləğdə pulu ödəməyə imkan etməmiş cavabdeh ona qarşı hər hansı pul tələbi irəli sürmədən avtomobilin iddiaçıdan alınıb onun istifadəsinə qaytarılması ilə bağlı polis orqanına müraciət etmiş və avtomobili iddiaçının sahiblik və istifadəsindən geri almışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdehin avtomobili iddiaçıdan almasının əsası kimi göstərmiş olduğu salonun onu sıxması barədə mövqeyi isə avtomobilin iddiaçının sahibliyindən öz sahibliyinə geri qaytarılmasının təmin edilməsinin donu kimi onun tərəfindən ifadə edilməyə çalışılmış, hətta bu mövqeyini möhkəmlətmək üçün iddiaçının gecikmələr nəticəsində salona yaranmış 1700 manat pulun ödənilməsini təmin edəcəyi halda salonla razılaşa biləcəyini göstərmişdir. Halbuki, işin hallarından da göründüyü kimi, tərəflər arasında avtomobilin konkret dəyəri barədə (4500 manat pul) razılaşma olmuş, iddiaçı cavabdehin üçüncü şəxslər qarşısında olan öhdəliklərinin icrası ilə bağlı hazırki müqavilə üzrə üzərinə hər hansı öhdəlik götürməmiş, iddiaçı müqavilədən irəli gələn öhdəliklərinin böyük əksəriyyətinin icrasını təmin etmiş, lakin cavabdeh müqavilə öhdəliklərinə tam əməl etməyərək satmış olduğu əşyanı müqavilə şərtlərinə zidd olmaqla pozub iddiaçıdan geri almış, bununla da müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə məhkəmə yuxarıda göstərilən normalar kontekstində işin hallarını ümumiləşdirərək hesab edir ki, iddia tələbi 4300 manat pulun cavabdehdən alınması hissəsində əsaslı hesab edilməli və iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4300 (dörd min üç yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi 63 (altmış üç) manat olmaqla, ümumilikdə 4363 (dörd min üç yüz altmış üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar