Məhkəmə qərarları › İş №2(056)-3481/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-3481/2025

14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-3481/2025 14.01.2026 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Nurəddin Abuzər oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə 14 yanvar 2026-cı il tarixdə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB ASC - Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 568.30 AZN əsas, 84.42 AZN faiz, 21.88 AZN cərimə borcu olmaqla cəmi 674.60 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit xətti Müqaviləsini imzalamaqla "Ümumi Oferta" ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Müqavilənin 1.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 26% olmaqla 600 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 4 dekabr 2025-ci il tarixinə "xxxx" KB ASC-yə 568.30 AZN əsas, 84.42 AZN faiz, 21.88 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 674.60 AZN borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, hesab edir ki, iddia təmin edilməlidir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3430sSLYb/22 saylı Kredit Xətti Müqaviləsindən görünür ki, cavabdehə 35 ay müddətinə illik 26% ödəmək şərtilə 600 manat məbləğində kredit xətti açılmışdır. "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli Kredit Xətti Müqaviləsi üzrə 04 dekabr 2025-ci il tarixə 568.30 AZN əsas, 84.42 AZN faiz, 21.88 AZN cərimə borcu olmaqla, cəmi 674.60 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli bildirişin surətindən görünür ki, cavabdehə banka olan borcunu qaytarmayacaqı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmiş, iddiaçı tərəfindən cavabdehə ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3430sSLYb/22 saylı Kredit Xətti Müqaviləsindən görünür ki, cavabdehə 35 ay müddətinə illik 26% ödəmək şərtilə 600 manat məbləğində kredit xətti açılmışdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri olaraq ödəməli olduğu kredit borcunun ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmiş və nəticədə onun kreditora 568.30 AZN əsas, 84.42 AZN faiz, 21.88 AZN cərimə borcu olmaqla cəmi 674.60 borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcu ödəməmişdir və kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3430sSLYb/22 saylı Kredit Xətti Müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh tərəf bağladığı kredit müqaviləsinin şərtlərinə uyğun şəkildə "xxxx" KB ASC qarşısında götürdüyü öhdəliklərinə əməl etməli olduğu halda, öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıdan aldığı krediti vaxtında və lazımı qaydada qaytarmamış və iddiaçı ilə bağladığı Kredit Xətti Müqaviləsi üzrə nəzərdə tutulmuş öhdəliyi icra etməmişdir və bununla da xx.xx.2022-ci il tarixli, 3430sSLYb/22 saylı Kredit Xətti Müqaviləsindən xx.xx.2025-ci il tarixə yaranmış 568.30 AZN əsas, 84.42 AZN faiz, 21.88 AZN cərimə borcu olmaqla cəmi 674.60 AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub (alınıb) iddiaçı "xxxx" KB ASC-yə ödənilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün 30 AZN ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün və iddia tam təmin olunduğu halda isə məhkəmə xərclərinə aid edilən ödənilmiş 30 AZN dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosesual Məcəlləsinın 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3430sSLYb/22 saylı Kredit Xətti Müqaviləsindən yaranmış 568.30 AZN əsas borc, 84.42 AZN faiz borcu, 21.88 AZN cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 AZN olmaqla, ümumilikdə 704.60 (yeddi yüz dörd manat altmış qəpik) AZN məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet və Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar