Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-375/2023 13.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh qarşı «Pul tələbinə dair» barədə kiçik iddiaya dair işə xx.xx.2023-ci il tarixdə Sabirabad şəhərində sadələşdirilmiş qaydada baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 818,42 manat əsas kredit borcunun, 113,67 manat faiz borcunun, 120,63 manat cərimənin, cəmi 1052,72 manat kredit borcunun, həmçinin 30,53 manat məbləğində ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SVNPU-03629 saylı kredit müqaviləsinə əsasən borcalana illik 16% dərəcəsi olmaqla 24 ay müddətinə 4000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan krediti vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, borcalan öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmış və nəticədə onun kreditora 818,42 manat əsas kredit borcu, 113,67 manat faiz borcu, 120,63 manat cərimə, cəmi 1052,72 manat borcu yaranmışdır. Buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı təşkilat iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan: xx.xx.2021-ci il tarixli SVNPU-03629 saylı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki İddiaçı ASC ilə Cavabdeh arasında 24 ay müddətinə illik 16% olmaqla 4000 manat məbləğində kreditin verilməsi barədə kredit müqaviləsi bağlanmışdır. İddiaçı ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 818,42 manat əsas kredit borcu, 113,67 manat faiz borcu, 120,63 manat cərimə, cəmi 1052,72 manat borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehə banka olan borclarını qaytarmayacağı təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən 30,53 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh İddiaçı ASC qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdeh bağladıqları müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından aydın olur ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı əsas kredit borcu və faiz borcu ilə bərabər 120,63 manat məbləğində dəbbə pulunun tutulmasını da xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Göründüyü kimi tənasübsüz surətdə yüksək dəbbə pulunu məhkəmə tərəfindən azaldıla bilinməsi müqavilə üzrə müəyyən edilmiş dəbbə pulunun miqdarına və qanunla müəyyən edilmiş dəbbə pulunun miqdarının tərəflərin razılaşması ilə artırıldığı hallara aiddir. Belə ki, bu hallarda dəbbə pulunun miqdarı öhdəliyin əhəmiyyəti və onun pozulduğu hallarda dəyə biləcək mümkün zərərin miqdarını nəzərə almaqla tərəflərin razılaşmaları əsasında müəyyən edilir. Belə razılaşma zamanı mümkün pozuntuya mütənasib olmayan dəbbə pulunun müəyyən edilməsi istisna olunmur. Buna görə də mülki qanunvericilik tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunun məhkəmə tərəfindən azaldıla bilməsi nəzərdə tutmuşdur. Məhkəmə işin hallarını və eyni zamanda kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən həmin məbləğin tənasübsüz surətdə yüksək olması qənaətinə gəlir və cəriməni 12 manat həddinədək azaltmağı ədalətli hesab edir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən tələb edilən dövlət rüsumu ödənilmiş tələbin məbləğinə müvafiq olaraq cavabdehlərdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 818,42 manat əsas kredit borcu, 113,67 manat faiz borcu, 12 manat cərimə, cəmi 714,20 manat məbləğində kredit borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,39 manat tutularaq İddiaçı ASC-nə verilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 818,42 manat əsas kredit borcu, 113,67 manat faiz borcu, 12 manat cərimə borcu olmaqla, cəmi 944,09 (doqquz yüz qırx dörd manat doqquz qəpik) AZN məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nə verilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 27,39 manat cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamənin ləğvi üçün ərizə verilməsi müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-375/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-375/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver