Məhkəmə qərarları › İş №2(056)-379/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-379/2023

06.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-379/2023 06.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il tarixli, SRK5887057 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 235 manat məbləğində əsas borcun, 200 manat faiz borcu, xx.xx.2021-ci il tarixli, SRK6000565 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 617 manat əsas borc və 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 992 manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iş üzrə cavabdeh X1 ilə İddiaçı MMC arasında müddəti 15 ay olmaqla xx.xx.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 1429 manat olan məişət avadanlığı əldə etmişdir. Cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 235 manat borcu yaranmışdır. Qeyd olunan kredit müqaviləsinə əsasən borclu müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq hər gün 1% məbləğində faiz borcu ödəməlidir. Belə ki, cavabdehin iddiaçıya əsas borcdan əlavə olaraq 846 manat faiz borcu yaranmışdır (235 x 360 x 1% = 846 manat). İddiaçı faiz borcunu cavabdehdən cəmi 200 manat məbləğində tələb edir. Bundan əlavə, Cavabdeh ilə İddiaçı MMC arasında müddəti 24 ay olmaqla xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan dəyəri 800 manat olan məişət avadanlığı əldə etmiş və cavabdehin müqavilə üzrə qismən ödənişlər etdikdən sonra iddiaçıya 617 manat borcu qalmışdır. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020ci il tarixli SRK5887057 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alınmış məişət avadanlığın dəyərinin hissə-hissə ödənilməsinə dair xx.xx.2020ci il tarixli SRK5887057 saylı Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 15 ay müddətinə, aylıq 95 manat, qabaqcadan ilkin nağd 4 manat ödənilməsi şərtilə 1429 manat məbləği dəyərində məişət avadanlığı əldə etməklə, qalıq borcunu İddiaçı MMC ödəməyi üzərinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında nisyə alınmış məişət avadanlığın dəyərinin hissə-hissə ödənilməsinə dair xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 24 ay müddətinə, aylıq 33 manat, qabaqcadan ilkin nağd 8 manat ödənilməsi şərtilə 800 manat məbləği dəyərində məişət avadanlığı əldə etməklə, qalıq borcunu İddiaçı MMC ödəməyi üzərinə götürmüşdür. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRK5887057 saylı Borc Müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 235 AZN, xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsi üzrə ödənilməmiş əsas qalıq borcu 617 AZN təşkil edir. Sözügedən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRK5887057 saylı və xx.xx.2021-ci il tarixli SRK6000565 saylı kredit Müqaviləsinin mahiyyəti və onların əsasında cavabdehin daşımalı olduğu məsuliyyətin həcmi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə isə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göstərilənlərə əsasən məhkəmə, tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRK5887057 saylı və xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsinin ödənişin hissə-hissə həyata keçirilməsi şərti ilə bağlandığı müqavilə (kreditlə alqı-satqı) olaraq təfsir edir və cavabdehin həmin müqavilələr əsasında yaranmış öhdəliyini bu konteksdə müəyyənləşdirir. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli SRK5887057 saylı və və xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə işin araşdırılmış hallarına və sadalanan maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, Cavabdeh Borc Müqaviləsi əsasında iddiaçı təşkilat İddiaçı MMC-dən aldığı məişət avadanlığın dəyərini hissə-hissə ödəmək öhdəliyinin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini tam icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini tam yerinə yetirməmişdir, nəticədə cavabdehin xx.xx.2020-ci il tarixli SRK5887057 saylı müqavilə üzrə ödənilməmiş 235 AZN qalıq borcu və xx.xx.2021-ci il tarixli SRK6000565 saylı müqavilə üzrə 617 AZN borcu yaranmışdır. Ona görə də, iddiaçı təşkilat İddiaçı MMC-nin Cavabdeh öhdəliyinin icra edilməsini və yaranmış borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. İddiaçı xx.xx.2020-ci il tarixli SRK5887057 saylı müqavilə üzrə əsas borcla birlikdə 200 manat məbləğində faiz borcunun da cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixli SRK5887057 saylı müqavilə üzrə 235 AZN əsas borcu vardır. Bundan əlavə müqavilə şərtinə əsasən borcalan müqavilə müddəti bitdikdən sonra qaytarılmayan məbləğ üçün əlavə olaraq 1% faiz ödəməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2020-ci il tarixli SRK5887057 saylı müqavilə üzrə 200 manat faiz borcunun cavabdehdən tutulub iddiaçıya verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu əvəzi olan 30 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, aşağıdakılara əsasən iddia tələbləri həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan kassa mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia təmin olunduğundan, məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun 30 manat əvəzi cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPMnin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrinə əsaslanaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli SRK5887057 saylı Borc Müqaviləsindən xx.xx.2022-ci il tarixə yaranmış və ödənilməmiş 235 (iki yüz otuz beş) AZN əsas borc, 200 manat faiz borcu, həmçinin xx.xx.2021-ci il tarixli SRK6000565 saylı Borc Müqaviləsindən xx.xx.2022-ci il tarixə yaranmış və ödənilməmiş 617 (altı yüz on yeddi) AZN əsas borc və iddianın qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat, ümumilikdə isə 1082 (bir min səksən iki) AZN məbləğində pul vəsaiti Cavabdeh tutulub İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar