Məhkəmə qərarları › İş №2(056)-40/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-40/2024

11.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-40/2024 11.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yol hərəkəti qaydalarının pozulması nəticəsində əmlakına dəymiş ziyanın ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yol hərəkəti qaydalarının pozulması nəticəsində əmlakına dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomaşının təmiri üçün 2100 manatın, 27 gün ərzində (əldən çıxmış fayda, gəlir) işləmədiyi hər gün üçün 50 manatın (27x50=1850), dövlət rüsumu 50 manatın, toplam 400 manatın tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən cəmi 1300 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü ildə bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində qanunla qadağan olunmayan yerdə istifadəsində olan “Toyota Prius” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomaşınından park edib çıxan zaman cavabdeh idarə etdiyi “Opel Astra” markalı, **-EM-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Yol hərəkəti qaydalarını pozaraq onun avtomaşınının sol tərəfini əzmişdir. Özü bədən xəsarəti almamışdır. Hadisə yerinə gələn DİN-nin DYP əməkdaşları cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 346.1ci maddəsi ilə İXP ******* nömrəli protokol tərtib olunmuşdur. Araşdırma aparılarkən müəyyən olunmuşdur ki, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi sığorta olunmayıb. Hadisə yerində cavabdehdə ünsiyyət quraraq avtomaşının təmiri üçün ona maddi dəstək göstərməsini xahiş etsə də, cavabdeh ona bildirmişdir ki, pulu yoxdur, nə istəyir etsin. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə ünvanladığı ərizədə işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin tələblərinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirmişdir ki, həqiqətən də qeyd edilən yol-nəqliyyat hadisəsi baş vermişdir. Lakin tələb edilən ziyan məbləği çoxdur. O, yalnız ekspert rəyi ilə müəyyən edilmiş detal pulunu ödəməyə razıdır. Usta əl haqqı isə çox hesablanmışdır. Əgər şərait yaradılarsa o, tələb edilən pulu hissə-hissə ödəyə bilər. Həmin pulu birdəfəyə ödəməyə imkanı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan və xx.xx.2023-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 İXM-nın 346.1-ci maddəsi ilə təqsirli bilinərək 20 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, İddiaçı məxsus “Toyota Prius” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomaşına işçilərin zəhmət haqqı 1400 manat, ehtiyyat hissələri 700 manat olmaqla, cəmi 2100 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarına həmçinin İddiaçı məxsus “Toyota Prius” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomaşının hadisədən sonrakı fotoşəkilləri əlavə edilmiş, məhkəmə həmin sübutları tədqiq etmişdir. Əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/7657 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, 17 nömrəli nöqsan aktı məlumatlara əsasən “Toyota Prius” markalı, **-CH-*** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci dəyişidirilməli hissələrin qiyməti 700 manat, təmir-bərpa işlərinin qiyməti 600 manat olmaqla, cəmi 1300 manat müəyyən edilir. Ekspert rəyinə əlavə edilmiş bildirişdən görünür ki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin dayanma-durma qaydalarına əməl etməməsi təqsirli hərəkəti göstərilən yol-nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, inzibati xəta haqqında protokol və qərarla, həmçinin cavabdehin vermiş olduğu izahatla öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, Cavabdeh 1300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yekun olaraq məhkəmə həyata keçirilmiş ekspertiza tədqiqatının dəyərinin tərəflərin hansından və hansı miqdarda tutulmalı olmasına münasibətdə qeyd edir ki, iddianın tam təmin edilməsi nəzərə alınaraq ekspertiza tədqiqatının dəyəri də tam olaraq cavabdehdən tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 1300 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış xx.xx.2022-ci il tarixli 9/8055№-li məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat pul vəsaiti Cavabdeh tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********; AZ34CTRE********************, X1, KOD 210005; VÖEN **********; müxbir hesab Az41NABZ013601**********03944, S.W.İ.F.T. BİK: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar