Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-404/2025 24.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2ASC-yə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçılar İddiaçı1 MMC, İddiaçı2 cavabdehlər Cavabdeh2 ASCyə və X3 Xidmət Mərkəzinin Notariat Ofisinə qarşı “icra qeydinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X3 Xidmət Mərkəzinin Notariat Ofisində tərtib olunmuş xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı və 8İ-7687 saylı icra qeydlərinin ləğv edilməsini, vəkilə ödənilən 120 manat hüquqi xidmət haqqı və 100 manat dövlət rüsumu, cəmi 220 manat pulun Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı1 MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1, Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətindən xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Maliyyələşdirmə Ərizəsi və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə ərizəsi üzrə borc pul almışdır. Hər iki ərizə üzrə iddiaçının öhdəliyinə digər İddiaçı2 zamin olmuşdur. Lakin İddiaçı1 həmin Maliyyələşdirmə Ərizələri üzrə aldığı pulun əksəriyyətini qaytarmışdır. Onun qalan borcu xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı ərizə üzrə isə 20000 manat və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı ərizə üzrə isə 15000 manat, cəmi 35000 manatdır. Buna baxmayaraq Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, X3 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7687 saylı İcra qeydini tərtib etdirmiş və iddiaçılardan 37935 manat 56 qəpik əsas borc, 542 manat 90 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 38503 manat 46 qəpik pulun ödənilməsini tələb edir. Yenə Cavabdeh2 Açıq Səhmdar Cəmiyyəti, X3 Xidmət Mərkəzinin Notariat Ofisində (Xüsusi X1 imzası ilə) xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı Ərizə üzrə xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı İcra qeydini tərtib etdirmiş və iddiaçılardan 27314 manat 60 qəpik əsas borc, 363 manat 89 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 27 703 manat 49 qəpik pulun ödənilməsi tələb edir. Hər iki İcra qeydindən iddiaçıların Sabirabad rayon icra şöbəsində 2024-ci ilin aprel ayında məlumat olmuşdur. Həmin icra qeydləri qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığı üçün ləğv olunmalıdır. Məhz “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə görə, “Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə və tələb etmək hüququnun yarandığı gündən üç ildən çox keçməmişsə, idarə, müəssisə və təşkilatlar arasındakı münasibətlərdə isə bir ildən çox keçməmişsə aparılır. Hesab edirlər ki, İcra qeydləri veriləndə bu qaydalar pozulmuşdur. Belə ki, həmin normadan məlum olur ki, icra qeydi tərəflər arasındakı "xxxx" hallarda verilir. Məlum olduğu kimi, iddiaçı Kanal MMCnin, cavabdeh Banka DC00055093-03 saylı Ərizə üzrə qalan borcu isə 20 000 manat olduğu halda, tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8İ7687 saylı İcra qeydinə görə, ondan və zamindən 37935 manat 56 qəpik əsas borc, 542 manat 90 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 38503 manat 46 qəpik pulun ödənilməsi tələb olunur. Yenə iddiaçı Kanal MMCnin, cavabdeh Banka DC00055093-04 saylı Ərizə üzrə qalan borcu 15000 manat olduğu halda, tərtib edilmiş xx.xx.2023-cü il tarixli 8İ-7686 saylı İcra qeydi ilə ondan və zamindən 27314 manat 60 qəpik əsas borc, 363 manat 89 qəpik cərimə peniya, 25 manat dövlət rüsumu olmaqla, cəmi 27703 manat 49 qəpik pulun ödənilməsi tələb edilir. Göründüyü kimi, cavabdeh Bankın tərtib etdiyi hər iki İcra qeydində qalan əsas borcun məbləği mübahisəli olduğu kimi, burada həm də məhkəmə qətnaməsi ilə müəyyən oluna bilən cərimələr (peniyalar) da İcra Qeydlərinə yazılaraq iddiaçılardan tələb olunur. Bundan başqa zamin olan şəxslərə qarşı icra qeydinin tərtib olunması da qanunvericilik icazə vermir. Bütün bunlar İcra qeydlərinin qanunvericiliyin tələblərinə zidd olduğunu təsdiq edir. Bundan başqa Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə AR NK-nin xx.xx.2000-ci il tarixli 167 saylı Qərarının 161-ci bəndinin 3-cü hissəsində deyilir ki, “Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir”. Belə bir bildiriş iddiaçılara bu günə qədər göndərilməmişdir. İddiaçılar bu İcra Qeydlərindən təkcə Sabirabad rayon icra şöbəsindən 2024-cü ilin aprel ayında xəbər tutmuşdur. TƏRƏFİN İZAHATİ: İddiaçılar İddiaçı1 MMC-nin və İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin vəkili Vəkil2 məhkəməyə elektron ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdeh X3 Xidmət Mərkəzinin Notariat Ofisi və üçüncü şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndənin iştirakını təmin etməmiş və işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə istinad edərək, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı maliyyələşdirmə üçün ərizəyə görə İddiaçı1 MMC-yə 52049 manat məbləğində kredit illik 17% dərəcəsi ilə, xx.xx.2023-cü il tarixinədək müddət ilə verilmişdir. xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizəyə görə İddiaçı1 MMC-yə 35731 manat məbləğində kredit illik 17% dərəcəsi ilə, xx.xx.2024-cü il tarixinədək müddət ilə verilmişdir. Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2021ci il tarixli, DG**********768 nömrəli zaminlik müqaviləsinə görə İddiaçı2 DC00055093-03 saylı kredit müqaviləsi əsasında İddiaçı1 MMC-yə veriləcək illik 17% olmaqla 52049 manat məbləğində və 24 ay müddətə birdəfəlik kreditlə əlaqədar olaraq İddiaçı1 MMC-nin bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı1 MMC ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı üzərinə götürmüşdür. Cavabdeh2 ASC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2022ci il tarixli, DG**********025 nömrəli zaminlik müqaviləsinə görə İddiaçı2 DC00055093-04 saylı kredit müqaviləsi əsasında İddiaçı1 MMC-yə veriləcək illik 17% olmaqla 35731 manat məbləğində və 24 ay müddətə birdəfəlik kreditlə əlaqədar olaraq İddiaçı1 MMC-nin bank qarşısında öhdəlikləri tam yerinə yetirilənədək İddiaçı1 MMC ilə birlikdə bank qarşısında məsuliyyət daşımağı üzərinə götürmüşdür. Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş maliyyə arayışına görə İddiaçı1 MMC-nin xx.xx.2023-cü il tarixə Cavabdeh2 ASC qarşısında öhdəlikləri DC00055093-03 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 34,557.56 (otuz dörd min beş yüz əlli yeddi manat əlli altı qəpik) manat əsas borc, 3,378 (üç min üç yüz yetmiş səkkiz) manat faiz borcu, 542.90 (beş yüz qırx iki manat doxsan qəpik) manat cərimə borcu olmaqla, cəmi 38,478.46 (otuz səkkiz min dörd yüz yetmiş səkkiz manat qırx altı qəpik) manat, DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 25,819.18 (iyirmi beş min səkkiz yüz on doqquz manat on səkkiz qəpik) manat əsas borc, 1,495.42 (bir min dörd yüz doxsan beş manat qırx iki qəpik) manat faiz borcu, 363.89 (üç yüz altmış üç manat səksən doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 27,678.49 (iyirmi yeddi min altı yüz yetmiş səkkiz manat qırx doqquz qəpik) manat təşkil edir. xx.xx.2023-cü il tarixli 8i-7687 reyestr nömrəli İcra Qeydi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı1 MMC və İddiaçı2 DC00055093-03 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 37935,56 manat pulun və 542,90 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla, cəmi 38503,46 manat pul tutulmuşdur. xx.xx.2023-cü il tarixli 8i-7686 reyestr nömrəli İcra Qeydi ilə Cavabdeh2 ASC-nin xeyrinə İddiaçı1 MMC və İddiaçı2 DC00055093-04 saylı müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 27314,60 manat pul və 363,89 manat məbləğində cərimə, tələbkar tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu olmaqla cəmi 27703,49 manat pul tutulmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarlarından görünür ki, xx.xx.2023-cü il tarixli, 8İ-7686 reyestrli və 8İ-7687 reyestrli icra sənədləri üzrə icraata başlanılmışdır. Cavabdeh2 ASC tərəfindən borclu iddiaçılara xx.xx.2023-cü il tarixdə xəbərdarlıq ünvanlanaraq borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə notarius tərəfindən icra qeydinin aparılacağı barədə xəbərdarlıq edilmişdir. "xxxx" MMC tərəfindən Cavabdeh2 ASC-nin nümayəndəsi və vəkili Vəkil2 Oqtay oğluna ünvanlanmış xx.xx.2023-cü il tarixli, 218\219-23 saylı məktubdan görünür ki, icra qeydinin aparılacağı ilə bağlı tələbkar tərəfindən borcalana bildiriş Sabirabad şəhəri, Ə.Kərim küçəsi ev 11 ünvanında yerləşən İddiaçı1 MMC-yə və həmin ünvanda qeydiyyatda olan İddiaçı2 Cavabdeh2 ASC tərəfindən göndərilmiş və kuryer tərəfindən qeyd olunan ünvanda olarkən şirkətin həmin ünvanda yerləşmədiyi müəyyən edilmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İş materiallarına əlavə edilmiş sübutlar ilə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixli DC00055093-03 saylı və xx.xx.2022-ci il tarixli DC00055093-04 saylı maliyyələşdirmə üçün ərizələr ilə İddiaçı1 MMC-yə kreditlər verilmiş, bu kreditlərin təminatı qismində Cavabdeh2 ASC ilə İddiaçı2 arasında müvafiq olaraq xx.xx.2021-ci il tarixli, DG**********768 nömrəli və xx.xx.2022-ci il tarixli, DG**********025 nömrəli zaminlik müqavilələri bağlanılmış, İddiaçı1 MMCnin Cavabdeh2 ASC qarşısında icra edilməyən pul öhdəlikləri qalmış, bununla bağlı olaraq isə xx.xx.2023-cü il tarixli 8i-7687 reyestr nömrəli və xx.xx.2023-cü il tarixli 8i-7686 reyestr nömrəli İcra Qeydləri tərtib edilmiş, onlar əsasında Maraqlı şəxs xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında Qərarları ilə icra üzrə icraata başlanılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında“ Təlimatın 161-ci maddəsinə görə borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir Təlimatın 161-ci maddəsinə görə tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İddiaçılar iddia ərizəsində icra qeydlərindən yalnız icra sənədləri üzrə icraata başlandıqdan sonra xəbər tutduqlarını, tələb edilən borcun mübahisəli olduğunu göstərmişlər. Məhkəmə iddiaçıların qeyd etdikləri hallara münasibətdə bildirir ki, icra qeydlərinin aparılmasından əvvəl tələbkar tərəfindən borclulara bildirişlər ünvanlanması ilə bağlı Qanunda və Təlimatda göstərilən tələbə riayət olunduğu işin halları ilə öz təsdiqini tapır. Belə ki, tələbkar tərəfindən həm İddiaçı1 MMC-nin və İddiaçı2 qeydiyyat ünvanlarına müvafiq bildirişlər göndərilmiş, lakin kuryer tərəfindən qeyd olunan ünvanda olarkən şirkətin və şəxsin həmin ünvanda yerləşmədiyi müəyyən edildiyi üçün bildirişlərin onlara çatdırılması mümkün olmamış, bununla da bank öz üzərinə düşən öhdəliyi icra etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, borcun mövcudluğu işin mübahisəsiz halı olmaqla birlikdə, icra qeydlərinin tərtib olunması üçün qanunvericilikdə göstərilən zəruri əsaslar mövcud olmuş və bu zaman heç bir pozuntuya yol verilməmiş, beləliklə də icra qeydlərinin ləğvi üçün əsas müəyyən edilməmişdir. İddiaçılar tələb edilən borcların reallığı əks etdirmədiyini, hazırkı iş üzrə borcun müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməli olduğunu iddia etsələr də, iddiaçılar tərəfindən məhkəməyə Cavabdeh2 ASC tərəfindən təqdim edilmiş hesabdan çıxarışlarda öz əksini tapmayan ödənişlərin də olması, habelə borcun icra qeydlərində göstərilən məbləğlərdən aşağı olması barədə sübutlar məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. İşin hallarını və sadalanan qanunvericilik normalarının tələblərini ünmumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi icra qeydlərinin ləğv edilməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumu və hüquqi xidmət haqqının cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və əsas iddia tələbi təmin edilmədiyi üçün iddia tələbi göstərilən hissədə də təmin edilməməlidir. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-404/2025
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-404/2025
24.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver