Məhkəmə qərarları › İş №2(056)-410/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-410/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-410/2023 16.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi ilə, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin - Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» barədə mülki işə Sabirabad şəhərində xx.xx.2023-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC - Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən dəymiş ziyana görə 4189,72 manat və ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin Sabirabad filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh traktorçu vəzifəsində əmək funksiyasının icrasına başlamışdır. Eyni zamanda tərəflər arasında mövcud olmuş tam maddi məsuliyyət haqqında müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona iddiaçı tərəfindən etibar edilmiş daşınar və daşınmaz əşyaların, həmçinin digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi, idarə edilməsi və başqa əməliyyatların aparılması zamanı onların bütovlüyünə, qorunub saxlanılmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyətin daşınmasını öhdəsinə götürmüşdür. Cavabdehin əmək funksiyasının icrası zamanı iddiaçı tərəfindən ona təhkim edilmiş traktora cəmi 114801 litr dizel yanacağı ayrılmışdır. Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə ümumi yanacaq miqdarından 93432,47 litr yanacağı iş aktları əsasında məxaric etmişdir. Son nəticədə cavabdehin iddiaçıya 4189,72 manat dəyərində, 6289,31 litr yanacaq borcu qalmışdır, hazırki günədək həmin borcundan 3148,27 manat ödəmişdir. xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilmişdir.Cavabdehin ödənilməmiş 1041,45 borcu yaranmışdır. Odur ki, iddianın təmin olunması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. iş materiallarına əlavə edilmiş İddiaçı MMC-nin Sabirabad filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən cavabdeh traktorçu vəzifəsində əmək funksiyasının icrasına başlamışdır. iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişi”nə əsasən tərəflər arasında mövcud olmuş əmək münasibətlərinə xitam verilmişdir. iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli 380 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 114801 litr dizel yanacağı ayrılmışdır. Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə ümumi yanacaq miqdarından 93432,47 litr yanacağı iş aktları əsasında məxaric etmişdir. Son nəticədə cavabdehin iddiaçıya 4189,72 manat dəyərində, 6289,31 litr yanacaq borcu qalmışdır. Həmin borcdan cavabdehin əmək haqqısından müxtəlif vaxtlarda 2798,27 manat tutulmuş, əlavə olaraq 2022-ci ilin iyun-avqust aylarında 350 manat nəğd vəsaiti filiala geri qaytarmış və onun ödənilməmiş 1041,45 manat borc öhdəliyi mövcuddur. Belə ki, Sabirabad rayon Əhmədabad kənd sakini Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixinə kimi “MKT-Sabirabad” filialında traktorçu vəzifəsində işləmişdir. İşlədiyi müddətdə əmək funksiyasının icrası ilə bağlı ona təhkim olunmuş texnikaya 114801 litr miqdarında dizel yanacağı verilmişdir. Bu yanacaqdan Cavabdeh mülkiyyətçilərin sahələrində işləməklə 93432,47 litr miqdarında iş aktları əsasında məxaric etmiş və nəticədə onun hesabında 6289,31 litr dizel yanacağı əskik qalmışdır. Bu əskikliyə görə 4189,72 manat dəyərində adında borc öhdəliyi yaranmışdır. Həmin borcdan cavabdehin əmək haqqısından müxtəlif vaxtlarda 2798,27 manat tutulmuş, əlavə olaraq 2022-ci ilin iyun-avqust aylarında cavabdeh tərəfindən 350 manat nəğd vəsaiti filiala geri qaytarmış və onun ödənilməmiş 1041,45 manat borc öhdəliyi qalmışdır. Bu hal iş materiallarında sənədlərlə də, öz təsdiqini tapmışdır. İddiaçı iddiasını müdafiə edir və təmin olunmasının xahiş edir, cavabdeh isə məhkəmə iclasına gəlməmiş və iddia tələbinə dair öz etiraz və mülahizələrini bildirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxslə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərər vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunun bu normasının tətbiqi üçün 3 zəruri şərt mövcud olmalıdır. Birincisi mülki hüquq pozuntusu olmalıdır, ikincisi şəxsiyyətə və ya əmlaka zərər vurulmalıdır, üçüncüsü mülki hüquq pozuntusu arasında səbəbli əlaqə mövcud olmalıdır. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, cavabdeh törətdiyi mülki hüquq pozuntusuna (deliktə) görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin həcmi və məbləğinin müəyyən edilməsinə dair məhkəmə qeyd edir ki, bu məsələ iş üzrə tərtib edilmiş maliyyə arayışında qeyd edilmiş məbləğə uyğun həll edilməli və göstərilən ziyan cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən mediasiya prosesində iştirak edilməsi üçün 50 manat rüsum ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xidməti haqqı cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək Cavabdeh 1041,45 manat dəymiş zərərin əvəzi və ödənilmiş 50 manat mediasiya xidməti haqqının əvəzi, cəmi 1091,45 məbləğində pul alınıb İddiaçı MMC-yə verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220,227, 233, 357 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1041,45 manat dəymiş zərərin əvəzi və ödənilmiş 50 manat mediasiya xidməti haqqının əvəzi, cəmi 1091,45 (bir min doxsan bir manat qırx beş qəpik) AZN alınaraq İddiaçı MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar