Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-424/2023 06.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Allahverdiyevin sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçının iştirakı ilə, İddiaçı cavabdeh X4 qarşı «borcun geri alınması» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X4 qarşı «borcun geri alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3500 manat əsas borc pulun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 55 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh X7 onunla birgə Şirvan regional Mühafizə İdarəsində işləmişdir. Cavabdeh xx.xx.2020-ci ildə ona yaxınlaşaraq atasının xəstə olmasını, buna görə ona pul lazım olduğunu bildirmişdir. Cavabdeh ondan “Beynəlxalq Bank”dan öz adına pul götürüb ona verməsini xahiş etmiş, hər ay özünün aylıq ödəniş edəcəyini ona bildirmişdir. O, cavabdehlə razılaşmış və banka gedərək 4500 manat məbləğində pulu kreditə götürərək cavabdehə vermişdir. Bundan sonra cavabdeh iki ay aylıq ödəniş etmiş və ödənişləri dayandırmışdır. Bundan sonra o, cavabdehdən pulu geri tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. O, məcbur qalaraq hər ay kredit borcunu özü ödəmiş və cavabdeh tərəfindən ona 3500 manat ziyan vurulmuşdur. Cavabdeh uzun müddətdir ki, üzərində olan borcunu ödəməkdən yayınır. O, bu barədə Şirvan RPŞ-yə müraciət etmiş və polis Şöbəsindən ona məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş cavabdeh İddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı X5 xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, X1 Hüseyn Elçin oğlunun 4500 manat pul vəsaitini kredit şəklində Bankdan götürdüyünü, həmin puldan köhnə borcuna görə 1000 manat pulun çıxıldığını, qalan 3500 manat pulun İddiaçı tərəfindən ona verildiyini, İddiaçı adına sənədləşən krediti ödədiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş səs yazılarını özündə əks etdirən flashkartdan görünür ki, İddiaçı ilə Orucəli Hüseynov arasında telefon danışığı həyata keçirilmiş, danışı zamanı X10 Məmmədova borcunu verməkdən yayınmaq fikri olmadığını, borcunu ödəməyə hazırda pulu olmadığını, borcunu ödəyəcəyini, lakin onu bir qədər gözləməsini bildirmişdir. Həmçinin danışıq zamanı X10 Məmmədova onun səsini yazmasını bildiyini bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh X3 ondan aldığı pul vəsaiti ilə əlaqədar polis orqanına şikayət etmiş, istintaq araşdırması zamanı cavabdehin iddiaçıdan pul vəsaiti alması cavabdehin izahatı ilə də müəyyən edilmiş, bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarında öz əksini tapmışdır və həmin qərar qüvvəyə minmişdir. Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edilən porsessual normanın tələbləri baxımından cavabdeh tərəfindən iddiaçıdan pul alınması və cavabdehin pulun alınmasına aidiyyəti hissəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarının məcburiliyini qəbul edir və məhkəmə araşdırmasını bu istiqamətdə davam etdirərək müəyyən edir ki, həmin qərarda əksini tapmış izahatların məzmunundan aydın olur ki, tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normanın kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında borc müqaviləsi bağlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış və rədd materialında olan izahatların qarşılıqlı təhlili nəticəsində isə məlum olur ki, cavabdeh iddiaçı qarşısında borc müqaviləsindən irəli gələn öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışdır. Odur ki, iddiaçı hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə təqdim edilmiş səs yazılarına münasibətdə həmçinin hesab edir ki, həmin danışıq yazıları sübut növü kimi nəzərə alınmalı və qiymətləndirilməlidir. Belə ki, həmin danışıqlar qanunvericiliyin tələblərinə zidd formada əldə edilməmiş, danışıqlar həyata keçirilərkən cavabdeh tərəf həmin danışıqların iddiaçı tərəfindən qeydə alındığını dərk etmiş, qəbul etmiş, bunu dilə gətirməklə danışıqları davam etdirmişdir. Məhkəmə həmçinin tərəflər arasında olan danışıqların məzmununu sübut kimi nəzərə alıb qiymətləndirərkən “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında əks olunan mövqeni nəzərə alır. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Tələb edilən pul məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, cavabdeh polis orqanında araşdırma aparılarkən iddiaçıdan 3500 manat pul almasını etiraf etdikdən sonra həmin pulu kredit şəklində götürülmüş olan Banka ödədiyini bildirsə də, bu barədə hər hansı sübutu həmin zaman nə polis orqanına, nə də hazırki mübahisəyə baxılması ilə əlaqədar məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən cavabdeh iddiaçı ilə aralarında aparılmış telefon danışıqları zamanı istintaq orqanına vermiş olduğu ifadənin ziddinə olaraq iddiaçıya borcu qalmasını etiraf etmiş, borcuni ödəyə bilməsi üçün iddiaçıdan onu bir qədər gözləməsini xahiş etmişdir. Bu halın özü də cavabdehin iddiaçıya borclu qalmasının göstəricisi kimi nəzərə alınmalı, tələb edilən borc məbləğində münasibətdə cavabdehin istintaq orqanında iddiaçıdan 3500 manat pul alması barədə izahatı göz önündə saxlanmalı, cavabdeh tərəfindən həmin məbləğin hər hansı hissəsinin və ya pulun hamısının Banka ödənilməsi barədə sübut təqdim edilmədiyindən iddia tələbi borc verilmiş pulun tutulması hissəsində tam təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilməli, tələb edilən 3500 manat pul məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 3500 manat borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3555 (üç min beş yüz əlli beş) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-424/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-424/2023
06.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver