Məhkəmə qərarları › İş №2(056)-429/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-429/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-429/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehnndan 3200 manat məbləğində pulun və 52 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh arvadının qohumu olaraq tanıyır. 2023-cü ilin mart ayında cavabdeh ondan 3200 manat borc pul istəmiş, o, arvadının qohumu olduğu üçün 3200 manat pulu şəxsən cavabdehə vermişdir. Cavabdeh bu günə kimi borcunu qaytarmamışdır. O, borcun qaytarılması ilə bağlı cavabdehlə Whatsapp vasitəsi ilə danışmış, cavabdeh cavabında borcunu etiraf edərək verəcəyini bildirmişdir. Bundan başqa o, Şirvan şəhər polis şöbəsinə müraciət etmiş, lakin hal-hazıra kimi borcu qaytarılmamışdır. Cavabdeh müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmaqdan yayınır. Ona görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilənləri təkrar edərək və əlavə olaraq işə məhkəmədə baxıldığı zaman cavabdeh tərəfindən ona 200 manat ödəniş edildiyini bildirərək, məhkəmədən tələbinin 3000 manat hissəsində təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, həqiqətən də o, Etibardan 3200 manat pulu faizlə almış, 3 ay 50 manatdan iddiaçıya ödəniş etmişdir. Məhkəməyə gəlməmişdən də 50 manat olmaqla, bu günə kimi iddiaçıya 200 manat pul qaytarmışdır. Bundan əlavə o, borcun əvəzi qismində iddiaçıya 960 manat dəyərində kompyuteri vermişdir. Lakin həmin kompyuteri borcun əvəzi olaraq iddiaçıya verməsi barədə hər hansı sübutu yoxdur. Qalan pulu hazırda birdəfəyə ödəmək imkanı yoxdur. O, maddi vəziyyəti ağır olduğu üçün və qızı ilə razılaşdığı qaydaya uyğun olaraq iddiaçıya hər ay 50 manat ödəniş edəcəkdir. Məhkəmədən qətnamə qəbul edilərkən göstərdiyi xüsusatların da nəzərə alınmasını xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh Şirvan Şəhər Polis şöbəsinə ünvanladığı izahatın məzmunundan görünür ki, Etibar onun işlədiyi mağazaya gəlib ona birgə şərikli işləməyi təklif etmiş, o, razılaşmış, Etibar ona 3200 manat pul vermiş, o, həmin pula Bakıdan mal gətirib satmağa başlamışdır. Bir neçə gün sonra Etibar ona həmin pulu faizlə götürdüyünü, faizi ödəmək lazım olduğunu bildirmiş, o, 3 ay hər ay 320 manatdan cəmi 960 manat faiz pulu ödəmişdir. Hazırda o, Etibara 3200 borcdan 960 manatı çıxmasını bildirir, Etibar isə həmin pulun faiz pulu olduğunu bidirir. Məhkəməyə həmçinin Whatsapp yazışmalarından çıxarış təqdim edilmiş, həmin yazışma Etibarın qızı ilə Cavabdeh arasında baş vermiş, məhkəmə həmin yazışmaları da tədqiq etmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh İddiaçı 3200 manat borc almış, həmin məbləğindən 200 manat hissəsini məhkəməyə müraciət etdikdən sonra ödəmiş, bu halı cavabdeh məhkəmə iclasında vurğulamış, iddiaçı da bu halı inkar etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı öhdəlik münasibəti şifahi formada bağlanmış borc müqaviləsindən əmələ gəlmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilən normalar kontekstində məhkəmə hesab edir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini yerinə yetirməyib ona olan borcunu tam qaytarmadığı üçün iddia tələbi qismən əsaslı hesab edilməli və qismən təmin edilməlidir. Cavabdehin borcun əvəzində 960 manat dəyərində iddiaçıya kompyuter verməsi məsələsinə gəldikdə isə məhkəməyə təqdim edilmiş Cavabdeh polis orqanına vermiş olduğu izahatdan da görünür ki, Cavabdeh izahatında kompyuteri 6-7 il əvvəl Etibarın nəvəsi üçün verdiyini göstərmişdir. Hazırki məhkəmə iclası zamanı da cavabdeh həmin kompyuterin hazırki borcla əlaqədar verilməsi barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia təmin edilərkən cavabdehin bu barədə göstərdiyi xüsusatlar nəzərə alınmamalıdır. İddia tələbinin ödənilmiş ödvlət rüsumunun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbinin əsaslılığı məhkəmə iclasında tam sübuta yetdiyindən ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinin tələblərinə uyğun olaraq cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində borc pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi 52 (əlli iki) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 3052 (üç min əlli iki) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar