Məhkəmə qərarları › İş №2(056)-506/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-506/2023

19.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-506/2023 19.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus “Khazar SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərcləri ilə birlikdə 1095 manat, lizin müqaviləsi üzrə ödədiyi 768 manat və 39 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 11 radələrində Şirvan şəhəri F.Eynullayev küçəsi istiqamətində hərəkətdə olarkən daxili lizinq müqaviləsinə əsasən idarə etdiyi “Khazar SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin idarə etdiyi “Kamaz” markalı ** AD *** dövlət qeydiyyat nişanlı avtomaşın tərəfindən vurulmuş və nəticədə ona maddi ziyan dəymişdir. Şirvan ŞPŞ tərəfindən araşdırma aparılmış və xətanın “Kamaz” markalı ** AD *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsündə olması müəyyən olunmuşdur. Hadisə nəticəsində istifadəsində olan avtomobilə təmir xərcləri ilə birlikdə 1095 manat ziyan dəymişdir. Bundan əlavə o, avtomobilinin lizinq müqaviləsinə əsasən iki aylıq ödənişini ödəmək üçün çətinlik çəkdiyindən 768 manat da ona dəymiş ziyana əlavə edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ziyan məbləği ilə bağlı hər hansı mübahisəsinin olmadığını, lakin idarə etdiyi avtomobilin "xxxx" Sığorta Şirkətində sığortalandığını, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanı da Sığorta Şirkətinin ödəməli olduğunu bildirib iddianın ona münasibətdə rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsindən görünür ki, "xxxx" MMC “Khazar SD” minik markalı avtomobili 48 ay müddətinə İddiaçı lizinqə vermişdir. İş materiallarında olan "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli daxili lizinq müqaviləsinə 3 saylı Əlavədən görünür ki, İddiaçı hər ay 383.77 manat lizinq ödənişi həyata keçirməyi öhdəsinə götürmüşdür. İş materiallarına həmçinin aylıq lizinq ödənişlərinin həyata keçirilməsi barədə qəbzlər əlavə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın, yolnqəliyyat hadisəsinin sxeminin, Cavabdeh, İddiaçı izahatlarının, yol-nqəliyyat hadisəsinin fotoşəkillərinin surətlərindən görünür ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Kamaz 43253” markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı Bəybala oğlunun idarə etdiyi “Khazar SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 469.3 və 327.1-ci maddələri tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Şirvan Avtoservis və Ticarət Müəssisəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli rəy aktından görünür ki, “Khazar SD” minik markalı ** PX *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1095 manat məbləğində ziyan dəymişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin təqsiri ucbatından yol-nəqliyyat hadisəsinin baş verməsi iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, inzibati tənbeh vermə haqqında qərarla və ona əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehin zərər məbləğini də mübahisələndirməməsi halı nəzərə alınmaqla iddia tələbi maddi zərər hissəsində təmin edilməli, Cavabdeh cəmi 1095 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Cavabdehin sığorta şirkətinin məsuliyyət daşımalı olmasına dair mövqeyinə gəldikdə isə qeyd edilməlidir ki, yuxarıda qeyd edildiyi kimi mülki hüquq pozuntusunun törədilməsi, həmin pozuntu ilə əlaqədar cavabdehlik daşınılması ilə bağlı səbəbli əlaqə ilə müəyyən edilmiş xüsusatlar nəzərə alındıqda iddiaçıya münasibətdə baş vermiş yol-nəqliyyat hadisəsinə görə sığorta şirkətinin hər hansı cavabdehliyindən söhbət gedə bilməz. Lakin o da qeyd edilməlidir ki, cavabdehin Sığorta şirkətinin onun qarşısında aralarında olan sığorta müqaviləsinə əsasən yaranmış öhdəliyinin icra edilməməsi ilə əlaqədar hər hansı narazılığı və ya tələbi mövcuddursa, hazırki tələbin təmin edilməsi onu Sığorta Şirkətinə qarşı tələblə məhkəməyə müraciət etmək hüququndan nə məhrum edir, nə də bu hüququnu məhdudlaşdırır. Odur ki, bu vəziyyətdə cavabdehə həmçinin Sığorta Şirkətinə müqavilə üazrə öhdəliyinin icra edilməməsi ilə əlaqədar tələblə məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İddia tələbinin lizinq müqaviləsi üzrə baş vermiş yol-nəqliyyat hadisəsindən sonra iddia tərəfindən ödənilmiş 768 manat pulun cavabdehdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iddiaçının lizinq şirkəti ilə aralarında lizinq münasibətlərinin davam etməsi, iddiaçının hər ay lizinq şirkətinin xeyrinə 383.77 manat ödəniş etməli olmalı, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının qeyd etdiyi kimi iki ay əmlakından istifadə etmək, gəlir əldə etmək imkanından məhrum olması, bu imkandan istifadə edə bilmədiyi halda lizinq şirkətinin xeyrinə ödənişlər etmək məcburiyyətində qalması, bu cür vəziyyətinin yaranmasına səbəbin isə cavabdehin təqsirli hərəkətinin olması nəzərə alınmalıdır. Bundan əlavə, iddiaçı onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 39 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi tam təmin edildiyi üçün iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1095 manat avtomobilə vurulmuş zərərin əvəzi, 768 manat lizinq müqaviləsi üzrə ödənilmiş pulun əvəzi, 39 manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1902 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar