Məhkəmə qərarları › İş №2(056)-523/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-523/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-523/2023 04.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia əizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borc hesabına 4238 manat və ödənilmiş dövlət rüsumu əvəzində 63,40 manat olmaqla, cəmi 4301,40 (dörd min üç yüz bir manat qırx qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun keçmiş əri Loğman Mütəllimovun qardaşıdır. 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayına kimi iş üzrə Cavabdeh ondan 4738 manat borc pul almış və pulu bir il müddətində geri qaytaracağını bildirmişdir. Cavabdeh üzərində olan borcundan 500 manat ödəniş etsə də, qalıq qalmış 4238 manat pul vəsaitini ona qaytarmamışdır. O, dəfələrlə borcunu cavabdehdən tələb etsə də, cavabdeh üzərində olan borcunu ödəməkdən yayınmışdır. O, həmçinin qeyd etdi ki, əvvəllər münasibətləri çox yaxşı olmuşdur. Mütəmadi olaraq onların evlərinə gedib-gəlmişlər. Cavabdeh maddi cəhətdən çox ağır vəziyyətdə yaşamışdır. Evləridə təmirsiz olmuşdur. Cavabdeh və cavabdehin həyat yoldaşı ondan xahiş etmişlər ki, evlərinin təmirində onlara maddi köməklik göstərsin. O və onun həyat yoldaşı həmin vaxt razılaşmışlar ki, cavabdehin ailə üzvlərinə məxsus torpaq sahəsini girov qoymağa razı olsunlar və o da bundan öz adına kredit götürsün, həmin pulun təxminən 5000 manat hissəsini evlərinin təmiri üçün onlara borc versin. Bu əsasla o, bankdan 21000 manat kredit götürmüş, həmin pulun təxminən 5000 mantının 1 il müddətinə qaytarmaq şərtilə cavabdehə borc vermişdir. Lakin razılaşmışlar ki, torpaqlarını girov qoyduqları üçün, həmin 5000 manatın bütün % (faiz) hissəsini o özü (iddiaçı) ödəyəcək, onlar, yəni cavabdehlər yalnız borcun əsas hissəsini qaytaracaqlar. Həmin vaxt cavabdeh içkiyə meyilli olduğu üçün, cavabdeh, aravadı və o özü də belə qərara gəlmişlər ki, o, pulu cavabdehə nəqd şəkildə yox, onunla birlikdə yəni ikisinin iştirakı ilə təmir üçün materialların alınmasına və ustalara versin. Belə də etmişlər. Bundan sonra onlar hər ikisi də verilmiş pulların hesabını özləri yazılı şəkildə qeyd etmişlər. Onun hesabına görə o, cavabdehə cəmi 4738 manat pul vermiş, cavabdeh həmin pulun 500 manatını ona geri qaytarmış, qalan pul 4238 manat təşkil edir. Odur ki, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdeh izahatında göstərdi ki, həqiqətən də o, ailə üzvlərinə məxsus torpaq sahəsini iddiaçıya banka girov qoyub pul götürməsi üçün vermiş, bundan sonra onların maddi vəziyyəti ağır olduğu üçün iddiaçıdan evinin təmir edilməsi üçün lazım olan malların alınması üçün pul almışdır. Belə ki, iddiaçı bankdan 21000 manat pul götürmüş və ona evinin təmiri üçün lazım olan malların alınmasında və arvadının müalicəsi üçün iddiaçı şəxsən özünün iştirakı ilə pul xərcləmişdir. O, bu barədə özünə məxsus qeyd kitabında qeydlər aparmış cavabdehdən cəmi 3030 manat məbləğində borc almışdır. Bundan əlavə o, üzərində olan borcundan iddiaçıya 700 manat məbləğində pulu qaytarmışdır. Lakin iddiaçı ilə onun qardaşı Loğmanın münasibətləri pisləşdikdən sonra onlarında münasibətləri pisləşmiş və iddiaçı ona etdiklərinin hamsını geri alacağını bildirmişdir. Onun hal-hazırda Raziyyəyə borcu yoxdur. O, pulları alarkən aldığı pulu qaytarmaq öhdəliyini götürməmişdir. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Bundan sonra, iddiaçı cavabdehin ona 700 manat pulu qaytarması barədə dediklərinə etiraz etmədiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş: Şirvan şəhər Polis Şöbəsinin İB-nin müstəntiqi polis kapitanı Elvin Əlizadənin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarının surətindən görünür ki, Cavabdeh iddiaçıdan 3030 manat pul aldığını həmin puldan 700 manatını qaytardığını və üzərində 2330 manat məbləğində borcu qaldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, evin təmiri üçün iddiaçı tərəfindən xərclənmiş pul vəsaitlərinin qeydiyyatı barədə kitaba baxış keçirilmiş və baxış zamanı iddiaçı tərəfindən ev təmiri üçün alınan malların əvəzində 3030 manat xərcləməsi, həmçinin cavabdeh tərəfindən həmin məbləğdən 700 manat pulun iddiaçıya geri qaytarılması müəyyən olunmuşdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdəki olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən, yəni cavabdehin pul məbləğini etiraf və təsdiq etdiyi hissədə təmin edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında şifahi bağlanmış borc razılaşması (müqaviləsi) olmuşdur. Bu hal iddiaçının, cavabdehin məhkəmədə verdikləri izahatları, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş pulların alınmasını təsdiq edən yazılı siyahı ilə təsdiq olunur. Cavabdeh məhkəmə iclasında iddiaçıdan borc almamasını qeyd etsə də, bu hal onun özünün izahatı, məhkəməyə təqdim etdiyiyazılı sübutlar və borc hesabına 700 manat pulu iddiaçıya qaytarması ilə təkzib edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı 3030 manat borc pul almış və qalıq qalmış pul vəsaitini iddiaçının tələbinə baxmayaraq qaytarmaqdan yayınmışdır. Buna görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbini müdafiə edir, cavabdeh isə iddianı qismən yəni 2330 manat məbləğində hissəsini qəbul edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqaisəli təhlil etməklə, hər bir sübutu öz mənbəyinə, mənsubiyyətinə və mötəbərliyinə görə qiymətləndirməklə iddiaçının tələbini Sabirabad rayon Polis Şöbəsində və məhkəmə iclasında cavabdehin verdiyi izahatına uyğun gələn hissədə əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Hazırki iş üzrə tərəflər arasında münasibətlər şifahi formada bağlanmış borc müqaviləsindən irəli gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 740-cı maddəsinin tələbinə görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o borcverən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 742.2-ci maddəsinə əsasən yüz on manatdan çox məbləğdə borclar üçün borc müqaviləsinin ləğv edilməsi haqqında xəbərdarlıq müddəti üç ay, daha az məbləğdə borclar üçün bir ay təşkil edir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borcalan Cavabdeh öhdəliyin icrasından birtərəfli qaydada yayınmışdır. Belə ki, o aldığı borc pulu borcverənin tələbinə baxmayaraq qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İddiaçı cavabdehin ona 4238 manat borcu qalmasını iddia etsə də, həmin borcun cavabdehin Sabirabad RPŞ-də aparılmış araşdırma zamanı və məhkəmə iclasında cavabdehin etiraf etdiyi 2330 manat məbləğində hissəsi istisna olmaqla, qalan halı təsdiq edə biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən həb bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsui «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Belə ki, iddiaçı tələb etdiyi, yəni borc verdiyi puldan qalıq qalmış 4238 manat məbləğində pulu qeyd olunan məbləği cavabdehin ona borclu qalmasını bildrisə də, həmin halı təsdiq edə biləcək sənədlərini məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Sabirabad RPŞ-də və məhkəmə iclasında cavabdehin etiraf etdiyi həcmdə 2330 manat hissəsi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı borc pul tələbi ilə bərabər 63,40 manat məbləğində iddia qaldırmaq üçün ödəmiş olduğu pulunda cavabdehdən alınıb ona verilməsini xahiş etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də məhkəmə ödənilmiş tələblərin məbləğinə münasib olaraq cavabdehdən 34,85 manat dövlət rüsumunun əvəzində pul vəsaiti alınıb iddiaçıya verilməsi qənaətinə gəlir. Şərh edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2330 manat borc, ödənilmiş dövlət rüsumu əvəzində 34,85 manat olmaqla, cəmi 2364,85 manat pul tutularaq İddiaçı verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 2330 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzində 34,85 manat, cəmi 2364,85 (iki min üç yüz altımış dörd manat səksən beş qəpik) AZN məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada təqdim edildiyi gündən bir ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar