Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-563/2023 20.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Kredit müqaviləsinin ləğvi, kredit borcunun, kreditdən istifadəyə görə faizlərin və vurulmuş zərərin ödənilməsi tələbinə dair» iddia ərizəsi mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla borcalan Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 6676,19 manat məbləğində əsas kredit borcunun, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcunun, cəmi 6679,12 manat məbləğində borcun və 86,80 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsinə əsasən kreditor İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 10677 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissəhissə verməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi xx.xx.2019-cu il tarixdə kreditorla Cavabdeh2 arasında və Cavabdeh3 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilələrə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüş və bu barədə öhdəlik imzalamışdır. Lakin, borcalan Cavabdeh1 müqavilə üzrə öhdəliklərini kreditor qarşısında tam icra etməmiş və nəticədə onun kreditora xx.xx.2023-cü il tarixə kimi 6676,19 manat məbləğində əsas kredit borcu, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, cəmi 6679,12 manat borcu yaranmışdır. Ona görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclası zamanı iddaiçı İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 idddia tələbini tam etiraf edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxmağı xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının digər cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 60 ay müddətinə illik 1 faiz olmaqla, 10677 manat məbləğində kreditin verilməsi üçün kredit müqaviləsi bağlanmışdır. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2019-cu il tarixli zaminlik müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin tam icra olunanadək məsuliyyəti öz üzərinə götürmüşdür. İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 6676,19 manat məbləğində əsas kredit borcu, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, cəmi 6679,12 manat kredit borcu qalmışdır. Xəbərdarlıq məktublarının müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, cavabdehlərə banka olan borclarını qaytarmayacaqları təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 86,80 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçı təşkilatın nümayəndəsini və cavabdehi dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsinə əsasən sonuncuya 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% ödənməsi şərtilə 10677 manat məbləğində kredit verilmişdir. Həmin kreditin təminatı olaraq kreditor İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 ilə arasında zaminlik müqaviləsi bağlamışdır. Cavabdeh1 aldığı kreditdən qismən ödəniş edərək kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliklərini tam yerinə yetirməmişdir. Borcalan verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini pozmuşdur. Bunun nəticəsi olaraq onun kredit müqaviləsi üzrə 6676,19 manat məbləğində əsas kredit borcu, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, cəmi 6679,12 manat məbləğində borcu yaranmışdır. Cavabdehə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir və buna görə də kreditor hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mövcud halda öhdəliklər tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsi və xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən əmələ gəlmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, borcalan Cavabdeh1 kreditor İddiaçı ASC qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməkdən birtərəfli qaydada imtina etmişdir ki, bu da yolverilməzdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdə olan sənədlərdən aydın olur ki, tərəflər müqavilə ilə ayrı qayda müəyyənləşdirməmişlər. Odur ki, cavabdeh bağladığı müqavilə şərtlərinə uyğun şəkildə öhdəliklərinə əməl etməli idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə,öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıqlar edilmiş, lakin nəticəsiz qaldığından iddiaçı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Belə ki, işdə olan sənədlərlə sübut olunur ki, Cavabdeh1 6676,19 manat məbləğində əsas kredit borcu, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, cəmi 6679,12 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 447.4.-cü maddəsinə əsasən müqavilədən imtina üçün əsasların baş verəcəyi aşkar olduqda kreditor müqavilədən icra müddəti qurtaranadək imtina edə bilər. Həmin Məcəllənin 447.7-ci maddəsinə görə müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. İşdə olan xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən zamin Cavabdeh2 və Cavabdeh3 borcalanın krediti vaxtında qaytarılmamasına görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut edən sənədləri məhkəməyə təqdim etmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada 6676,19 manat məbləğində əsas kredit borcu, 2,93 manat məbləğində kreditdən istifadəyə görə faiz borcu, 6679,12 manat məbləğində pul tutularaq İddiaçı ASCyə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinın 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 038CASA191650009 saylı kredit müqaviləsi ləğv edilsin. Həmin müqavilə üzrə yaranmış borc hesabına cavabdehlər - Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bərabər qaydada əsas kredit borcuna görə- 6676,19 manat , kreditdən istifadəyə görə faiz hesabına görə - 2,93 manat olmaqla, cəmi - 6679,12 (altı min altı yüz yetmiş doqquz manat on iki qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-ə verilsin. Ödənilmiş 86,80 (ysəksən altı manat səksən qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №2(056)-563/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-563/2023
20.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver