Məhkəmə qərarları › İş №2(056)-60/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-60/2023

27.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-60/2023 27.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi X3 və Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «borc pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borc pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2479 manat pulun, 100 manat xidmət haqqının və 45 manat dövlət rüsumunun, cəmi 2624 manat alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh 28 fevral 2022-ci il tarixdə yaşadığı ünvanda ondan 3000 manat borc pul alaraq həmin vaxt ona təqaüd kartını vermişdir ki, pulu hissə-hissə bankomatdan götürsün. Həmin vaxtdan sonra 5 ay müddətində cavabdehin ona verdiyi təqaüd kartından ümumilikdə 521 manat pul çıxarmışdır. Sonradan isə cavabdeh təqaüd kartını bağlatdırmışdır. Kart bağlandıqdan sonra o, telefon vasitəsi ilə cavabdehlə əlaqə saxladıqda cavabdeh ona bildirmişdir ki, 30 avqust 2022-ci il tarixədək ona qalan borcunu tamamilə ödəyəcəkdir. Lakin dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıra kimi olan müddətdə cavabdeh ona olan borcunu ödəməmiş, hətta ondan borc pul almadığını ona bildirmişdir. Cavabdeh ondan 28 fevral 2022-ci il tarixdə 3000 manat borc pul alarkan bunu təsdiq edən qəbz yazaraq ona vermişdir. Bundan başqa həmkəndlisi X6 da yuxarıda qeyd etdiyi tarixdə 3000 manat cavabdehə borc pul verməsini öz imzası ilə təsdiq etmişdir. Borcun qaytarılmaması ilə bağlı Saatlı rayon polis şöbəsinə ərizə ilə müraciət etsə də, müraciəti əsasında 09 sentyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmış və həmin qərarda mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması ona izah edilmişdir. Ona görə də məcbur qalıb hazırkı iddia ərizəsi ilə məhkəməyə etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X7 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə istinadən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçının istinad etdiyi qəbz 28 fevral 2022-ci il tarixdə deyil, 07 yanvar 2022-ci il tarixdə gecə saat 11-12 radələrində iddiaçının oğlu X7 onların yaşadığı ünvana, yəni ünvan 1yat yoldaşı Akif tərəfindən yazılmış, o da həmin sənədə imza etmişdir. Ancaq iddiaçı və onun şahidi X6 məhkəmədə bilə-bilə yalan ifadə verərək bildirirlər ki, guya o, iddiaçının ünvanına gedib ondan 3,000 manat borc pul alaraq qəbz yazıb imza atmışdır. Halbuki, o, İddiaçı və onun şahidi X5 ilk dəfə məhkəmə zalında tanımışdır. Onun olduğu ünvanı da qəti şəkildə tanımır. Belə ki, oğlu X4 Sabirabad rayonunda fəaliyyət göstərən "xxxx" ASC-yə 1,800 manat kredit borcu olmuş, həmin krediti hər ay vaxtı-vaxtında cədvəl üzrə ödəmiş olsa da, lakin ödəniş bir-neçə gün gecikdiyi üçün 2021-ci ilin dekabr ayının ortalarında bankın əməkdaşı tərəfindən telefonlarına zəng gəlmişdir ki, bankın ödənişi gecikir. Bildirmişlər ki, ödəniş vaxtında olunmazsa ada gecikmə düşəcək və girovda olan qızıllar satışa çıxarılacaq. Girovda olan qızıllar isə oğlu Şirinin həyat yoldaşı Ayunrəyə məxsus olmuşdur. Bundan xəbər tutan oğlunun həyat yoldaşı X1 qəzəblənərək banka girov qoyulmuş qızılların təcili surətdə geri qaytarılmasını təkidlə tələb etmiş, oğlu Şirin pulu olmadığı üçün bu təkidin qarşısında aciz qalmışdır. Çünki qızılları girovdan çıxara bilməsi üçün Şirinə mütləq pul lazım idi ki, krediti bağlasın və qızılları geri qaytara bilsin. Həmin vaxtı oğlu Şirin öz ailəsi ilə Bakı şəhərində yaşayırdı. Aynurənin təkidindən sonra Şirin məcbur qalıb borca pul axtarışına çıxmış, lakin kimsədən borc tapa bilməmiş və bu barədə arvadı Aynurəyə bildirmişdir. Aynurə isə Şirinə özünün tanışı olan Asim adlı şəxsə müraciət etmələrini, Asimin dostu Elçinin faizlə borca pul verməklə məşğul olduğunu, X16 pul almaqda köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Şirin və Aynurə Saatlı rayon Məmmədabad kənd sakini Asim Rəcəbov adlı şəxslə əlaqə saxlayıb 1,800 manat pula ehtiyaclarının olduğunu bildirmişlər. Asim də həmin vaxtı oğlunu X7 ilə tanış etmişdir ki, pul Elçində olur və faizlə verir. Bundan sonra oğlu Şirin Elçinlə əlaqə saxlayıb tanışlıq verəndən sonra ona 1,800 manat borc pul lazım olduğunu bildirmişdir. Elçin isə bildirmişdir ki, Bakı şəhərindədir, üzərində pul yoxdur, rayona qayıtdıqdan sonra verə bilər. 2022-ci ilin yanvar ayının 7-də oğlu Şirin onunla telefon əlaqəsi saxlayıb Elçin adlı şəxsin onlara gələcəyini, bir kağıza yazı yazıb ona imza etdirəcəyini və 1800 manat pul verəcəyini bildirmişdir. Həmin gün X7 təxminən gecə saat 11-12 radələrində onların ünvanına gələrək, onları yuxudan oyadıb oğlu Şirinin ondan 1,800 manat borc pul istədiyini bildirmiş, məlumatlarının olub-olmadığını soruşmuş, o və əri Akif məlumatları olduğunu bildirmişlər. Bundan sonra Elçin onlara demişdir ki, Şirinə pul verməsi üçün sənəd yazıb imza atmalısınız. Onlar da razılaşmışlar. Bundan sonra onların ünvanda Elçin Mehdiyevin dediyi sözlərlə həyat yoldaşı X14 istədiyi sənədi yazmış, o, da imza atmışdır. Sənəd yazılıb Elçinə təqdim edildikdən sonra Elçin bildirmişdir ki, hazırda üzərində pul yoxdur, sabah, yəni 8 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şirinlə görüşüb ona 1,800 manat pul verəcəkdir. Səhəri günündən başlayaraq Şirin Elçindən pulu istəyəndə Elçin hər dəfə bir bəhanə gətirmiş, sonradan isə bildirmişdir ki, evlərində yazılan sənədi itirmişdir, yendən sənəd imzalanmalıdır. Bundan sonra Elçin oğlunu Saatlı rayon Məmmədabad kəndinə dəvət edib təkrar sənəd imzalatdıraraq öz evində oğluna 1,800 manat borc pul vermişdir. Oğlu da Elçinə pensiya kartları vermişdir ki, hər ay kartdan çıxan pul ilə borcunu ödəmiş olsun. Sonradan Elçinlə oğlunun arasında müəyyən bir problemlər yaranmış, buna görə Elçin oğlu Şirini məhkəməyə verib ondan qalıq borcunu tələb etmişdir. Lakin məhkəmə araşdırması zamanı Elçinin evində oğlu Şirin tərəfindən yazılmış sənədə saxta əlavələr olunduğu məhkəmə tərəfindən aşkarlandığı üçün həmin işin ekspertizaya göndərilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin vaxtdan təxminən bir müddət keçəndən sonra Sabirabad Rayon Məhkəməsindən ünvanına məktub göndərilmişdir. Məhkəmədən ünvanına gələn 30 setyabr 2022-ci il tarixli, 2(056)-1774/2022 saylı məhkəmə bildirişi və iddiaçının iddia ərizəsi ilə tanış olanda onlara məlum olmuşdur ki, iddiaçının oğlu Elçin Mehdiyev 07 yanvar 2022-ci il tarixdə, gecə saat 11-12 radələrində onların ünvanında, yəni ünvan 4min vaxt yuxulu olduqlarından sui-istifadə edib onları aldadaraq bu iş üzrə İddiaçı adına 3,000 manatı təsdiq edən sənəd imzalatdırmışdır. İddiaçı da həmin sənədi əlində əsas tutub tələbini sübuta yetirmək üçün pul müqabilində məhkəməyə öyrədilmiş saxta şahid gətirmişdir. Şahid qismində məhkəmədə ifadə verən X2 öz oğlu X11 da anasının yalançı şahid olduğunu təsdiqləyir. Hətta Asim onu da bildirib ki, iddiaçı dəfələrlə ona da təklif edib ki, gedib məhkəməyə onların üzünə dursun. Ancaq Asim buna getməmişdir. Sonradan onlara tam aydın oldu ki, ona qarşı irəli sürülmüş qərəzli iddia tələbi oğlu Şirinə qarşı qurulmuş plan üzrə olmuşdur. Görünür ki, iddiaçının ona qarşı irəli sürülmüş “pul tələbi" barədə iddiası qərəzlidir. Şahid də məhkəmədə bilərəkdən yalan ifadə verərək, ona böhtan atıb qanunsuz və əsassız olaraq iddiaçını müdafiə edir. O, heç bir məbləğdə və heç bir vaxt Şərqiyyədən borca pul almamışdır. Qəbzdə yazıldığı məbləğdə pula onun heç bir vaxt ehtiyacı olmamışdır. Çünki o, əri Akif ilə birgə yaşayır və təqaüdlə öz tələbatlarını qarşılaya bilirlər. Oğlu Şirin isə Bakı şəhərində yaşamış və orada işləyərək ailəsinin tələbatlarını qarşılamışdır. Qəbzə imza etmiş olsa da, həqiqətdə ona pul verilməmişdir. Ona görə də hesab edir ki, məhkəmə işin bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırıb sübutlara hüquqi qiymət verilərək ədalətli qərar qəbul olunacaqdır. Odur ki, o, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X8 Cavabdeh əvvəlki məhkəmə iclaslarında göstərmiş olduğu xüsusatları təsdiq edərək, hazırki iddia tələbinni hüquqi əsası olmadığını, anasına Elçinin diqtəsi ilə yazılmış kağız üzrə hər hansı məbləğdə pul verilmədiyini bildirərək məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Cavabdeh onun keçmiş qaynanasıdır. Hazırda o, Gövhərin oğlu Şirin ilə boşanmışdır. Buna baxmayaraq, onlar hazırda da bir evdə yaşayırlar. Cavabdehin oğlu Şirin ilə boşanmamışdan əvvəl əri onu aldadıb qızıllarını banka girov qoymuş, bankdan götürdüyü pulu qaytara bilmədiyi üçün bankdan onlara zəng edilərək pulun ödənilmədiyi halda qızılların hərracda satılacağı bildirilmişdir. Bundan sonra o, əsəbiləşmiş, Şirindən hər nə yolla olur olsun qızıllarını bankdan götürməsini tələb etmişdir. Həmin zaman onlar Bakı şəhərində yaşayırdılar. Şirin bundan sonra pul axtarmağa başlamış, lakin tapa bilməmiş, hətta qaynanası Gövhərə zəng edərək onun pul tapmasını istəmiş və bildirmişdir ki, “təcili pul tap, Aynurənin qızıllarını bankdan götürüm, Aynurə məni öldürür”. Lakin Gövhər də oğluna pul almağa güman yerinin olmadığını bildirmişdir. O, özü əslən Saatlı rayonundandır. Həm qohumu, həm də sevgilisi olan Asim ilə həmin zamanlar yaxşı münasibətləri var idi. Şirin bu hərəkəti də ona çox pis təsir etmişdi. Buna görə də o, Şirini cəzalandırmaq, həm də qisasını almaq qərarına gələrək olnlar barədə Asimə bildirmiş, özünün şifahi qaydada kənddə faiz pul verməklə məşğul olan şəxs kimi tanıdığı Elçinlə Asimin dostluq münasibəti olduğunu bildiyi üçün Asimə Elçindən xahiş edib qızılları bankdan götürmək üçün tələb olunan 1800 manat pulu Şirinin adına borca götürməkdə köməklik etməsini, qarşılığında isə Elçinin elə bir məbləğdə sənəd tərtib edib Şirinə imzalatmasını istəmişdir ki, Şirin cəzalanmış olsun. O, əmin idi ki, həmin zaman Şirinə hansı məbləğdə sənəd yazılsa Şirin o, sənədə imza edər. Çünki Şirin qızılları bankdan bir an götürə bilməsi üçün çıxılmaz vəziyyətdə qalmışdı. Asim ona razılıq verərək Elçin ilə danışacağını bildirmişdir. Həmin vaxt Asim Elçinlə danışmış, Elçin razılaşmışdır. Elçin o zaman Bakı şəhərində idi. Asim onu rayona aparacaqdı. Bunu biləndən sonra o, Asimə yalvarmışdır ki, Elçini özü ilə qaynanasıgilə aparsın, qaynanası Elçinə sənəd yazıb versin. Asim yenidən Elçin ilə danışmış, Elçin bildirmişdir ki, üzərində pulu yoxdur, sənədi bu gün yazdırar sabah da pulu verər. Asim Elçinin sözlərini ona çatdıranda o, razılıq vermişdir. Bundan sonra bu barədə Şirinə demiş, Şirin də anasına zəng edib Elçin adlı şəxsin onların evinə gələcəyini, ona sənəd yazdıracağını, qızılları girovdan çıxarması üçün pul verəcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayının 7-də Elçin Asimlə gecə saatlarında qaynanası Gövhərin yaşadığı evə getmiş, orada sənədi qaynatası Akifə yazdırmış, qaynanası Gövhərə isə imza etdirmişdir. Qaynatasının yazmasının səbəbi gecə vaxtı qaynanasının gözlərinin görməməsi olmuşdur. İmzanı qaynanasının etməsinin səbəbi isə qaynanasının təqaüd alması olmuşdur. Elçin həmin gün sənədi imzalatdırıb getdikdən sonra səhəri gün pulu vermək əvəzinə bir müddət müxtəlif bəhanələrlə pulu verməkdən yayınmağa başlamışdır. O, qızıllarının artıq satılacağını görüb yenidən Asimlə əlaqə saxlamış, Asimə qızıllarının artıq satılacağını, lakin Elçinin hələ də pulu vermədiyini bildirmiş, Asim ona Elçinlə danışacağına söz vermiş, Elçinlə danışdıqdan sonra ona zəng edərək bildirmişdir ki, Elçin deyir Gövhərə yazdırdığı kağızı itirmişdir, gərək yenidən sənəd tərtib edilə və imza edilə. Bundan sonra o, qızıllarının artıq satılacağından ehtiyat edərək, Şirini təcili olaraq rayona göndərmiş, Elçin Şirinə yenidən kağız yazdıraraq 1800 manat pul vermişdir. Həmin zaman artıq onlar boşanma ərəfəsində olduğu üçün Asimə demişdir ki, Elçinlə elə edin ki, Şirin yüklənsin. Onlar da bundan istifadə edib 3500 manatlıq kağız yazdırıb Şirinə 1800 manat pul vermişlər. Şirin ondan boşanmasını istəmədiyi üçün, onun susub razılaşması üçün ona təklif etdilərsə imza etdi. Bundan sonra həmin 1800 manat pulla onlar krediti ödəyib qızılları girovdan çıxarmışlar. Əslində hazırda iddiaçının istinad etdiyi qəbz üzrə Gövhərə heç bir məbləğdə pul verilməmişdir. Gövhər heç Şərqiyyəni tanımamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X6 ifadə verərək bildirdi ki, oğlu Asim 2022-ci ilin fevral ayında ona zəng edərək bir nəfər tanışına pul lazım olduğunu, anasının pensiya kartı olduğunu, buna görə də Şərqiyyədən onlara borc pul verməsini xahiş etməsini bildirmiş, bundan sonra o, Şərqiyyə ilə danışmış, Şərqiyyə ilk əvvəl pul verməyə razı olmamış, o, borc alan şəxsin pensiya kartı olduğunu bildirdikdən sonra Şərqiyyəni razı sala bilmişdir. xx.xx.2022-ci il tarixində pulun verilməsi ilə bağlı əvvəldən olan danışıqlarına əsasən o da Şərqiyyənin yaşadığı evə gəlmiş, pulu almağa görə Gövhər əri ilə təxminən saat 11 radələrində Şərqiyyənin yaşadığı evə gəlmiş, orada Gövhər gözlərinin yaxşı görmədiyini bildirmiş, buna görə də qəbzi onun əri yazmış, Gövhər isə imza etmişdir. Həmin qəbz yazıldıqdan sonra Şərqiyyə Gövhərə 3000 manat borca pul vermişdir. Gövhər isə özünün pensiya kartını Şərqiyyəyə vermişdir ki, hər ay pensiyasını Şərqiyyə almaqla borcunu bağlamış olsun. Sonradan eşitmişdir ki, Gövhər kartını bağlatdırmış, Şərqiyyənin pulunu qaytarmaqdan imtina etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, cavabdehin əridir. Təxminən 2022-ci ilin yanvar ayında iddiaçının oğlu Elçin və yanında da bir nəfər oğlan gecə saat 12-ə işləmiş onların evinə gəlmişlər. Həmin vaxt o, xəstə olduğu üçün yatmışdır. Qapı döyüldüyü zaman o, yuxudan oyanmış və qapını açmışdır. Elçin ona demişdir ki, onlara kömək üçün gəlmişdir. Guya onların problemlərini həll edəcəkdir. O da Elçini evə dəvət etmişdir. Yarım saatdan çox söhbət etmişlər. Arvadının gözü zəif gördüyü üçün ona kağız yazdırmışdır. Kağıza yazdırılmış mətnin məzmunu yadında deyildir. Həmin günü arvadı ilə təkcə o evdə olmuşdur. Onlara hansı məqsədlə kağız yazdırması barədə Elçindən heç bir şey soruşmamışdır. Kağızı o, yazdıqdan sonra arvadı imzalamışdır. Lakin Elçin onlara heç bir məbləğdə pul verməmiş, verəcəyini deyərək çıxıb getmişdir. Elçinin nə qədər yardım etməli olduğunu da bilmir. Gəlinləri Aynurə qızıllarını əri Şirinə vermişdi ki, bankdan kredit götürüb həyətlərindəki dükana satmaq üçün mal vursun və mağazanı işlətsin. Şirin bir müddət dükanı işlətsə də, sonradan arenda pulunu ödəyə bilmədiyi üçün dükanı bağlamalı oldu və işləmək üçün ailəsi ilə birgə Bakı şəhərinə getdi. Sonradan eşitdi ki, gəlin Şirindən qızıllarını tələb edir. Şirin də qızılları girovdan azad etmək üçün pul axtarırdı. Bu qəbzin yazılması da həmin hadisə ilə əlaqədar olmuşdur. İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2022-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh, İddiaçı 3000 (üç min) manat borc pul almışdır. Həmin qəbzi Cavabdeh imza etmişdir. xx.xx.2022-ci il tarixli X6 tərəfindən yazılmış əlyaza yazıdan görünür ki, o, Saatlı rayonu Məmmədabad kəndində yaşayır. İddiaçı ilə ailəvi dostdurlar və ona çox yaxındırlar. Onun dayısı oğlu Azər Qanbay oğlunun qızı Cavabdeh gəlinidir. Sabirabad rayon sakini Gövhər xanım onun yaxınıdır. Ondan xahiş etdi ki, ona 3000 manat vacib pul lazımdır. O, yaxını Şərqiyyədən xahiş etdi ki, Cavabdeh 3000 manat borc pul versin. Ailəvi dostları İddiaçıgilə Cavabdehlə oğlu Asimin maşını ilə getmiş, onun iştirakı ilə xx.xx.2022-ci ildə İddiaçı 3000 manat verməsinin şahididir. Saatlı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X12 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh 3000 manat borc verməsi ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkəməyə həmçinin CD disklər və whatsapp yazışmalarının mətni təqdim edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İlkin olaraq məhkəmə iddia tələbinin 3000 manat borcun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və yazılı formada bağllanılır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılır. Qeyd edilən normaların tələblərindən göründüyü kimi, tərəflər arasında etibarlı borc müqaviləsi bağlanmışdır. Belə ki, Mülki Məcəllənin 740.2-ci maddəsinin tələblərinə uyğun olaraq tərəflər arasında 3000 manat məbləğində pula borc müqaviləsi bağlandığından həmin müqavilə sadə formada (qəbz tərtib edilib borcalana imza etdirməklə) bağlanmışdır. Ona görə də tərəflər arasında bağlanmış müqavilə etibarlı müqavilə hesab edilməlidir. Cavabdehin qəbzə etsə də iddiaçıdan hər hansı məbləğdə borc pul almaması barədə dəlilinə gəldikdə isə qeyd edilməlidir ki, cavabdeh özü qəbzə imza etdiyini etiraf etmiş, lakin borcu almaması barədə hər hansı sübuta istinad edə bilməmişdir. Onun iddiaçıdan borc almaması barədə məhkəməyə sübut kimi təqdim etdiyi şahid ifadələri isə cavabdehin izahatının (borcun alınmaması ilə bağlı) mötəbərliyi kimi qiymətləndirilə bilməz. Belə ki, şahidlərindən biri cavabdehin keçmiş gəlini olsa da, hazırda da onunla birgə yaşayan şəxs, digəri isə əridir. İddiaçı isə borc pulun cavabdehə verilməsi barədə hər iki tərəfi tanıyan, hər iki tərəflə yaxın qohumluq münasibətində olmayan şəxsi (Nəcibə Rəcəbova) məhkəməyə şahid kimi təqdim etmiş, həmin şəxs ifadəsində qeyd edilən məbləğdə pulun cavabdehə verilməsini təsdiq etmiş, hətta həmin şəxsin xx.xx.2022-ci il tarixində tərtib etmiş olduğu yazılı sənəd iddia ərizəsi ilə birgə məhkəməyə təqdim edilmişdir. Cavabdeh tərəfindən sübut kimi məhkəməyə təqdim edilmiş CD disklər və whatsapp yazışmalarının mətninə münasibətdə isə qeyd ediməlidir ki, həmin yazışma mətni və səs yazısı tədqiq edilərkən müəyyən edilmişdir ki, həmin yazışma və səs yazıları hazırki tərəflər arasında deyil, cavabdeh tərəfin bildirməsinə görə cavabdehin keçmiş gəlini Aynurə ilə onun sevgilisi olmuş və deyilənə görə iddiaçının oğlu Elçinlə dost münasibətində olmuş Asim arasında həyata keçirilmişdir. Həmin yazıların yazışma tərəfləri arasında razılaşdırılmış qaydada və ya birbirindən xəbərsiz qaydada həyata keçirilib əldə edilməsini isə müəyyən etmək mümkün deyildir. Belə ki, yazışma tərəfi olan X11 məhkəməyə məhkəmənin təşəbbüsü ilə şahid qismində dindirilməsi üçün dəvət edilmiş, lakin o, məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, nə də məhkəməyə yazılı formada hər hansı ifadəsini ünvanlamamışdır. Bütün qeyd edilən xüsusatları ümumiləşdirərək və sadalanmış qanunvericilik normalarının tələbləri kontekstində mübahisəyə yanaşaraq məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyi üçün iddia tələbi borc pulun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin 100 manat xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 121.1ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkili göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından isə göründüyü kimi, iddiaçı xidmət haqqı kimi tələb etdiyi məbləğlə barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin sonuncu hissəsi olan ödənilmiş 45 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia qismən təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 45 manat deyil, 30 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2479 manat borc pul və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat olmaqla, cəmi 2509 (iki min beş yüz doqquz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar