Məhkəmə qərarları › İş №2(056)-618/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-618/2023

10.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-618/2023 10.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, İddiaçı «X3 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «X3 Azərbaycan» QSC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3500 manat əsas borcun, 222,13 manat faiz borcunun, 106 manat cərimə borcunun, ümumilikdə isə 3828,13 manat məbləğində pul vəsaitinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun əvəzi 58,28 manat pulun Cavabdeh tutulub iddiaçı «X3 Azərbaycan» QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinə əsasən bank kreditor olaraq borcalan cavabdehə illik 14% faiz dərəcəsi ilə 18 ay müddətinə 3500 manat məbləğində kredit vermiş, Cavabdeh xx.xx.2023-cü il tarixli arayışa əsasən «X3 Azərbaycan» QSC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 3500 manat manat, faiz üzrə 222,13 manat manat, cərimə üzrə 106 manat manat olmaqla, ümumilikdə 3828,13 manat manat təşkil edir. Cavabdehin iddia tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsinin surətindən görünür ki, həmin Müqaviləyə əsasən bank kreditor olaraq borcalan cavabdehə xx.xx.2022-ci il tarixdə illik 14% faiz dərəcəsi ilə 3500 manat məbləğində kredit vermiş, borc alan isə müqaviləyə əsasən qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarından görünür ki, cavabdeh kredit vəsaitindən istifadə etsə də, Kredit Müqaviləsi üzrə götürdüyü pul vəsaitini faizlə birlikdə qaytarmamaqla bununla da üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, nəticədə əsas, faiz və cərimə borcu yaranmışdır. İş materiallarında olan «X3 Azərbaycan» QSC-nin təqdim etdiyi maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi üzrə cavabdehin xx.xx.2023-cü il tarixə Banka 3500 manat əsas borcu, 222,13 manat faiz borcu, 106 manat cərimə olmaqla, ümumilikdə 3828,13 manat məbləğində borcu vardır. Məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386-cı maddəsinə əsasən həmin Müqavilədən irəli gələn öhdəlik yaranmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada Kredit Müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı «X3 Azərbaycan» QSC tərəfindən öhdəliyini yerinə yetirərək, Kredit Müqaviləsi üzrə 3500 manat kredit məbləğini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəlikləri tam və lazımı qaydada yerinə yetirməyərək qəbul etdiyi krediti müqavilədə və ödəniş cədvəlində göstərilən müddətdə və qaydada hesablanacaq faizlərlə birlikdə Banka qaytarmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.3-cü maddəsinə görə müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məcəlləsinin 465.2-ci maddəsinə görə əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh tələb olunan əsas, həmçinin ona hesablanmış faiz borcu məbləğlərini iddiaçı təşkilata ödəməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin ödənişi gecikdirməyə görə hesablanmış 106 manat məbləğində cərimə pulunun tutulması hissəsi qismən təmin edilərək, həmin məbləğ azaldılmalıdır. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, Kredit Müqaviləsindən irəli gələn əsas kredit borcunun 3500 manat və faiz borcunun 222,13 manat məbləğində müəyyən olunduğu halda, cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 106 manat məbləğində cərimə (dəbbə) məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin dəbbə pulunu azaldaraq 10 (on) manat müəyyən edilməsini cavabdehin mənafeləri baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi isə qismən təmin olduğu halda, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 58,28 manat dövlət rüsumunun məhz 56 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 284-1-ci maddəsinə əsasən Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikasının MPM-nin 284-3-cü maddəsinin tələblərinə uyğundur, həmin Məcəllənin 284-4-cü maddəsində qeyd olunan işi sadələşdirilmiş qaydada baxılmasının yolverilməzliyinə səbəb olan hallar yoxdur. Odur ki, Azərbaycan Respublikasının MPM-nin 23-1-ci fəslində müəyyən edilmiş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qanuni və əsaslıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə də nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. «X3 Azərbaycan» QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit Müqaviləsindən yaranmış 3500 manat əsas borc, 222,13 manat faiz borcu, 10 manat cərimə borcu və ödənilmiş dövlət rüsumunun əvəzində 56 manat olmaqla, ümumilikdə 3788,13 (üç min yeddi yüz səksən səkkiz manat on üç qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı «X3 Azərbaycan» QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar