Məhkəmə qərarları › İş №2(056)-633/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-633/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-633/2023 04.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan aldığı 700 (yeddi yüz) manat məbləğində pulun, ondan nisyə aldığı qadın kurtqası, 2 ədəd uşaq kurtqası, 3 ədəd krasovka, 4 ədəd uşaq paltarı, 2 ədəd uşaq şalvarı, uşaq ayaqqabısı, ayaqqabı, toy üçün qadın paltarı, 2 ədəd qadın paltarı və jiletə görə ödənilməmiş qalmış 300 manatın, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manatın və hüquqi yardımın göstərilməsi görə ödənilmiş 50 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci ildə Cavabdeh nağd formada 700 manat borc vermişdir. Cavabdeh 700 manatı ondan alarkən bildirmişdir ki, kredit borcu vardır. Ondan aldığı borcu kredit əvəzinə ödəyərək bir ay sonra ondan aldığı 700 manat pulu qaytaracaqdır. Cavabdeh verdiyi vədlərə əməl etməyərək ondan aldığı pulu geri qaytarmamışdır. Bundan əlavə, cavabdehin ondan aldığı müxtəlif növ geyim paltarlarına görə 300 manat borcu qalmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFİN İZAHATİ: İddiaçı məhkəməyə verdiyi izahatında iddia ərizəsində göstərilənləri təkrar edərək iddiasının tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri bardə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, iddiaçının anası ilə onun anası qohumdurlar. 2022-ci ilin yay aylarında iddiaçıya ayağından əməliyyat olmaq üçün 700 manat pul borc vermiş, pulu verdikdən sonra ona məlum olmuşdur ki, iddiaçı həmin pulu Cavabdeh vermişdir. 2-3 ay sonra o, Fəridədən pulunu istəmiş, Fəridə isə pulu geri ala bilmədiyini bildirmişdir. O, bu barədə Fəridəyə öz iradlarını bildirmişdir. Bundan sonra onlar 1-2 dəfə birlikdə Fərqanənin yaşadığı evə gedib ondan pulu tələb etsələr də, Fərqanə hər dəfəsində pulu qaytaracağını bildirərək onlara yalan vədlər vermişdir. Hətta cavabdehin qaynatası ilk zamanlarda borcu özünün qaytaracağını bildirsə də, o, da vədinə əməl etməmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: Mülki işə əlavə edilmiş: Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı polis mayoru Fikrət Bağırovun xx.xx.2023-cü il tarixli «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» qərarındakı Cavabdeh izahatından görünür ki, o, qayınanası Sənəm və qayınatası Fizuli ilə birgə yaşayır. Fəridə adlı qadın səyyar paltar satmaqla məşğul olduğundan bir ildir Fəridəni tanıyır. Bir il əvvəl Fəridədən mobil telefon almış pulunu ödəmiş, həmin vaxtda Fəridədən borca 700 manat pul istəmiş, Fəridə həmin pulu ona faizlə vermiş və hər ayına 105 manat pul ödəmişdir. Fəridəyə 500 manat borcu qalmışdır. xx.xx.2023-cü il tarixində Fəridə qohumu Gülnar adlı qadınla onların evinə gəlmiş, ondan məcburi qaydada borcunu istəmiş, münaqişələri yaranmışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSiF: Məhkəmə iddiaçının və şahidin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk öncə iddia tələbinin borc pul məbləği ilə bağlı hissəsi üzrə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə qeyd edilən porsessual normanın tələbləri baxımından cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda əksini tapmış halların məcburiliyini qəbul edir və hesab edir ki, tərəflər arasında borc müqaviləsi üzrə mülki hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət şifahi qaydada bağlanmış borc müqaviləsindən əmələ gəlmiş, həmin müqavilə əsasında tərəflərin hüquq və vəzifələri (öhdəlikləri) yaranmışdır. Məhkəmə araşdırma zamanı müəyyən olundu ki, İddiaçı Cavabdeh ondan aldığı pul vəsaiti ilə əlaqədar aralarında yaranmış münaqişəyə görə polis orqanına şikayət etmiş, bu istiqamətdə araşdırma aparılmış, xx.xx.2023-cü il tarixində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar mübahisələndirilməmiş və qanuni qüvvəsini almışdır. Həmin araşdırma zamanı cavabdehin öz izahatı ilə iddiaçıdan 700 manat pul vəsaiti alması təsdiqini tapmış, izahatı alınarkən Cavabdeh İddiaçı 500 manat borcu qalmasını bildirmiş olsa da, bu barədə təhqiqatçıya hər hansı sübut təqdim etməmiş, sorğu nəticəsində əldə edilmiş təhqiqat işində hər hansı sübut aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən normaların kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əksini tapmış və rədd materialında olan izahatların qarşılıqlı təhlili nəticəsində isə məlum olur ki, cavabdeh iddiaçı qarşısında şifahi borc müqaviləsindən irəli gələn öhdəliyi icra etməmiş, nəticədə iddiaçı zərərə məruz qalmışdır. Odur ki, iddiaçı borc pulun qaytarılması tələbi ilə cavabdehə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Tələb edilən pul məbləğinə gəldikdə isə məlum olur ki, iddiaçı istintaqa vermiş olduğu izahatında Cavabdeh tərəfindən ona 700 manat məbləğində ziyan vurulmasını göstərmiş, Cavabdeh izahatında İddiaçı 700 manat nağd pul almasını etiraf etmiş, lakin həmin məbləğdən 500 manat boru qalmasını bildirmiş, 700 manat borc almasını etiraf etsə də, həmin borcdan 200 manat hissəni iddiaçıya qaytarması barədə hər hsansı sübuta istinad edə bilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən 700 manat borc pul tələbi haqlıdır və iddia tələbi bu hissədə əsaslı hesab edilərək təmin edilməlidir. İddia tələbinin nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 300 manat borc pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, İddiaçı Cavabdeh ilə arasında alqı-satqı müqaviləsindən irəli gələn münasibətlərin mövcud olması, həmin münasibətdən cavabdehin ona borcu yaranması barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi nisyə alqı-satqı müqaviləsi üzrə yaranmış 300 manat borc pulun cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Bundan başqa, məhkəmə iddia tələbinin hüquqi yardım göstərilməsinə görə ödənilmiş 50 manat pulun cavabdehdən tutulması hissəsi üzrə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən hüquqi yardıma görə hissədə də qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 40 manat hüquqi yardıma görə xərcin əvəzinin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Yekun olaraq məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə də hesab edir ki, yuxarıda vurğulandığı kimi iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzinin də cavabdehdən tutulması hissəsində iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 20 manat ödənilmiş dövlət rüsumunun əvəzi qismində pul vəsaitinin tutulması qət edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat borc pul vəsaiti, göstərilən hüquqi yardım üçün ödənilən pulun 40 (qırx) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsi olmaqla, cəmi 760 (yeddi yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar