Məhkəmə qərarları › İş №2(056)-64/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-64/2024

27.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-64/2024 27.03.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vurulmuş maddi zərərin əvəzinə görə 1310 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi 33.1 manatın, ümumilikdə 1343.10 manatın alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17 iyul 2023-cü il tarixində saat 23:00 radələrində əmisi oğlu İlqar Mirzəyevlə birlikdə etibarnamə əsasında idarə etdiyi “Opel” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə əmisi oğlu İlqar Mirzəyevin həyat yoldaşı, hazırki mülki iş üzrə Cavabdeh valideynlərinin yaşadığı Sabirabad rayonu Yuxarı Axtaçı kəndinə gedərək İlqar Mirzəyevin işlədiyi sexdə müştəriyə məxsus nəqliyyat vasitəsinə dair sənədləri (qeydiyyat şəhadətnaməsi) cavabdehdən geri verilməsini xahiş etmişdir. Söhbət əsnasında məlum olmuşdur ki, cavabdeh əmisi oğlu İlqar Mirzəyevlə məhkəmə qətnaməsi əsasında boşansa da, sonradan barışmış, Bakı şəhəri Xətai rayonunda əvvəlki ailə münasibətlərində olduğu kiimi yaşamağa davam etmişlər. Sonuncu dəfə Cavabdeh əmisi oğlu İlqar Mirzəyevin müştərisinə məxsus sənədləri birgə yaşadıqları evdən qəsdən və məqsədi şəkildə oğurlamış və öz atası evinə getmişdir. Bundan sonra X8 rayon Polis şöbəsinə oğlurluq faktı ilə bağlı yazılı şikayət etmişdir. Araşdırma yekunlaşana kimi cavabdehin məqsədli şəkildə oğurladığı sənədin könüllü geri qaytarılması üçün əmisi oğlu İlqar Mirzəyev onunla cavabdehin yaşadığı kəndə getməyə məcbur olmuşdur. Cavabdeh yaşadığı evə çatana kimi telefonun kamerasını işlək vəziyyətə salmışdır. Bu zaman evdən çıxan cavabdehin atası Əzizağa Məmiyev telefonu görən kimi əlindən alaraq yerə atmış, cavabdeh isə anası ilə birlikdə üstünə hücum çəkərək yerdən götürdükləri daş-kəsəklə idarə etdiyi nəqliyyat vasitəsini daşlamağa, cavabdehin atası isə maşını təpiklə vurub əzməyə başlamışdır. Baş vermiş hadisə səbəbindən ona xeyli miqdarda ziyan dəymişdir. Həmin vaxt həyəcan və şok içində olmuş, əmisi oğlu dərhal onu maşına mindirərək ərazidən uzaqlaşdırmışdır. Bundan sonra o, cavabdehin Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün Sabirabad Rayon Polis şöbəsinə müraciət etmişdir. Təhqiqat bölməsində araşdırma başlanılmış, təhqiqatçı Malik Nuriyev tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Həmin qərara əsasən dəymiş ziyan 5000 manatdan az olduğundan cavabdehin əməlində CM-nin 186.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmadığı müəyyən edilmiş, buna görə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh onun avtomobilinə ziyan vurmasına görə əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yaranmışdır. Bu səbəbdən cavabdehin barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada icraat açılması üçün qərarın surəti RPŞ-nin İTB-nə göndərilmişdir. Cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilmiş və ona faktiki olaraq 1310 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və əlavə olaraq bildirdi ki, cavabdeh artıq Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, onun təqsiri sübuta yetirilmişdir. Sabirabad Rayon Məhkəməsi və Şirvan Apellyasiya Məhkəməsi bu barədə qərar qəbul etmişdir. Hazırda o, tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının bildirdikləri əsassızdır. Əvvəla, qucağında uşaq olan bir qadının iddiaçının avtomobilinə o qədər ziyan vurmuş olması mümkünsüzdür. Digər tərəfdən isə iddiaçının həmin vaxt avtomobilə dair etibarnaməsi olmamışdır. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə də qızı barəsində olan inzibati iş üzrə icraata xitam verilmişdir. Hazırda o, məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Cavabdehin nümayəndəsinin bildirdiklərinə münasibətdə iddiaçı bildirdi ki, onun avtomobilə dair etibarnaməsi mövcud olmuş, həmin vaxt etibarnamə ona elektron qaydada verilmiş olmuşdur. Ona görə həmin etibarnaməni məhkəməyə təqdim edə bilməmişdir. Ondan sonrakı etibarnamə təqdim edilmişdir. Bundan əlavə, cavabdehin ona ziyan vurmuş olması məhkəmə qərarları ilə tam təsdiq olunmuşdur. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Malik Nuriyev tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində İXM-nin 232-1-ci maddəsi ilə inzibati qaydada icraat açılması üçün qərarın surətinin İTB-yə həvalə edilməsi qərara alınmışdır. İş materiallarında olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X4r. İş materiallarında ƏN-Vİ No 614444 nömrəli, xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X5 “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair 1 il müddətinə İddiaçı Müşfiq oğluna İddiaçı etibarnamə vermişdir. Sabirabad Rayon Məhkəməsinin 3(056)-2/2024 saylı inzibati xəta haqqında iş əldə edilmiş, iş materiallarından müəyyən edilmişdir ki, Cavabdeh barəsində onun xx.xx.2023-cü ildə zərərçəkmiş şəxs İddiaçı məxsus etdiyi “Opel” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini daşlayaraq 1310 manat zərər vurmasına görə Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8258- 8/3275 saylı rəyi ilə “Opel Astra” markalı, **-EH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərcinin hadisə baş verən tarixə təxminən 910 manat olması müəyyən edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(056)-2/2024 saylı qərarı ilə (hakim Nurəddin Bağırov) Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 910 manat cərimə tənbehi ilə tənbeh edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-41/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarı ilə inzibati məsuliyyətə cəlb etmə müddətinin keçməsi əsası ilə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 3(056)-2/2024 saylı qərarı ləğv edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə işin icraatına xitam verilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüquqununu 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir. Hazırki mülki iş üzrə məhkəmə araşdırması həyata keçirilərkən də yuxarıda qeyd edildiyi kimi əldə edilib tədqiq edilmiş Sabirabad Rayon Məhkəməsinin 3(056)-2/2024 saylı inzibati xəta haqqında iş materiallarından da görünür ki, inzibati xəta haqqında protokol tərtib edilərkən zərərçəkmiş şəxs qismində İddiaçı tanınmış və qeyd edilmiş, birinci və apellyasiya instansiyası məhkəməsi də inzibati xəta haqqında iş üzrə araşdırma apararkən Cavabdeh qeyd edilən inzibati xətanı törətmiş olmasını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehə qarşı hazırki tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur. Məhkəmə zərərin əvəzinin ödənilməsinə dair hissə üzrə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin iddiaçıya məxsus olmuş (etibarnamə ilə) avtomobili daşlaması kimi təqsirli hərəkəti iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, cavabdeh barəsində olan inzibati xəta haqqında iş materialları ilə öz təsdiqini tapmaqdadır. Tələb edilən zərər məbləğinə gəldikdə isə məhkəmə qeyd edir ki, hazırda tələb edilən zərər məbləği inzibati xəta haqqında iş üzrə inzibati protokolda əksini tapmış zərər məbləği ilə eynilik təşkil etmiş, lakin həmin zaman təyin edilərək əldə edilmiş rəylə zərər məbləğinin tələb erdilən həddə deyil, 910 manat həddində olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Məhkəmə eyni zamanda tələbin iddia qaldırılması üçün 33,1 manat ödənilmiş dövlət rüsumu əvəzinin tutulması hissəsi ilə bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi üçün əsas iddia tələbinin qismən tam təmin olunduğu nəzərə alınaraq məhkəmə xərclərinə aid edilən ödənilmiş 33,1 manat dövlət rüsumunun 20 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsaslanaraq və MPM-nın 119, 216-220, 227, 233, 284-5 və 284-6-cı 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş zərərin əvəzi qismində 910 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 20 manat məbləğində pul vəsaiti olmaqla, cəmi 930 (doqquz yüz otuz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar