Məhkəmə qərarları › İş №2(056)-65/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-65/2024

29.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-65/2024 29.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə İddiaçı X2 Cavabdeh qarşı «Borc şəklində verilmiş pulun qaytarılmasına dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı X5 Cavabdeh qarşı «Borc şəklində verilmiş pulun qaytarılmasına dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 (iki min dörd yüz) manat əsas borcun, ödənilmiş dövlət rüsumu əvəzində 44 manatın və MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclasında iddiaçı X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İmişli rayonu Hacıalmuradlı kəndində ərzaq mağazası işlədir. 2021-ci ildə Cavabdeh onun bibisi oğlu ilə bibisi oğluna mxəsus torpaq sahəsində birgə qarpız əkməyə başlamış, həmin zamandan cavabdehi tanımışdır. Cavabdehi onunla bibisi oğlu tanış etmiş, Fətullaya lazım olarsa nisyə ərzaq verməsini tapşırmış, Fətulla ondan bir müddət nisyə ərzaq almış, aldığı məhsulların pulunu ödəmişdir. 2022-ci ildə Fətull ona müraciət edərək, ailəsində xəstə olmasını bildirərək ondan 2400 manat borc pul istəmiş, o, Fətullaya onu dərindən tanımadığını, buna görə tam etibar edə bilməyəcəyini, buna görə də pulu notarial qaydada verə biləcəyini demiş, Fətulla onunla razılaşmış və o, pulu xx.xx.2022-ci ildə notarial qaydada Fətullaya vermişdir. Bibisi oğlu ilə kəmiş olduqları qarpızdan xeyir götürə bilmədikdən sonra Fətulla İmişli rayonundan getmişdir. Sonradan onunla dəfələrlə əlaqə saxlayıb pulunu istəsə də, Fətulla hər dəfə bir bəhanə gətirib vaxt istəmiş, daha sonradan isə telefonlarına cavab verməmiş və borcunu qaytarmamışdır. Odur ki, hazırki iddia tələbi üçün məhkəməyə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq, məhkəmədən iddianın tam həcmdə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: 26 avqust 2022-ci il tarixli İmişli Regional “Asan Xidmət” Mərkəzinin notariusu X6 təsdiq etdiyi «Kredit müqaviləsi»dən görünür ki, Cavabdeh X1 xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 2400 (iki min dörd yüz) manat pulu borc almışdır. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSÜF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı X5 Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq 2400 manat borc pul vermişdir. Bu barədə tərəflər arasında notarial formada kredit müqaviləsi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi tərəflər arasındakı münasibət notarial formada bağlanmış bağlanmış kredit müqaviləsindən əmələ gəlmişdir. Müqavilənin etibarlılığı məhkəmə tərəfindən yoxlanılmış, müqavilənin Mülki Məcəllənin tələblərinə uyğun tərtib edildiyi, etibarsızlığa dəlalət edəcək hər hansı halın mövcud olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, borcalan Cavabdeh müqavilə üzrə öhdəliyin icrasından birtərəfli qaydada yayınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məhkəmə təqdim edilmiş sübutları bir-biri ilə müqaisəli təhlil etməklə və hər bir sübutu mənbəyinə və mötəbərliliyinə görə qiymətləndirərək iddia tələbini borc məbləğinin cavabdehdən tutulması hissəsində əsaslı sayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət haqqının cavabdehdən alınaraq idiaçının xeyrinə ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi tam təmin edildiyindən ödənilmiş dövlət rüsumunun və hüquqi xidmət haqqının əvəzi də tam şəkildə cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərdən də görünür ki, iddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu, 50 manat məbləğində isə vəkil X4 hesabına pul vəsaiti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci ildə bağlanmış müqavilə üzrə 2400 (iki min dörd yüz) manat borc pul, həmçinin hüquqi yardım üçün ödənilən 50 manat və dövlət rüsumu olaraq ödənilmiş 44 manat olmaqla, ümumlikdə 2494 (iki min dörd yüz doxsan dörd) manat pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar