Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-707/2023 07.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmənin iclas katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «Zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad rayonunun Qəzli kəndində yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 ona dəymiş zərərin əvəzində 453 manat 75 qəpik, ödənilmiş dövlət rüsumu əvəzində 30 manat, MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinin mülkiyyətinə Sabirabad RAİKnın xx.xx.1998-ci il tarixli, 01 №li qərarı ilə 0,42 ha və 0,48 ha həyətyanı sahə verilmişdir. Həmin həyətyanı sahələr qonşudur və vahid şəkildə əhatə olunmuşdur.Həyətyanı sahələrin mülkiyyətə verilməsi barədə JN-391A seriyalı, kod sayı olan ********* və JN-391B seriyalı, kod sayı 90914028 olan torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə təmin olunmuşlar. O, ailə başçısı olan anası X2 ilə yaşayır. O, digər ailə üzvlərinin razılığı ilə həyətyanı sahədə tam şəkildə yonca bitkisi əkmişdir. O, işsiz şəxsdir və ailəni həyətyanı sahədən gələn gəlirlə saxlayır. Cavabdehlər hər il qəsdən özlərinə məxsus iri və xırda buynuzlu malqaralarını onun həyətyanı sahəsinə salaraq qəsdən məhv etmişlər. Lakin o, indiyə qədər susmuşdur. Cavabdehlər isə bundan sui istifadə etmişlər. Bunu kənd icra nümayəndəsi əməkdaşları, bələdiyyə işçiləri bilirlər. Nəhayət onlar demişlər ki, bu şəxslər barədə mütləq inzibati orqanlara müraciət olunmalıdır. Beləki, axırıncı dəfə 2022-ci ilin sonlarında cavabdehlər bir neçə yüz iri və xırda buynuzlu mal qaralarını həyətimdə olan yonca sahəsinə salıb otardılar. Həmin gün o, Bakı şəhərində olmuşdur. Ona zəng edib soruşmuşlar ki, yoncanı biçəcəksən? demişdir ki, bəli biçib həyətinə yığacaqdır. Buna baxmayaraq heyvanlarını yonsa sahəsinə salaraq məhv etmişlər. X11 nə qədər səs salsa da, veclərinə almayıblar. Nəhayət anası ona zəng edib vəziyyəti demişdir. Bundan sonra o, Sabirabad RPŞ-yə ərizə ilə müraciət etmişdir. Müəyyən müddətdən sonra Sabirabad RPŞ tərəfindən dəymiş zərərin həcmini, miqdarını müəyyən etmək üçün Sabirabad DAİM-nə müraciət edilmişdir. Sabirabad DAİM-nin aqronomu Elçin Əhmədov, Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərov və onun iştirakı ilə sahəyə baxış keçirilərək xx.xx.2023-cü il tarixli Akt tərtib edilmişdir. Həmin Akt əsasında isə xx.xx.2023-cü ildə dəymiş zərərin miqdarını müəyyən etmək üçün rəy tərtib edilmişdir. Rəy əsasında mənə dəymiş zərər aşağıdakı kimi müəyyən edilmişdir: Sahədən gözlənilən məhsuldarlıq-16,5 sentner; Bir ədəd yonca kipinin çəkisi-20 kq; sentner = 1650 kq : 20 kə = 82,5 ədəd yonca kipi; 1 ədəd yonca kipinin satış qiyməti- 5,5 manat; ədəd yonca kipi x 5,5 manat = 453,75 manat; Beləiklə rəyə əsasən cavabdehlərin təqsiri nəticəsində mənə 453,75 manat ziyan dəydiyi müəyyən edilmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: JN:391A seriyalı 90914028 kod nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»nın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X10, X2, X6, X4, X7 və X5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağın mülkiyyətə verilməsi məqsədi ilə verilmiş 0,42 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət aktı qeydiyyat kitabında onların adına qeydə alınmışdır. JN:391B seriyalı 90914028 kod nömrəli «Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı»nın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Sabirabad rayon Aqrar İslahat Komissiyasının 30 yanvar 1998-ci il tarixli 01 saylı qərarı ilə X10, X2, X6, X4, X7 və X5 fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağın mülkiyyətə verilməsi məqsədi ilə verilmiş 0,48 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət aktı qeydiyyat kitabında onların adına qeydə alınmışdır. Sabirabad DAİM-nin mütəxəssi aqronomu Elçin Əhmədov, Quruzma bələdiyyəsinin sədri Mirmövsüm Heydərov və Qəzli kənd sakini İddiaçı birgə iştirakları ilə xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Qəzli kəndində tərtib edilmiş aktdan görünür ki, Sabirabad RPŞ-dən Sabirabad DAİM-nə daxil olmuş məktubda Qəzli kənd sakini İddiaçı məxsus əkin sahəsindəki yonca əkinini Qəzli kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mal-qaraya yedizdirilərək ona maddi ziyan vurulduğu bildirilmiş, ziyanın müəyyən olunması üçün mütəxəssis göndərilməsi xahiş edilmişdir. Müraciətlə əlaqədar olaraq həmin yonca əkini sahəsinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı sahədəki yonca məhsulunun çoxlu sayda iri və xırda buynuzlu heyvanlar tərəfindən yeyildiyini müəyyən etmişlər. Sahədə heyvanların dırnaq izləri, ifrazatları aydın görünürdü. 1 hektar olan bu sahədə olan yonca bitkisinə vurulmuş ziyan barədə mütəxəssis rəyinin verilməsi Elçin Əhmədova həvalə olunmuşdur. Sabirabad DAİM-nin mütəxəssis-aqronomu X3 tərtib etdiyi xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Sabirabad RPŞ-dən Sabirabad DAİM-nə daxil olmuş məktubda Qəzli kənd sakini İddiaçı məxsus əkin sahəsindəki yonca əkinini Qəzli kənd sakinləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən mal-qaraya yedizdirilərək ona maddi ziyan vurulduğu bildirilmiş, ziyanın müəyyən olunması üçün mütəxəssis göndərilməsi xahiş edilmişdir. Müraicətlə əlaqədar olaraq həmin yonca əkini sahəsinə baxış keçirmiş və aşağıdakı rəyə gəlmişdir. Qəzli kənd sakini İddiaçı həyətyanı sahə olan 1 hektar torpaq sahəsində yonca əkininə aqrotexniki qulluq edərək normal sıxlıqda əkin almışdır. 2 illik yonca əkini olan bu həyətyanı sahədən yaxşı məhsul alınır. Normal sıxlıqda və yaxşı inkişaf dövründə bu sahənin sonuncu biçinindən orta hesabla hər hektardan 16-18 senter ot məhsulu götürmək olar. Noyabr ayında havaların mülayim və yağışlı keçməsi səbəbindən ot bitkilərinin inkişafı yaxşı olmuşdur. Lakin sahə çoxlu sayda iri və xırda buynuzlu heyvanlara otarılaraq yedizdirildiyi üçün gözlənilən ot məhsulu götürülməmişdir. Vurulmuş ziyan aşağıdakı kimi hesablanmışdır 1. sahədən gözlənilən məhsuldarlıq-16,5 senter, 2. Bir yonca kipinin çəkisi -20 kq, 3. 16,5 senter=1650kq:20 kq=82,50 ədəd. Qəzli kənd sakini İddiaçı 1 hektar yonca sahəsinin iri və xırda buynuzlu heyvanlara yedizdirilməsi nəticəsində ona 82,50 ədəd yonca kipi miqdarında ziyan vurulmuşdur. Hazırda 1 ədəd yonca kipinin satış qiymətinin 5,50 manat olduğunu nəzərə alsalar İddiaçı 82,50 ədədx5,50 manat=453,75 manat miqdarında maddi ziyan vurulmuşdur. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırkı iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 hazırki iş üzrə İddiaçı məxsus 1 ha torpaq sahəsində yetişdirilmiş yonca məhsulunu iri və xırda buynuzlu malqaralarına yedizdirməklə əkin sahəsini tam yararsız vəziyyətə salmaqla mülkiyyətçilərə 453,75 manat miqdarında maddi ziyan vurmuşlar. İddiaçı tərəf iddiasını müdafiə edir, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər və iddia tələbinə dair öz etiraz və mülahizəsini bildirməmişlər. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları bir-birilə müqayisəli şəkildə təhlil etməklə hər bir sübutu öz mənbəyinə və mənsubiyyətinə qiymətləndirməklə iddiaçının izahatını, aktı və mütəxəssis rəyini işin faktiki hallarına uyğun gəldiyinə görə mötəbər hesab edir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsi ilə bağlı Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehin istifadəsində olan torpaq sahsini suvaran zaman ehtiyatsızlığı üzündən əkin sahəsinə zərər vurması faktı öz təsdiqini tapmışdır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 vurulmuş ziyana görə 453.75 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. İddiaçı əsas borcla bərabər onun tərəfindən mülki işin hazırlanması üçün hüquqi yardım kimi vəkilə ödənilmiş 30 manat manat məbləğində haqqın və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə, iddia tələbinin əsas hissəsinin (ziyanla bağlı) tam təmin edilməsini nəzərə alaraq tələbi bu hissələrdə də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada vurulmuş ziyana görə 453,75 (dörd yüz əlli üç manat yetmiş beş qəpik) manat zərərin əvəzi, ödənilmiş dövlət rüsumuna görə 30 manat və ödənilmiş hüquqi xidmət haqqına görə 30 manat olmaqla, cəmi 513,75 (beş yüz on üç manat yetmiş beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-707/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-707/2023
07.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver