Məhkəmə qərarları › İş №2(056)-708/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-708/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-708/2023 14.07.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili X6, Cavabdeh və onun vəkili eyni zamanda nümayəndəsi Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 70.000 (yetmiş min) manat pulun və dövlət rüsumu kimi ödədiyi 300 (üç yüz) manatın, cəmi 70.300 (yetmiş min üç yüz) manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh təxminən 15-20 ildir ki, tanıyır, əvvələr münasibətləri həmişə yaxşı olmuşdur. Sübhan mebel satışı ilə məşğul olur. Sübhan dəfələrlə ondan borca pul alıb qaytarmışdır. 2021-ci ilin may ayında idarə etdiyi oğlu Davud Orucovun adına olan “Mersedes” markalı yük avtomobilini yeni yük avtomobili almaqdan ötrü 60.000 manata satmış, Almaniya Respublikasından 3 ay sonra gələcək “Mersedes” markalı təzə model yük avtomobilini almağı planlaşdırmışdır. Bu barədə məlumatı olan Sübhan ondan xahiş etmişdir ki, həmin pulu üç ay müddətinə, yəni yeni avtomobil gələnə kimi ona versin. O, həmin 60.000 manatı öz ticarət dövriyyəsinə əlavə edib 3 ay ərzində xeyli miqdarda gəlir əldə edəcəyini, bunun müqabilində ona hər ay 3.000 manat verəcəyini bildirmişdir. O da Sübhanın bu xahişi yerinə yetirib, 60.000 manat pulu 2 dəfəyə olmaqla ona nağd qaydada vermişdir. Sübhan pulu alandan sonra ilk üç ay ərzində qazancdan hər ay ona 3.000 manat pul vermişdir. 2021-ci ilin sentyabr ayında şifahi razılaşdıqları kimi o, Cavabdeh ona verdiyi 60.000 manatı tələb etmişdir. Sübhan ona sentyabr ayının sonunda pulu verəcəyini bildirsə də, müxtəlif bəhanələrlə oktyabr ayının sonunadək pulunu ona verməmişdir. 2021-ci il oktyabr ayının sonunda Sübhan ona bildirmişdir ki, bankdan kredit götürmüşdür, ödəməkdə gecikməsi olduğu üçün ona yeni kredit verilməyəcəkdir. Ona görə də ona bildirmişdir ki, ona 10.000 manat pul tapıb versə o, həmin pulu banka ödəyəcək və adına olan kreditdə problem yaranmayacağı üçün ona ayrılmış kredit xətti üzrə bankdan əlavə 150.000 (yüz əlli min) manat da kredit götürə biləcək və götürəcəyi həmin kreditdən ona olan 60.000 manat əvvəlki borcu və verəcəyi əlavə 10.000 manat da olmaqla cəmi 70.000 manat pulu 2021-ci il dekabr ayının sonunda verəcəkdir. O, əlacsız qalıb bu təkliflə razılaşmış, 2021-ci ilin noyabr ayında 10.000 manat pulu tanışı X3 yanında Cavabdeh vermişdir ki, aparıb bankdakı məsələsini həll etsin və dekabr ayında götürəcəyi 150.000 manat kredit pulundan ona olan 70.000 manat borcu ödəsin. Sübhan 10.000 manat pulu ondan alandan sonra mağazadakı dəftərdə öz xətti ilə qeyd etmişdir ki, ona 70.000 manat borcu vardır. Dekabr ayının sonunda o, Cavabdehlə əlaqə saxlayıb borcunu qaytarmasını tələb etmiş, Sübhan isə ona bildirmişdir ki, bankdan götürdüyü əvvəlki kreditə görə gecikmə olduğu üçün ona yeni kredit verməkdən imtina etmişlər. O, o zaman Sübhandan tələb etmişdir ki, sonuncu dəfə verdiyi 10.000 manatı və əvvəlki verdiyi 60.000 manatın heç olmasa yarısını ona qaytarsın. Sübhan isə ona cəmi 1.000 (bir min) manat pul verib dedi ki, bu ay onun qazancından ona düşən hissədir. Sübhan 70.000 manat borcu imkan daxilində qısa müddət ərzində qaytarmağa söz vermişdir. Amma hər dəfə müxtəlif bəhanələr gətirməklə onu aldadıb bu günə kimi pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək əlavə olaraq bildirdi ki, o, Sübhandan ona olan borcunu tələb etdiyi zamanlarda Sübhan ona “İrşad Electronic”-in ona vermiş olduğu icra haqqının köçürülməsi ilə bağlı kartı verib bildirmişdir ki, bu karta hər ay 5500 manat pul köçürülür, hər ay həmin vəsaiti oradan çıxaracaqsan, mən də əlavə hər ay 10000 manat sənə verəcəm, bu yolla borcu bağlayaq. O, Sübhanla bu barədə razılaşdıqdan sonra növbəti ay kartdan pulu çəkmək istədikdə kartda pul olmadığını görüb Sübhana müraciət etmiş, Sübhan ona pulun yəqin vergi tərəfindən tutulmasını, gələn ay çıxara biləcəyini bildirmişdir. Növbəti ay yenə pul çıxara bilməmiş, Sübhanın geci çıxarmasını, pulu bankın çəkməsini bildirmişdir. Sonradan maraqlanmış, məlum olmuşdur ki, Sübhan kartı bloklayıb. O, kartdan ilk əvvəllərdə bir dəfə Sübhanın oğlu vasitəsi ilə 3500 manat pul çıxarılmış, Sübhan həmin puldan ona 1000 manat vermiş, qalan 2500 manat pulu isə banka olan borcu ilə əlaqələndirib özü götürmüşdür. Hazırda həmin kartı məhkəməyə təqdim edir. Dəfələrlə pulunu Sübhandan istədikdə Sübhan hələ gözləməsini, pulu olan kimi borcunu verəcəyini bildirmişdir. Hətta bu barədə səs yazıları da vardır. Həmin yazıları CD diskə köçürüb məhkəməyə təqdim etmişdir. Səs yazıları bu ilin yanvar ayına aiddir. Səs yazıları yazılanda Sübhana ondan şikayət etmək istəmədiyini bildirmiş, pulunu qaytarmasını tələb etmişdir. Sübhan isə ilk vaxtlarda gözləməsini, daha sonra isə hara istəyirsə müraciət edə biləcəyini bildirmişdir. Səs yazısında həmçinin o, Sübhana 2023-cü ilin yanvar ayına kimi ona 21000 manat pul ödədiyini bildirmişdir. Həmin pul da Sübhanın borc alarkən ona qazancından verəcəyi ilə bağlı verdiyi vədlə əlaqədar qazancdan etdiyi ödənişlər olmuş, borca heç bir aidiyyəti olmamışdır. Sübhan borcu ödəməkdən imtina etdikdən sonra o, ortaq tanışları olan Sabirabad RPŞ-də rəis müavini işləyən Aqşinə müraciət etmiş, Aqşin Sübhanla bu barədə söhbət etmiş, Sübhan mart ayına kimi borcunu bağlayacağını bildirmişdir. Bundan sonra o, Mart ayına kimi gözləmiş, Sübhan vədinə əməl etmədiyi, onu yenə də aldatdığı üçün məhkəməyə müraciət etmişdir. Sübhan Aqşinə də ona 70000 manat borcu olmasını etiraf etmişdir. Hətta o, fevral ayında polis şöbəsinə ərizə ilə müraciət etdiyi zaman izahatı alınarkən də ondan borc almasını etiraf etmiş, guya ona 68000 manat qaytarmasını bildirmişdir. Lakin o, bu barədə hər hansı sübuta istinad edə bilməmişdir. Tələb etdiyi 70000 manatdan əlavə o, cavabdehə onunla şərik işləyən Seyiddürrə adlı xanımın xahişi əsasında 8000 manat pulu digər bir şəxsdən alıb cavabdehə borca vermiş, cavabdeh həmin vəsaitin digər şəxsdən götürüldüyünü bildiyi üçün həmin borcu ödəmişdir. Cavabdehin istinad etdiyi ödənişlər də həmin borcla bağlı olmuşdur. Hazırda o, məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X9 iddiaçının izahatının məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, o, Sakiti uzun illərdir ki, tanıyır. Münasibətləri yaxşı olmuşdur. O, əvvəllər də iddiaçıdan borc pul almış və qaytarmışdır. xx.xx.2016-cı ildə o, iddiaçıdan 1000 manat pulu faizlə almış, pulu verərkən iddiaçı 600 manatı faizə çıxıb ona 9400 manat pul vermişdir. Bundan sonra 2020-ci ildə o, iki dəfə olmaqla yenə iddiaçıdan 10000 manat faizlə pul götürmüş, hər həfəsində iddiaçı puldan 600 manat faiz pulu olaraq götürüb ona 9400 manat pul vermişdir. Pul götürdükdən sonra o, cavabdehə 4 dəfə hər ay 3500 manatdan olmaqla faiz qismində pul ödəyib. Sonradan iddiaçı ondan onu işinə şərik qoşmasını tələb etmiş, o, razılaşmamış, bundan sonra iddiaçı faizi qaldırmışdır. O, 30000 manat pulu tam qaytara bilmədiyi üçün hər ay 3500 manat ödəyib. Sonradan imkanı olmadığı üçün hər ay 3000 manatdan ödəniş etmiş, 10 dəfəyə iddiaçıya 30000 manat pul vermişdir. Bundan əlavə isə, iddiaçıya 1 dəfə 2000 manat, 1 dəfə isə 1500 manat ödəniş etmişdir. O. bu barədə dəftərində də qeydiyyat aparmışdır. Həmin dəftəri tədqiq edilməsi üçün məhkəməyə təqdim edir. Pandemiya zamanı ödəniş edə bilmədiyi üçün iddiaçı ondan “İrşad”-a məxsus icarə haqqı kartını istəmiş, o, kartını iddiaçıya vermişdir. Kartı verməmişdən əvvəl o, iddiaçıya vergi və bank borcu olması ilə əlaqədar pulun kartdan silinməsini bildirmişdir. Karta bir dəfə 5500 manat pul köçmüş, iddiaçı onun oğlu Röyalla gedib həmin vəsaiti çıxarmış, 2000 manatını iddiaçıya vermiş, 3500 manatı isə özü götürmüşdür. Onun tələb edilən məbləğdə iddiaçıya borcu yoxdur. Bu günə kimi o, təxminən iddiaçıya 50000 manat pul ödəmişdir. Onun olsa-olsa iddiaçıya 18000-20000 manat borcu qala bilər. İddiaçı ilə aralarında olan borcla bağlı onda da səs yazıları vardır. Orada da iddiaçı ondan 21000 manat almasını etiraf etmişdir. Təklifi odur ki, iddiaçı ona edilmiş ödənişləri hesablasın, hesabladığı məbləği verdiyi borcdan çıxsın və yerdə qalan məbləği o, ödəsin. Ona görə də o, iddianın qismən, yəni 18000-20000 manat civarında təmin edilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi eyni zamanda vəkili Vəkil1 Cavabdeh ilə eyni məzmunlu izahat verərək, cavabdehin əslində iddiaçıya heç bir məbləğdə borcu qalmadığını, faizlə verilmiş pulun artıqlaması ilə iddiaçıya qaytarıldığını bildirərək, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadə verərək bildirdi ki, o, Sakitlə həmkəndlidir. Sakit Sübhana borca pul verəndə o da orada olmuşdur. Sakit Sübhana ümumilikdə 70000 manat borca pul vermişdir. Dəfələrlə Sakit onunla Sübhanın yanına gedib və ya onun yanında zəng edib borcunu tələb etmiş, Sübha hər dəfə tələsməməsini, işlərini qaydasına salıb pulu olan kimi ona olan borcunu ödəyəcəyini bildirmişdir. Bildiyi qədəri ilə Sübhan Sakitə 70000 borcunu bu günə kimi qaytarmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, o, Sabirabad Rayon Polis Şöbəsində rəis müavini vəzifəsində işləyir. 2022-ci ilin payız ayında Sakit ona yaxınlaşmışdır ki, Sübhanın ona 70.000 manat borcu var və onu qaytarmır. O, da cavab olaraq demişdir ki, ərizə ilə müraciət etsin. O, da demişdir ki, hələ müraciət etmək istəmir, çünki uzun illərə dayanan münasibətləri var. Ondan xahiş edir ki, Sübhanı o da tanıdığı və münasibəti olduğu üçün ona Sübhandan pulun alınmasında köməklik etsin. Bundan sonra o, Sübhanla bu barədə söhbət etmiş, ayıb olmasını, Sakitə olan borcunu qaytarmasını demişdir. Sübhan isə heç kimə borcu olmadığını bildirmişdir. O, bu barədə Sakitə bildirdikdə, Sakit Sübhanın yalan danışdığını, borcu yoxdursa əgər niyə ona “İrşad”ın icra haqqı kartını verdiyini bildirmişdir. Bundan bir müddət sonra, təxminən bu ilin yanvar ayında bazar tərəfdə o, Sübhanı görmüş, yenə Sübhana Sakitə olan borcunu ödəməsini təklif etmiş, Sübhan yenə də Sakitə borcunun olmadığını bildirdikdə, o, cavab olaraq Sakitdən borcu yoxdursa, nəyə görə kartının Sakitdə olduğunu soruşmuş, bu sualı verdikdən sonra, Sübhan bir qədər duruxmuş və bundan sonra borcunu etiraf etmiş, imkanı olmadığından bu günə kimi borcunu ödəyə bilmədiyi, lakin marta qədər tam ödəyəcəyini ona bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Cavabdeh 15 ildir ki, tanıyır. O, Sübhanın mebel mağazasının işlək vəziyyətə gətirilməsi üçün o zamanlar sərmayə qoymuş, buna görə də hər ay Sübhan ona qazancından müəyyən faizlər ödəyir. Özü xəstə və yaşlı olduğu üçün mağazaya arabir gedib gəlir. Aylıq dərmanları 580 manat edir. Həmin vəsaitin 350 manatını özü təqaüdü ilə ödəyir, qalanını isə Sübhan ödəyir. Sakiti isə tanımır. O, Sakitdən Sübhana borc verməsi barədə hər hansı xahiş etməmişdir. O, Sakiti bir neçə dəfə Sübhandan pul götürməyə gedəndə Sübhanın mağazasında görmüş, 1 dəfə Sübhandan həmin şəxsin kimliyini soruşmuş, Sübhan ondan faizlə pul aldığını, ona faiz verdiyini bildirmişdir. O, Sübhandan Sakitdən nə qədər pul alması barədə maraqlanmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, o, Cavabdeh 15-20 ildir ki, tanıyır. Belə ki, o, Sübhanın işlətdiyi mağazada fəhlə işləyir. Sakiti Sübhana görə tanımışdır. Sübhanın bildirməsinə görə o, Sakitdən 30000 manat faizlə borca pul almışdır və ayda 2500-3000 manat ödəniş edir. Sakitin Sübhana 30000 manat borc pul verməsini o, görməmişdir, Sübhandan eşitmişdir. O, Sübhanın Sakitə hər ay 2500-3000 manat pul verməsini görmüşdür. Sübhan Sakitə hər ay pul ödəyirdi və o, 5-6 dəfə pul veriləndə görmüşdür. Sonuncu dəfə 7-8 ay bundan əvvəl ödəniş olanda görüb. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X11 ifadə verərək bildirdi ki, o, Cavabdeh oğludur. 2020-ci ildə məktəbdə oxuyanda hazırlığa və atasının yanına gedib-gəlirdi. Sakiti orda görmüşdür. O vaxtı onun kim olduğunu bilmirdi. Sonradan bilmişdir ki, atası həmin şəxsdən borca pul alıb. 1 dəfə atası Sübhan ona “İrşad”ın kartını verdi, dedi ki, 5500 manat kartda pul var, get Sakitlə çıxart gəl, o da sakitlə gedib pulu çıxarıb mağazaya qayıtmış, pulu və kartı atasına vermiş, atası həmin puldan 2000 manatını Sakitə vermişdir. O, atasının sakitdən nə qədər borc almasını, həmin şəxsə pul qaytarıb-qaytarmadığını bilməmiş, nə də atası kartını Sakitə verəndə görməmişdir. Şahid ifadələrindən sonra iddiaçının nümayəndəsi və vəkili Tural Kərimov bildirdi ki, şahid qismində dindirilmiş şəxslərin ifadələrinin mötəbərliyi sual doğurmaqdadır. Belə ki, şahidlərdən biri cavabdehin oğlu, biri uzun müddət mağazasında işləyən fəhlə, digəri isə hər ay xeyrinə ödənişlər etdiyi şəxsdir. Belə olan halda həmin şəxslərin obyektiv ifadə verməsi qeyrimümkündür. Bundan əlavə, cavabdehin məhkəməyə sübut kimi təqdim etdiyi ödənişlərlə bağlı dəftərin tədqiqi zamanı məlum olmuşdur ki, dəftərdə ilk vərəqdə qeydlər 2010-cu illə bağlı olsa da, dəftərin arxa üz hissəsindən görünür ki, dəftər 2017-ci ildə istehsal olunmuşdur. Həmin dəftərdə olan qeydlər də bu xüsusla mötəbər sübut kimi nəzərə alına və qiymətləndirilə bilməz. Cavabdeh tərəfindən həyata keçirilmiş 2000 manatlıq ödənişə gəldikdə isə o, 2022-ci ilə aid olmuşdur. Həmin məbləği iddiaçı 1000 manat, cavabdeh 2000 manat qeyd etsə də, önəmli olan odur ki, həmin kartdan çıxarılaraq həyata keçirilmiş ödəniş səs yazılarının qeydə alındığı bu ilin yanvar ayından əvvələ aiddir. Bu ilin yanvar ayına aid səs yazısında isə iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmişdir. Ona görə də həmin ödəniş hazırki halda nəzərə alına bilməz. Həmin ödəniş iddiaçının bildirdiyi kimi Seyiddurrə adlı xanımın xahişi ilə cavabdehə verilmiş 8000 manatla bağlı olmuş, ona görə də səs yazısı qeydə alınarkən həmin məbləğ nəzərə alınmamış, cavabdeh də 70000 manat borc tələb ediləndə həmin məbləğlə bağlı iddiaçıya hər hansı etirazını bildirməmişdir. Son olaraq cavabdeh hazırda iddiaçıya 50000 manat ödədiyini bildirsə də, fevral ayında qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda iddiaçıya 68500 manat ödəməsini göstərmişdir. Bu fakt da cavabdehin düzgün ifadə vermədiyinin göstəricisi kimi qiymətləndirilməli və nəzərə alınmalıdır. Səs yazısında iddiaçının cavabdehə “bu günə kimi 21000 manat pul vermisən” ifadəsi isə qiymətləndirilərkən, cavabdehin özünün də etiraf etdiyi kimi cavabdehin qazancından iddiaçıya pul verəcəyi ilə bağlı vədi ilə əlaqədar olmuşdur. Həmin pul borc verilmiş 70000 manat pulla əlaqədar olmamışdır ki, iddiaçı səs yazısında dəfələrlə cavabdehdə 70000 manat borcu olmasını xatırlatmaqla niyə verməməsini soruşmuş, əgər 21000 manat həmin borcla bağlı olmuş olsa idi, cavabdeh ayın 03-də 70000 manat borca etirazını bildirmiş olardı. Son olaraq ona da qiymət verilməlidir ki, cavabdeh izahatında iddiaçının ona faizlə pul verməsini bildirir. Ona iddiaçının ona neçə faizlə pul verməsi sual verilərkən, cavabdeh 10%lə verildiyini bildirmişdir. Əgər cavabdehin dediyi həqiqəti əks etdirmiş olsa idi, o, əgər iddiaçıdan 30000 manat almış olsa idi, həmin məbləğin də 10%-i 3000 manat edərdi. Cavabdeh isə faiz olaraq iddiaçıya hər ay 3500 manatdan ödəniş etdiyini bildirməkdədir. Bu hal da cavabdehin düzgün ifadə verməməsinin göstəricisi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəməyə təqdim etmiş olduqları sübutlar və səs yazısı nəzərə alınmaqla o, məhkəmədən iddianın tam təmin edilməsini xahiş edir. İddia ərizəsinə əlavə olunmuş: Sabirabad RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X7 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı Cavabdeh 70000 manat borc verməsi ilə bağlı şikayəti üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmış, İddiaçı mülki qaydada aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərarda olan Cavabdeh izahatının məzmunundan görünür ki, o, İddiaçı 20 ildir tanıyır. O, Sakitdən 2020-ci ildə faizlə pul almış, Sakitə 68500 manat pul qaytarmışdır. Sakit ona inanmadığı üçün İrşadkomun kartını Sakitə vermişdir. Məhkəməyə iddiaçı tərəfindən tərəflər arasında danışığı əks etdirən CD-disk təqdim edilmiş, həmin disk tərəflərin, nümayəndə və vəkillərinin iştirakı ilə tədqiq edilmiş, tədqiq edilərkən xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehdən ona pul veribverməyəcəyini soruşmuş, cavabdeh ayın 8-i gəlməsini bildirmiş, iddiaçı ayın 8-i nə dəyişəcəyini soruşmuş, cavabdeh olacağını bildirmiş, iddiaçı ona “krupnı” pul verdiyini, keçən ay 20000 verəcəyini dediyini, vermədiyini, xəstəsi olduğunu, pula ehtiyacı olduğunu bildirmiş, neçə vaxtdır ona pul verdiyi, ala bilmədiyini, ona məhkəməyə düşüb-düşməmələrini sual etmiş, cavabdeh “düşək də” deyə cavab vermiş, daha sonra “70000 sənə əlimlə pul vermişəm, uje polisə düşürəm” deyə bildirmişdir. xx.xx.2023-cü il tarixinə aid səs yazısında iddiaçı cavabdehi səsləmiş, gəlmiş, salamlamışlar, iddiaçı ayın 8-ni deməsini xatırlatmış, cavabdeh ona dünən dostunun qardaşlığının gəlməsini demiş, iddiaçı niyə gəlməsini soruşmuş, cavabdeh “sən yollamışdın” deyə cavab vermiş, iddiaçı allaha and içərək inkar etmiş, cavabdehə “demişdin 8-i gəl, ver də pulu” demiş, cavabdeh müsbət cavab vermədiyi üçün iddiaçı “sənə demişdim də yalan deyirsən 8-i olacaq 15-i, 15-i olacaq 20-si, 20-si olacaq 30-u. Demişdim də belə davam edəcək 2021-ci ilin sentyabr ayında bu belə davam edir”, cavabdeh imkanı olmadığını, televizor alanın gəlin pulunu istədiyini, malları nisyə buraxdığını bildirmiş, iddiaçı bunların ona maraqlı olmadığını, əli ilə ona 70000 manat verdiyini, pulunun dalınca gəldiyini, cavabdeh ona 50000 borcu olduğunu bildirmiş, iddiaçı niyə 50000 olduğunu, il yarımdır əsir qaldığını, 20000-in hara getdiyini soruşmuş, o pulun ona haram ola biləcəyini, həmin pulun ailəsinin qazancı olduğunu bildirmiş, həmin pulu alarkən ona işləyib qazancından da pul verəcəyini deyib-demədiyini soruşmuş, cavabdeh “demişdim, ama sən də mənə ziyan vurdun” deyə cavab vermiş, iddiaçı ona nə ziyan vurduğunu, nə qədər ziyan vurduğunu, vurduğu ziyanı deməsini, vurmuşdursa ödəməyə hazır olduğunu bildirmiş, cavabdeh “sən özün bilmədin” deyə sual etmiş, iddiaçı allaha and içərək bilmədiyini bildirmiş, dalınca bu fırıldağın işləməyəcəyini, əli ilə ona 70000 pul verdiyini, aralarında dəftər olduğunu, ora yazıldığını bildirmiş, cavabdeh isə ona 50000-60000 manat ödədiyini, iddiaçı isə bu günə kimi ona 21000 manat ödədiyini, verdiyi 70000 manatın üstünü istəmədiyini, həmin pulunu verməsini bildirmiş, cavabdeh isə 30000-40000 manat borcu olduğunu, hələ hörmət edib borcunun 50000 manat olduğunu qeyd etdiyini bildirmiş, iddiaçı ondan dəftərini açmasını tələb etmiş, cavabdeh isə iddiaçının bu tələbinə razılıq ifadə etməmiş, iddiaçı onun pulunu kimsənin yeyə bilməyəcəyini bildirdikdən sonra cavabdeh yeyə biləcəyini, kimə istəyirsə şikayət edə biləcəyini iddiaçıya bildirmişdir. Məhkəmə izahatları, şahidlərin ifadələrini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb və iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında borc münasibətləri mövcud olmuş, iddiaçı cavabdehə borc pul vermiş, cavabdeh həmin pul vəsaitini qəbul etməklə iddiaçıya aldığı borc pul vəsaitindən əlavə həyata keçirdiyi iş fəaliyyəti ilə bağlı əldə edəcəyi gəlirdən pay verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən hallar tərəflərin izahatı, həmçinin məhkəməyə təqdim edilmiş səs yazıları ilə də öz təsdiqini tapmaqdadır. Hazırda tərəflər arasında mübahisə borc məbləği ilə əlaqədar yaranmaqdadır. İddiaçı borc verdiyi pulun ona qaytarılmadığını iddia edir, cavabdeh isə həmin pulun əksər hissəsinin qaytarılmasını, iddiaçıya maksimum 18000-20000 manat civarında borcu bildirir və bu hissədə iddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə tərəflərin mövqeləri ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sübutlardan aydın olur ki, bu ilin yanvar ayına aid səs yazısında iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmiş, həmin məbləğlə bağlı iddiaçıya hər hansı etirazını bildirməmişdir. Əksinə, hazırda cavabdeh tərəf bir tərəfdən iddiaçıdan ümumilikdə 30000 manat borc pul alınmasını, bir tərəfdən səs yazısında əksini tapan 21000 manat ödənişin hazırki borcdan ödəniş kimi nəzərə alınmalı olmasını, bir tərəfdən səs yazısında iddiaçıya 30000-40000 manat borcu olduğunu, digər tərəfdən hazırki halda iddianın maksimum 18000-20000 manat civarında təmin edilməsinə etirazının olmamasını bildirməklə tələblə bağlı ziddiyyətli mövqe nümayiş etdirmişdir. Digər tərəfdən iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda cavabdeh iddiaçıya 68500 manat pul qaytarmasını, hazırki məhkəmə araşdırması zamanı isə 50000 manat ödəniş etməsini bildirməklə yenə də ziddiyyətli mövqe nümayiş etdirmiş, bu ziddiyyətin yaranma səbəbini izah edə bilməmişdir. Bundan başqa, tədqiq edilən səs yazısından aydın olmuşdur ki, tərəflər arasında yaranmış borc məbləği ilə bağlı cavabdehdə müvafiq qeydiyyat dəftəri mövcud olmuş, məhkəməyəqədərki mərhələdə tərəflər arasında danışıqlar gedərkən iddiaçı cavabdehdən həmin dəftəri gətirməsini, borcu aydınlaşdırmalarını tələb etsə də, cavabdeh həmin an razılıq ifadə etməmiş, lakin məhkəmə araşdırması zamanı məhkəməyə borc məbləğinin qeydiyyatı ilə bağlı dəftər təqdim etmişdir ki, həmin dəftər də tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkilinin vurğuladığı kimi dəftərdə əksini tapan borc məbləğlərinin qeydiyyatının başlanğıc tarixi 2010-cu ilə aid dövrdən başlansa da, dəftərin istehsal tarixi 2017ci ilə aid olmuşdur. 2017-ci ilin istehsalı olan dəftərə 2010-cu ilə aid məlumatların hansı qaydada əks etdirilməsi, bu dəftərdəki məlumatların sübut qismində mötəbərliyi barədə sual olunarkən isə cavabdeh bu barədə hər hansı mövqe nümayiş etdirə bilməmişdir. Bundan başqa, cavabdeh pulu iddiaçıdan faizlə almasını bildirmiş olsa da, iddiaçının nümayəndəsi və vəkilinin faizin həcmi barədə sualına 10% olaraq cavab vermiş, iddiaçının nümayəndəsi və vəkilinin əgər borc məbləği 30000 manat təşkil etmişdisə, hansı səbəbə bir eçə ay 3500 manatdan ödəniş edilməsi, hansı səbəbdən hər dəfəsinə 10000 manat olmaqla pul verilmişdirsə 10% olaraq həmin puldan 1000 manat çıxılıb pul cavabdehə təqdim edilməsi əvəzinə 600 manat çıxılıb 9600 manat pul təqdimat edilməsi barədə sualına da cavabdeh tərəf hər hansı cavabla qarşılıq verə bilməmişdir. Digər tərəfdən cavabdeh tərəfindən həyata keçirilmiş 2000 manatlıq ödənişin nəzərə alınmalı olması ilə bağlı cavabdeh tərəfin mövqeyinə gəldikdə isə qeyd edilməlidir ki, həqiqətən də tərəflər həmin ödənişin 2022-ci ilə aid olmasını mübahisələndirməmişlər. Həmin məbləği iddiaçı 1000 manat, cavabdeh 2000 manat qeyd etsə də, qiymət verilməli və nəzərə alınmalı olan hal odur ki, bu ilin yanvar ayına aid səs yazısında iddiaçı cavabdehdən 70000 manatını qaytarmasını tələb etmiş, cavabdeh isə gözləməsini bildirmiş, yəni həmin zaman da bu halın iddiaçı tərəfindən nəzərə alınmamasına etirazını bildirməmiş, bununla da cavabdeh dolayısı ilə həmin məbləğin tərəflərin özünün mübahisələndirmədiyi hal olan verilmiş borc məbləğinin qarşılığında cavabdehin qazancından iddiaçıya ödəməyi öhdəsinə götürdüyü pul vəsaitinə aid olduğunu qəbul etmişdir. Son olaraq şahid ifadələrinin mötəbərliyinin qiymətləndirilməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının nümayəndəsinin qeyd etdiyi kimi məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş şahidlər bir növ birbaşa və dolayısı ilə cavabdeh tərəflə yaxınlıq münasibətində olduqları üçün onların ifadələri işin obyektiv həllinə xidmət edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, göründüyü kimi, şahidlərdən biri cavbdehin oğlu, digəri 15 ildən artıqdır yanında fəhlə işləyən şəxs, digəri isə uzun müddətdir aylıq qazancından müəyyən məbləğdə ödənişlər həyata keçirdiyi, həmin ödənişlərə görə cavabdehə daha bağlı olan şəxsdir. İddiaçının məhkəməyə təqdim etmiş olduğu şahidlərdən isə X3 ifadəsi mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, cavabdehin təqdim etdiyi şahidlərlə bağlı qeyd edilən xüsusatlar hazırda adı çəkilən şəxsə də aid hesab edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən şəxs iddiaçı ilə həmkəndli olmaqla uzun müddətdir yaxın münasibətdə olduğu şəxsdir. Həmin şəxsin də iddiaçının mənafeyinə uyğun ifadə verməsi, ifadəsində həqiqəti tam əks etdirməməsi mümkün və realdır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən, həmçinin məhkəməyə təqdim edilmiş səs yazılarında əksini tapan halları və aşağıda sadalanmış qanunvericilk normalarını və səs yazısının sübut kimi nəzərə alınması ilə əlaqədar Plenum Qərarında əks olunmuş mövqeni nəzərə alaraq hesab edir ki, iddia tələbi tam əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin ödənilmiş 300 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPMnin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırki halda iddia tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi 300 manat məbləğində pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 70.000 (yetmiş min) manat borc və dövlət rüsumu kimi ödədiyi 300 (üç yüz) manat olmaqla, cəmi 70.300 (yetmiş min üç yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar