Məhkəmə qərarları › İş №2(056)-73/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-73/2023

01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-73/2023 01.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı, vəkili Yevlax Şəhər Vəkil Bürosunun X1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6524 manat məbləğində borcun, 86 manat məbləğində dövlət rüsumunun, 400 manat məbləğində hüquqi yardıma görə ödənilmiş məbləğin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5724 manat məbləğində borcun, 86 manat məbləğində dövlət rüsumunun, 400 manat məbləğində hüquqi yardıma görə ödənilmiş məbləğin tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ondan 8000 manat pul borc almışdır. Yəni əslində onu inandırmış və o, bankdan kredit götürüb cavabdehə borca vermişdir. O da 7450 manat bankdan pul götürərək üstünü düzəldib cavabdehə 8000 manat pul vermişdir. Aralarındakı razılaşmaya görə, kredit məbləğini cavabdeh hər ay 235 manat olmaqla bank məbləğini hər ay ödəməli idi. Ancaq cavabdeh götürmüş olduğu 8000 manat pulu tam ödəməmiş, gecikmələrə yol vermişdir. Cavabdeh hərbiçidir. Əvvəl N saylı hərbi hissədə xidmət edirdi. Hazırda isə N saylı hərbi hissədə xidmət edir. O, bu barədə ondan hərbi prokurorluğa belə şikayət etmişdir. Bundan sonra o, bir qism məbləğ ödəniş etmişdir. Onun götürdüyü borcla bağlı imzalı müqaviləsi vardır. Həmin müqavilə bu gün qüvvədədir. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili X3 iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirdi ki, İddiaçınun ona qarşı qaldırmış olduğu iddia tələbini qismən, tələb edilən əsas borc və dövlət rüsumu hissəsində qəbul edir. Lakin tələb edilən vəkil pulunu ödəməyə imkanı yoxdur. O, bu barədə yazılı ərizəsini məhkəməyə təqdim edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: xx.xx.2021-ci il tarixli «Müqavilə»dən görünür ki, Cavabdeh İddiaçı 8000 (səkkiz min) manat borc pul almış və həmin borcu hər ayın 28-də 235 manat ödəmək şərtilə qaytarmağı öhədsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 400 manat pul Yevlax Şəhər Vəkil Bürosuna vəkil xidmət haqqı olaraq ödənilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı 86 manat dövlət rüsumunu dövlət büdcəsinə köçürmüşdür. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə izahatları dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı oldğuundan tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırma zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə borc pul verməsini bildirərək iddia tələbini irəli sürmüş, cavabdeh iddiaçının borc tələbi ilə razılamış, yəni onunla iddiaçı arasında borc münasibəti olduğunu, həmçinin tələb edilən borc məbləğinin həqiqəti əks etdirdiyini qəbul etmiş, bu xüsusda iddia tələbinin əsas borc və dövlət rüsumu hissəsində etiraf etmiş və bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə cavabdehin izahatının və məhkəməyə təqdim etdiyi etiraf ərizəsinin məzmununu nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas borc və ödənilmiş dövlət rüsumu hissəsində əsaslı hesab edilərək bu hissələrdə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Bundan başqa, iddiaçı Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə istinadən hüquqi yardıma görə 400 manat pulun da cavabdehdən alınıb ona verilməsini tələb etmiş, cavabdeh isə həmin məbləği ödəməyə imkanı olmadığını əsas gətirərək iddia tələbini bu hissədə qəbul etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkili göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Cavabdeh iddia tələbini qeyd edilən hissədə qəbul etməsə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iddiaçı vəkilə hüquqi yardıma görə 400 manat ödəməsi barədə qəbzin surətini məhkəməyə təqdim etmiş, həmçinin hüquqi yardıma görə xidmət haqqı ödənilmiş vəkil məhkəmə iclasında iştirak edərək, vəkil orderi iddia ərizəsinə əlavə etməklə hüquqi yardımını davam etdirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5274 manat borc, 86 manat ödənilmiş dövlət rüsumu və göstərilən hüquqi yardım üçün ödənilən 400 manat olmaqla, cəmi 5760 (beş min yedi yüz altmış) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar