Məhkəmə qərarları › İş №2(056)-737/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-737/2023

20.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-737/2023 20.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1360 manat pulun və ödənilmiş dövlət rüsumunun əvəzində 34 manatın, cəmi 1394 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehə məxsus Sabirabad şəhəri ərazisində yerləşən “Araz-Uğur” ticarət mərkəzində xx.xx.2021-ci il tarixdən aylıq muzdlu ödəniş 300 manat almaq şərti ilə işə başlamışdır. Cavabdeh onu işə götürən zaman onunla əmək müqaviləsi bağlamamış, texniki təhlükəsizlik qaydalarına riayət edilməsinə dair təlimat kitabçasına imza etdirməmişdir. Fiziki cəhətdən zəif olmağına baxmayaraq cavabdeh onu kassir işindən əlavə ticarət mərkəzinə gətirilən ağır yükləri boşaltmağa məcbur etmişdir. Əmək müqaviləsi bağlanılmadığından o iş qrafikindən də artıq işləməyə məcbur olmuşdur. Cavabdeh isə onun əmək haqqını vaxtı-vaxtında ödəməmişdir. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək faziləsiz işləmişdir. Lakin bu müddət ərzində cavabdeh ona aylıq ödənişləri etməmiş və cavabdehin ona 1360 manat borcu yaranmışdır. Bundan sonra o, yenidən xx.xx.2022-ci il tarixdə həmin mağazada işləməyə başlamış və xx.xx.2022-ci il tarixdə ticarət mərkəzinə gələn maşından un kisələrini boşaldan zaman yıxılaraq ağır xəsarət almışdır. Bu barədə Sabirabad rayon Prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, tələbin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan əlavə o, işlədiyi dövrdə birlikdə çalışdığı iş yoldaşlarından heç kimin nömrəsini bilmədiyini qeyd edərək məhkəməyə şahid dəvət edə bilməyəcəyini, həmçinin cavabdehin ondan başqa hər kəsin əmək haqqını ödədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçıya heç bir borcu yoxdur. O, vaxtı vaxtında işçilərin əmək haqqlarını ödəmişdir. İddiaçı xəsarət aldığı gün, yəni ona aid olmayan işi ona tapşırılmadığı halda görüb xəsarət aldığı gün gəlib ondan 700 manat pul tələb etmiş, pulu verməyəcəyi təqdirdə şikayət edəcəyini bildirmişdir. Bundan sonra iddiaçı şikayət etmiş, lakin cinayət işinin başlanması rədd edilmişdir. İddiaçının göstərdiklərinin heç biri həqiqəti əks etdirmir. İddiaçı iddia ərizəsində xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək hər ay 300 manat əmək haqqı qarşılığında işlədiyini, guya ona bu müddət üçün ödənilməmiş 1360 manat əmək haqqı borcu qalmasını göstərmişdir ki, bu absurd haldır. Belə ki, iddiaçının qeyd etdiyi 7 aylıq dövr üçün əmək haqqı 2100 manat təşkil edir. İddiaçının bildirdiyi qalıq borc məbləği çıxıldıqda guya bu 7 aya iddiaçıya 740 manat ödənilmişdir. Bu isə hər ay üçün 100 manatdan bir qədər yuxarı məbləğ edir. Belə vəziyyətdə nəinki iddiaçı, heç bir işçi heç yerdə işləməz. Bundan əlavə, əgər iddiaçı dediyi kimi, ona 7 ay ərzində hər ay 100 manatdan bir qədər artıq məbləğdə əmək haqqı ödənilmişdisə, yəni o, ona normal əmək haqqı verilmədiyini görürdüsə, hansı səbəbə yenidən təqribən 1 ay sonra, yəni xx.xx.2022-ci il tarixində qayıdırb marketdə işləməyə başlayırdı.Əgər iddiaçı dediyi kimi normal əmək haqqı ala bilmirdisə ən azı ondan şikayət edə bilərdi. Necə ki, xəsarət alması ilə əlaqədar o, rayon prokurorluğuna şikayət etdiyini göstərmişdi. Lakin belə hal baş verməmişdir. Odur ki, o, göstərdiyi xüsusatların nəzərə alınaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında göstərdi ki, o, Mirəlinin marketində 2022-ci ildən işləməyə başlamışdır. Əmək haqqı 300 manat təşkil etmişdir. Vaxtında digər işçilər kimi o da əmək haqqı almışdır. İddiaçını tanıyır və münasibətləri normal olmuşdur. İşlədiyi vaxtlarda Gündüz müdiriyyətdən hər hansı şikayət və narazılıq etməmişdir. Bundan əlavə malların boşaldılması barədə müdiriyyət tərəfindən Gündüzə heç bir göstəriş olmamışdır. O, özü mağazaya mal gətirən şəxslərə könüllü kömək etməyə getmiş, bir qədər sonra gəlib ağrılarının olduğunu bildirib evinə getmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edib və toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün rədd edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehin ona 1360 manat məbləğində əmək haqqı borcu yaranmasını bildirib hazırki tələbini müdafiə etsə də, məhkəməyə tələbinin əsaslılığı ilə bağlı hər hansı sübut təqdim edə bilməmiş, normal əmək haqqı almadığı halda 7 ay ərzində işini davam etdirməsinin səbəbini izah edə bilməmişdir. Əksinə, bu istiqamətdə cavabdehin izahatında göstərmiş olduğu arqumentlər iddia tələbinni əsassızlığını bir qədər də inandırıcı edir. Belə ki, həqiqətən də əgər işçi 7 ay ərzində normal əmək haqqı əldə etmirdisə ya əmək fəaliyyətini dayandıra, ya müdriyyət barədə hər hansı orqana şikayət edə bilərdi. Lakin o, bu hərəkətlərdən heç birini etməmişdir. Hesab edilsə ki, iddiaçı savadsızlığı ilə əlaqədar hər hansı orqana müraciət etməmişdir. Bu hal da doğru hesab edilə bilməz. Belə ki, iddiaçı özü iddia ərizəsində aldığı xəsarət ilə bağlı rayon prokurorluğuna müraciət etdiyini göstərmişdir. Əgər iddiaçı hər hansı orqana müraciət etmək yolunu və ya üsulunu bilmirdisə, o, zaman o, xəsarəti ilə bağlı da hərəkətsizlik nümayiş etdirmiş olardı. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar