Məhkəmə qərarları › İş №2(056)-757/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-757/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-757/2023 30.05.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmənin iclas katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçınun və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 470 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat pulun və MPM-nin 121.1-ci maddəsinə əsasən ödənilmiş 50 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən qızıl-zinət əşyaları satışı ilə məşğul olan mağazada işləyir. Mağaza qanunvericiliyin tələbləri əsasında fəaliyyət göstərir. Vergi ödəyicisidir. Cavabdeh 2021-ci ildə qızıl boyunbağını 550 manata razılaşaraq nisyə olaraq almışdır. O, alınmış malın dəyərini 3 ay müddətinə ödəməli idi. Hazırki günə qədər cavabdeh nisyə satılmış mala görə 80 manat ödəniş etmiş və 470 manat ödənilməmiş borcu qalmışdır. Cavabdeh hal-hazıradək satılmış mala görə verilməli olan pul öhdəliyini tam icra etməmişdir. O, satıcı olaraq satdığı malı alıcının mülkiyyətinə vermiş, cavabdeh alıcı kimi malı qəbul etsə də, müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürsə də, bu günə kimi pul öhdəliyinə əməl etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təkrar edərək iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, İddiaçı ona qarşı qaldırmış olduğu iddia tələbini tam qəbul edir. Onun həqiqətən də qızıl alqı-satqısı nəticəsində Aybənizə 470 manat borclu qalmışdır. Odur ki, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasına etiraz etmir. İddia ərizəsinə əlavə olunmuş: Qəbzdən görünür ki, Cavabdeh İddiaçı 470 manat borcu olması barədə qəbzi öz imzası ilə təsdiq etmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırılması üçün vəkil X1 50 manat ödəniş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş sübutları hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı nisyə alqı-satqı əsasında 550 manat dəyərində qızıl əşyasını cavabdehə satmışdır. Cavabdeh ondan aldığı 550 manat dəyərində qızıl əşyasının dəyərindən 80 manat ödəniş etmiş və ödənilməmiş 470 manat borcu qalmışdır. Onun ödənilməmiş 470 manat borcu qaldığı üçün iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini tam müdafiə edir, cavabdeh isə iddianı tam etiraf edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokolda qeyd edilməklə ona verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İş materiallarına əlavə edilmiş Cavabdeh ərizəsindən görünür ki, o, İddiaçı 470 (dörd yüz yetmiş) manat borcu olmasını tam etiraf edir. Həmin Məcəllənin 191.3-cü maddəsinin tələbinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü bəndinə görə qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları,işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hazırkı iş üzrə iddianın cavabdeh tərəfindən etiraf edilməsini Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən qanunazidd hesab etmir və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəlir və bu səbədən cavabdehin iddianı etiraf etməsini qəbul edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzinin və hüquqi xidmət xərci əvəzi 50 manat pulun cavabdehdən tutulması hissəsi ilə bağlı qeyd edir ki, əsas iddia tələbi tam təmin edildiyi üçün iddia tələbi göstərilən hissələrdə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 470 manat borc, ödənilmiş dövlət rüsumu əvəzi 30 manat və hüquqi yardım üçün ödənilmiş 50 manat olmaqla, cəmi 550 (beş yüz əlli) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar