Məhkəmə qərarları › İş №2(056)-763/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-763/2023

09.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-763/2023 09.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddiası üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «borcun qaytarılması» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 manat pulun, cəmi 1230,40 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh Sabirabad rayon X1 uşaq şöbəsində işləyən Cavabdeh xx.xx.2022-ci ildə ondan şəxsi problemlərinin həlli üçün 1500 manat məbləğində borc pul almış, həmin pul vəsaitindən ona 300 manat qaytarmış, lakin qalıq qalmış 1200 manat pulu qaytarmaqdan yayınmışdır. Dəfələrlə qalıq qalmış pulun qaytarılmasını cavabdehdən tələb etsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdeh ondan aldığı pul vəsaiti ilə şəxsi problemlərini həll etsə də, ona olan borcunu qaytarmaq niyyətində deyil. Belə ki, ona məlum olmuşdur ki, cavabdeh ondan başqa şəxslərdən də eyni qaydada borc pul almış, həmin şəxsləri də aldadaraq borcunu qaytarmaqdan yayınmaqdadır. O, aldadıldığını anlayaraq xx.xx.2023-cü il tarixdə RMX-nə gedərək cavabdehlə onun xidməti otağında görüşmüş, cavabdehdən ona olan borcunun təsdiqi üçün öz xətti və imzası ilə yazılmış qəbzi almışdır. Cavabdeh həmin qəbzdə ona 1200 manat məbləğində borclu olmasını açıq şəkildə qeyd etmişdir. Bundan sonra o, həmin qəbzlə RPŞ-yə ərizə ilə müraciət etmiş, aparılmış araşdırma zamanı ona məlum olmuşdur ki, cavabdehin soyadı Mehdiyeva deyil, Mürsəlovadır. Bundan başqa, cavabdeh araşdırma zamanı izahat verərkən ona guya 1200 manat deyil, 400 manat borcu olmasını etiraf etmişdir. Bununla da ona aydın oldu ki, cavabdeh qəbz yazanda da soyadını səhv yazaraq özlüyündə guya onu aldatmışdır. Araşdırmanın nəticəsi olaraq mübahisənin mülki xarakterli olması səbəbi ilə cinayət işinin başlanmamış, ona məhkəməyə müraciət etməsi izah edilmişdir. Buna görə də o, məcburiyyət qarşısında qalaraq iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı tələbini müdafiə edib əlavə olaraq bildirdi ki, cavabdfehin məhkəməyə ünvanladığı ərizənin məzmunu ilə tanış olmuşdur. Cavabdeh həmin ərizəsində göstərmişdir ki, guya qəbz Muradova Xəyalə adından yazılmışdır. Lakin qəbzə diqqət etdikdə görünür ki, qəbzdə cavabdeh adını düzgün olaraq Xatirə kimi qeyd etmiş, sadəcə soyadını Mehdiyeva kimi göstərmişdir. PRŞ-də izahat verərkən o, bu hala heç toxunmamış, əksinə ehtiyacı olduğu üçün borc aldığını bildirmişdir. Bu halı o, iddia ərizəsində qeyd etdiyi üçün, cavabdeh də iddia ərizəsinin məzmunu ilə tanış olduğu üçün hazırki məhkəməyə ünvanladığı ərizəsində vurğulamışdır. Bundan başqa, PRŞ-də araşdırma aparılarkən xx.xx.2023-cü il tarixində cavabdeh izahat verərkən ondan 700 manat borc aldığını, 400 manat borcu qaldığını göstərmiş olsa da, hazırki ərizəsində 700 manat borcu müxtəlif vaxtlarda qaytardığını göstərmişdir. Halbuki, iddia ərizəsinə diqqət edildikdə görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixində tərtib edilmişdir. Cavabdehin RPŞ-də izahat verdiyi zamandan iddia ərizəsi tərtib edildiyi zamanadək aradan 14 gün keçmişdir ki, həmin müddətdə də cavabdeh qeyd etdiyi kimi ona 400 manat borcu qalıb həmin pulu da xx.xx.2023-cü il tarixinə kimi ona ödəmiş olsa idi, ərizəsinə bu barədə hər hansı sübut əlavə etməli idi. Çünki cavabdeh özünün qeyd etdiyi kimi onun tərəfindən aldadılıb ondan çox məbləğdə pul tələb edildiyini PRŞ-də izahat verərkən bilmiş idi ki, bunundan sonra cavabdeh tərəfindən ona pul ödənilərdisə cavabdeh mütləq yenidən öz qeyd etdiyi kimi aldadılmaması üçün ona özünün qeyd etdiyi borclu qaldığı 400 manat pulu ödəməsi barədə hər hansı sübutu ərizəsinə əlavə etməli idi. Yəni cavabdeh həmin pulu ona ödəmiş olacaqdısa mütləq ondan bu barədə yazılı qəbz alacaqdı. Lakin belə bir halın mövcudluğu cavabdehin məhkəməyə ünvanladığı ərizə ilə öz təsdiqini tapmamaqdadır. Bu da onu göstərir ki, cavabdeh onu aldatdığı kimi hazırda məhkəməni də yanıltmaq, borcunu ödəməkdən yayınmaq niyyətini davam etdirmək istəyindədir. Ona görə də o, məhkəmədən tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar olunsa da, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehnun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçınının izahatını dinləyib, həmin izahatı iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki iş materiallarında olan xx.xx.2023-cü il tarixində tərtib edilmiş xx.xx.2022-ci il tarixinə aid qəbzdən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə İddiaçı 1500 manat borc pul almış, həmin puldan 300 manat qaytarsa da, lakin 1300 manatı qaytara bilməmişdir. Hazırda onun İddiaçı ödənilməmiş 1200 manat borcu vardır. Qəbzi özü yazmış və doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə araşdırması zamanı Sabirabad RPŞ-dən sorğu edilərək əldə edilmiş materialdan çıxarışda olan Cavabdeh xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, İddiaçı tanıyır. Mansur Sabirabad bazarında işləyir, alver edir. Onun pula ehtiyacı olduğu üçün Mansurdan 700 manat borc pul almış, həmin puldan 300 manat Mansura qaytarmışdır. Halhazırda onun İddiaçı 400 manat borcu vardır. Yaxın vaxtda Mansura olan borcunu qaytaracaqdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, o, İddiaçı etdiyi şikayətə görə polis şöbəsinə izahat vermişdir. Polisə təqdim etdiyi sənəddən adıçəkilən və təqdim etdiyi sənəd ona aid deyildir. Muradova Xəyalə adında şəxsin adından yazılmışdır. Aralarında olan 700 manat borcu iddiaçıya müxtəlif vaxtlarda qaytarmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Qeyd edilən normanın kontekstində mübahisəyə yanaşdıqda məlum olur ki, tərəflər arasında şifahi borc müqaviləsi bağlanmışdır. Bunu hər iki tərəf etiraf etmişdir. Həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, İddiaçı öhdəliyini yerinə yetirərək, müqavilə üzrə cəmi 1500 manat məbləğində pul vəsaitini cavabdehə vermiş, Cavabdeh isə üzərinə düşən öhdəliyi yerinə yetirməyərək, qəbul etdiyi pul vəsaitini tam şəkildə iddiaçıya ödəməkdən yayınmışdır. Ona görə də iddiaçı hazırki tələblə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdehin məhkəməyə ünvanladığı ərizənin məzmununa münasibətdə isə qeyd edilməlidir ki, iddiaçının məhkəmə iclasında cavabdehin ərizəsinə münasibətdə göstərmiş olduğu arqumentlər əsaslı hesab edilməli və cavabdehin arqumentləri borc öhdəliyinin icrasından qərəzli şəkildə yayınma kimi qiymətləndirilməlidir. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməli, Cavabdeh 1200 manat borc pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hissəsi üzrə isə hesab edir ki, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və əsas iddia tələbi tam təmin olunduğu üçün məhkəmə xərclərinə aid edilən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış şifahi borc müqaviləsi üzrə ödənilməmiş 1200 (bir min iki yüz) manat borc məbləği və ödənilmiş dövlət rüsumunun əvəzi 30,40 (otuz manat qırx qəpik) manat pul, ümumilikdə isə 1230,40 (bir min iki yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar