Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-802/2023 20.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia tələbinə dair mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «vurulmuş ziyanın ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmiyyətin əmlakına (maddi qiymətlərlə) vurulmuş ziyana görə ödənilməmiş 20343,52 manatın, mediasiya xərci üçün ödənilmiş 50 manatın və dövlət rüsumu kimi ödənilmiş 102 manatın tutulub onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “X4 haqqında” müqavilə imzalanmışdır. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin –OBA Biləcəri 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022ci il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 20866,46 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan şirkət tərəfindən müvafiq güzəştlər edilmişdir. Beləliklə cavabdehin hal-hazırda İddiaçı MMC-nə ümumilikdə 20343,52 manat borcu qalmışdır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, həmçinin əlavə olaraq bildirdi ki, cavabdeh özü yoxlamalarda iştirak etmiş, yekun ziyan məbləği müəyyən edilib sənədləşmə aparılarkən özü imza etmişdir. Hazırda o, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği 20866,46 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından görünür ki, Cavabdeh bu günədək ümumilikdə 20343,52 manat borcu vardır. İddiaçı MMC-nin İnventarizasiya Komissiyasına Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli İltizamnamədən görünür ki, Cavabdeh öz xətti ilə sayımda iştirak etdiyini, mağazada sayılmayan mal qalmadığını, sonda qarşılaşdırma yolu ilə tam yoxlanıldığını, əksik verən mallarla tanış olduğunu, sayımla bağlı heç bir etirazı olmadığını qeyd etmiş və imza etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdırıb, iş üzrə müəyyən olunmuş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hazırkı iş üzrə İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən Cavabdeh administrator vəzifəsinə işə qəbul olunmuş və X4 haqqında Müqavilə əsasında ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürərək ona etibar edilmiş əmlakın, maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmaq, zamanında müəssisəyə heç bir səbəbdən zərər vurmaması və ziyankarlığa qarşı mübarizə aparılması vəzifələrinin icra etməsi üzrə öhdəlik götürmüşdür. Lakin onun xx.xx.2022-ci il tarixində İddiaçı MMC-nin – OBA Biləcəri 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2022-ci il tarixində “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən Cavabdeh ümumilikdə 20866,46 AZN məbləğində zərər vurması müəyyən edilmiş və həmin zərərdən hazırda ümumi qalıq borcu 20343,52 manat müəyyən edilmişdir. Cavabdeh özü də bu barədə iltizam verərək sayımla bağlı etirazı olmadığını, əksik verən mallarla tanış olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddənin l-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iddiaçı təşkilatın ona vurulmuş ziyanın məhz cavabdehin əmək fəaliyyəti zamanı Əmək Məcəlləsi, Mülki Məcəllə və X4 haqqında Müqavilənin şərtlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində yarandığı barədə sənədləri və vurulmuş zərərin həcmi ilə bağlı sənədləri, zərər məbləği ilə bağlı cavabdehin araşdırma zamanı vermiş olduğu iltizamdakı mövqeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və dəymiş zərərin ödənilməmiş qalıq hissəsi 20343,52 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçı təşkilata ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçı tərəfindən iddianın qaldırılması üçün ödənilmiş 102 manat dövlət rüsumundan və 50 manat mediasiya prosesi xərcinin dəyərindən ibarətdir. Məhkəmə hesab edir ki, MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyi və hazırkı iddia tələbi tam təmin olunduğu üçün 102 manat ödənilmiş dövlət rüsumunun əvəzi və 50 manat mediasiya prosesi xidmətinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin Cavabdeh dəymiş zərərin əvəzi 20343,52 (iyirmi min üç yüz qırx üç manat əlli iki qəpik) manat, iddia ilə bağlı ödənilmiş dövlət rüsumunun əvəzi 102 (bir yüz iki) manat və mediasiya prosesi üçün ödənilmiş 50 manat olmaqla, ümumilikdə 20495,52 (iyirmi min dörd yüz doxsan beş manat əlli iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-802/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-802/2023
20.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver