Məhkəmə qərarları › İş №2(056)-82/2023

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-82/2023

17.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-82/2023 17.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 03 dekabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manatın, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manatın, cavabdehin istifadəsində\icarəsində olan müddət ərzində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manatın, ümumilikdə 2839 (iki min səkkiz yüz otuz doqquz) manat pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,44 (qırx səkkiz manat 44 qəpik) manatın tutularaq ona ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil 03 dekabr 2021-ci il tarixli Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən onun mülkiyyətinə keçmişdir. 04 aprel 2022-ci il tarixdə 7E- 4386 reyestrdə qeydə alınmış və “Mobil notariat" tətbiqi vasitəsi ilə rəsmiləşdirilmiş nəqliyyat vasitəsinin istifadə edilməsinə dair etibarnaməyə əsasən onun tərəfindən yuxarıda qeyd edilən nəqliyyat vasitəsi Cavabdeh qabaqcadan razılaşdırılmış haqq ödənilməklə istifadəyə-icarəyə verilmişdir. Tərəflər arasında əldə olunmuş razılaşmaya əsasən nəqliyyat vasitəsi üzrə etibarnamə rəsmiləşdirildikdən və təhvil verildikdən sonra ilk 48 gün müddətində icarə haqı gündəlik olaraq 30 manat, etibarnamənin qüvvədə olduğu müddətdə isə icarə haqqı 25 manat təşkil etmişdir. Nəqliyyat vasitəsi cavabdehin istifadəsində olan müddətdə, yəni 20 avqust 2022ci il tarixdə cavabdeh tərəfindən yol nəqliyyat hadisəsi törədilmiş, sonuncu 30 avqust 2022-ci ill tarixli İXP ******* nömrəli protokola əsasən İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Elə həmin gün nəqliyyat vasitəsi cavabdehin istifadəsindən-icarəsindən götürülmüş və icarə münasibətlərinə xitam verilmişdir. Nəqliyyat vasitəsi ümumilikdə 138 gün cavabdehin istifadəsində olmuş, ondan 15 gününü icarə haqqının ödənilməsindən cavabdeh azad edilmişdir. İcarə haqqı hesablanan günlərin sayı 123 gün təşkil etmişdir. 123 gün üçün hesablanan icarə haqqı məbləği 3315 manat təşkil etmişdir (ilk 48 gün ərzində gündəlik olaraq 30 manat-ümumilikdə 1440 manat, 75 gün ərzində gündəlik olaraq 25 manat-ümumilikdə 1875 manat). Cavabdeh tərəfindən hesablanmış icarə haqqından, yəni 3315 manatdan 2340 manat icarə haqqı ödənilmişdir. Bunlardan 1340 manat onun adına açılmış bank hesab kartına, yerdə qalan hissəsi isə, yəni 1000 manat nağd qaydada ödənilmişdir. Beləliklə cavabdehin icarə münasibətlərinin sonuna, yəni 20 avqust 2022-ci il tarixə 975 manat icarə haqqı borcu qalmışdır. Bundan başqa nəqliyyat vasitəsinin cavabdehin istifadəsində-icarəsində olduğu müddət ərzində bir sıra həmin nəqliyyat vasitəsi ilə bir sıra inzibati xətalar törədilmişdir ki, onların cəriməsi də onun tərəfindən 29 avqust-01 sentyabr 2022ci il tarixlərdə, yəni icarə münasibətlərinə son verildikdən sonra ödənilmişdir. TƏRƏFİN İZAHATİ: Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumat verilmiş cavabdeh X2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Həmin Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, o, iddiaçı İdris ilə cavabdeh Müşfiqi tanış etmişdir. Belə ki, o, İdris ilə uzun müddətdir ki, ailəvi dostdur. Müşfiqi isə digər bir dostu vasitəsilə tanışmışdır. Dostu ona demişdir ki, maşın olsa Müşfiq adında dostu var, icarəyə maşın götürüb işləmək istəyir. Bundan sonra o, dostuna Müşfiqi çağırmasını, tanış olub söhbət etmələrini təklif etmiş, tanışlıqdan sonra Müşfiqə etibar etmişdir. O, zamanlar İdrisin maşınları var idi və İdris avtomobillərini arendaya verib dolanırdı. Bundan sonra o, idrislə Müşfiqi tanış etmiş, aralarında razılaşma görə icarə haqqı günlük 30 manat müəyyən edilmişdir. Sonradan İdrisin bildirdiklərindən ona məlum olmuşdur ki, Müşfiq ödənişləri vaxtında ödəmir. Hətta Müşfiq həmin avtomobillə avtoqəza törətdərək İdrisə 1500 manat ziyan vurmuşdur. Bildiyi qədəri ilə, Müşfiq 975 manat icarə haqqını, həmçinin avtomobilə onun avtomobili idarə etdiyi zamana yazılmış cərimələrin əksər hissəsini ödəməmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Cavabdeh 3 il 11 ay müddətinə, yəni xx.xx.2025-ci il tarixinədək etibarnamə vermişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydən görünür ki, TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1500 manat məbləğində ziyan hesablanmışdır. İnzibati xəta haqqında protokollardan və ödəniş qəbzlərindən görünür ki, Cavabdeh TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi müddətdə yol hərəkəti qaydasının pozulmasına görə ümumilikdə 364 manat cərimə edilmiş və həmin məbləğlər İddiaçı tərəfindən ödənilmişdir. Tərəflər arasında müxtəlif vaxtlarda olan whatsapp yazışmalarının məzmunundan görünür ki, İddiaçı Cavabdeh günlük icarə haqqını, avtomobilə vurduğu ziyan məbləğini və özü tərəfindən Müşfiqin yol verdiyi pozuntulara görə ödəmiş olduğu cərimə məbləğlərini ödəməsini tələb etmiş, Cavabdeh yazışmalarda tələb edilənlərə qarşı hər hansı etirazını bildirməmiş, sadəcə bəzən pulu olmadığını, bəzən pul əldə edib avtomobilin kondisionerini düzəldəcəyini, sonra borcunu ödəyəcəyini, bəzi hallarda ona vaxt verməsini bildirmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadəsini dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şifahi qaydada avtomobil icarəsi müqaviləsi bağlanmış, iddiaçı mülkiyyətində olan TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixində etibarnamə əsasən Cavabdeh istifadəsinə vermiş, cavabdeh icarə müqaviləsinin tələblərini tam yerinə yetirməmiş, nəticədə onun iddiaçıya ödənilməmiş icarə haqqları, avtomobilin idarə edilməsi nəticəsində yol hərəkəti qaydalarının pozulmasına görə yazılmış və iddiaçı tərəfindən ödənilmiş cərimə məbləğləri borcu yaranmış, yol-nəqliyyat hadisəsi törətməsi ilə bağlı maddi zərər məbləğini iddiaçının xeyrinə ödəməmiş, aralarında olan yazışmalar zamanı borclarını ödəyəcəyini bildirməklə kifayətlənmişdir. Tərəflər arasında olan yazışmaların məzmununun sübut növü kimi qiymətləndirilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da vardır. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icraə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi müqaviləsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 685.1-ci maddəsinə əsasən, əgər kirayəçi və ya onun kirayəyə götürdüyü əşyanı istifadəyə verdiyi hər hansı digər şəxs kirayəyə verənin xəbərdarlığına baxmayaraq müqaviləyə uyğun olmayan və ya kirayəyə verənin hüquqlarını əhəmiyyətli dərəcədə pozan istifadəni davam etdirirsə, o cümlədən əşyanı üçüncü şəxsin qeyri-hüquqi istifadəsində saxlayırsa və ya təhlükəyə məruz qoyursa, bununla da özünün vicdanlı kirayəçi vəzifəsini pozursa, kirayəyə verən kirayə müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv edə bilər. Həmin Məcəllənin 685.2-ci maddəsinə əsasən, kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə, ikidən çox müddət üçün iki aylıq əmlak kirayəsi haqqının məbləğinə çatan məbləğdə əmlak kirayəsi haqqının ödənilməsini gecikdirdikdə ləğv edə bilər. İşdən də göründüyü kimi, iddiaçı cavabdehlə aralarında olan icarə (kirayə) müqaviləsini xəbərdarlıq müddətini gözləmədən ləğv etmiş, icra obyektini cavabdehin sahibliyindən geri almışdır. İcarə müqaviləsi faktiki olaraq ləğv edildiyindən iddiaçının ödənilməmiş icarə haqqını, özü tərəfindən cavabdehin əvəzindən ödənilmiş cərimə məbləğlərini cavabdehdən tələb etməsi tam haqlıdır. Zərərin əvəzinin ödənilməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Belə ki, Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik normalarının kontekstində məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya qarşı mülki hüquq pozuntusu törətmiş olması iş materialları ilə kifayət qədər öz təsdiqini tapdığından iddia tələbinin bu hissəsi də əsaslı hesab edilərək təmin edilməlidir. Göstərilənlərdən əlavə, iddiaçı əsas borcla bərabər məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 48,44 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir ki, bu hissə üzrə də məhkəmə hesab edir ki, iddia tələbi digər hissələrdə əsaslı hesab edilib təmin edildiyindən iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə grə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 20 avqust 2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi ziyanın əvəzi olaraq 1500 (bir min beş yüz) manat, ödənilməmiş icarə haqqı üzrə 975 (doqquz yüz yetmiş beş) manat, cavabdehin istifadəsində-icarəsində olan müddət ərzində TOYOTA PRİUS (HİBRİD) MİNİK markalı ** DK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə törədilmiş inzibati xətalara görə ödənilmiş cərimənin əvəzi olaraq 364 (üç yüz altmış dörd) manat və 48,44 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 2887.44 (iki min səkkiz yüz səksən yeddi manat qırx dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar