Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-85/2024 14.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi ilə, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» barədə mülki işə Sabirabad şəhərində xx.xx.2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «dəymiş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1920 manat heyvanın dəyərinin, dəymiş ziyana görə 340 manat və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal bazarında cavabdehdən 1920 manata inək cinsindən olan 1 ədəd yanı balalı iri buynuzlu heyvan almışdır. Heyvanı evə gətirdikdən sonra heyvan xəstə kimi görsənmiş, həmçinin qismən qidadan və sudan kəsilmişdir. Bununla bağlı o, baytar həkimi olan Yusif İsgəndərova müraciət etmiş və həkim heyvanı müayinə edən zaman qüsurlar aşkar etmişdir. Bu səbəbdən də, xx.xx.2023-cü il tarixdə Yusif İsgəndərovun və sosial işçi Əhməd Əliyevin iştirakı ilə akt tərtib edilərək imzalanmış və heyvanda müayinənin nəticəsi olaraq daxilində travmatik zədələnmə diaqnozu qoyulmuşdur. Qeyd olunan məsələ ilə bağlı o, cavabdhin mobil telefonuna zəng edərək cavabdehin ona satdığı heyvanın xəstə olduğu üçün heyvanı qaytarmaq istədiyini bildirmiş, lakin cavabdeh etiraz etdiyi üçün aralarında mübahisə yaranmışdır. Heyvanı sağlam vəziyyətə gətirmək üçün baytar həkimi tərəfindən müalicə resepti yazılmış, o, bir neçə gün heyvanı müalicə etdirsə də, nəticəsi olmamışdır. xx.xx.2023-cü il tarixdə heyvan can verərək öldükdən sonra heyvanın ölüm səbəbini dəqiqləşdirmək üçün yarılaraq daxili orqanlarına baxış keçirilmiş və baxış zamanı heyvanın ürək hissəsinin yanında dəmir məftilin batdığını görümüşlər. Bundan əlavə aşkar olunmuşdur ki, heyvanın ölməsinə səbəb heyvanın qidalandığı vaxtda qida ilə birlikdə dəmir məftil yeməsi olmuşdur. Bundan sonra o, təkrarən cavabdehə zəng edərək ona xətə heyvan satmasını bildirmiş və pulunu geri tələb etmişdir. Lakin cavabdeh onun bu tələbindən imtina etmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, ölmüş heyvanın balası (buzov) işin mübahisəsiz predmeti olaraq, cavabdeh tərəfindən tələb olunan vəsait geri qaytarıldıqdan sonra istənilən vaxt cavabdehə qaytarıla bilər. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək əlavə olaraq göstəri ki, mal bazarı gecə saatlarında olduğu üçün heyvanın xəstə vəziyyətdə olmasını görməmişdir. Heyvanı aldığı günün səhəri ona yem verərkən yemədiyini görüb şübhələnmiş və heyvana yaxınlaşıb əli ilə toxunarkən qızdırması olduğunu hiss etmişdir. Odur ki, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan fərdi (özəl) baytar həkim İsgəndərov Yusif, Sosial işçi Əliyev Əhməd və Sabirabad rayon Salmanlı kənd sakini heyvan sahibi İddiaçı imzaları və Sabirabad rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin möhürü ilə təsdiq edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, X7 Bayramovun müraciəti əsasında heyvanı müayinə etmiş və müyainə zamanı heyvanın qızıdırmalı olduğu, hərəkət edən zaman ayaqlarının birinin enməsi, ayaq üstə çətin durması müşayidə olurdu. Müayinənin nəticəsi olaraq həmin heyvana daxilində travmatik zədələnmə diaqnozu qoyulmuşdur. Heyvan Simptomatik müalicəyə cəlb edilmişdir. Heyvan sahibinin nəzərinə çatdırılmışdır ki, heyvanın xəstəliyi xronikidir, yəni heyvan çoxdan xəstələnmişdir. Sağalması çox çətindir. İş materiallarına əlavə edilmiş İddiaçı, X3, X2 və X1 tərəfindən tərtib edilərək imzalanmış xx.xx.2023-cü il tarixli AKT-dan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində Sabirabad rayonu Salmanlı kəndində həyətində 4 qarın doğmuş inək cinsindən olan iri buynuzlu heyvanı ölüm səbəbini müəyyən etmək üçün qarın boşluğu açılmış və daxili orqanlar çıxardılan zaman ürəyə yaxın məsafədə paslı məftil (telinin) olması müəyyən olunmuşdur. İş materiallarında olan Sabirabad rayon Şəhriyar kənd Heyvan-qara, mal alqı-satqı bazarının müdiri X4 tərəfindən verilmiş rəy-dən görünür ki, Heyvan-qara alqı-satqısı bazarında dörd qarın doğmuş inək beş aylıq balası ilə xx.xx.2023-cü il tarixdə qiyməti 2300-2500 manat olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 581.1-ci maddəsinə əsasən Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Həmin Məcəllənin 581.2-ci maddəsinə əsasən Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. Həmin Məcəllənin 587.2-ci maddəsində qeyd edilir ki: 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589-cu maddəsində göstərilirki: 589.1. Əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. 589.2. Əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğısatqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. 589.7. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 608-ci maddəsinə əsasən əgər bu paraqrafın aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, heyvanların, quşların və balıqların alğısatqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. Həmin Məcəllənin 609.1-ci maddəsinə əsasən heyvan, quş və balıq satıcısı yalnız müqaviləyə aşağıda müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız bu qüsurların konkret müddətlər (qarantiya müddətləri) ərzində aşkara çıxdığı halda məsuliyyət daşıyır. Həmin Məcəllənin 612.1.3-cü maddəsinə əsasən müqavilənin ləğv edildiyi halda satıcı alıcıya heyvanın yemlənməsinə və bəslənməsinə, baytarlıq müayinələrinə və qulluğuna çəkilmiş xərclərin, habelə heyvanın məcburən öldürülməsinə və uzaqlaşdırılmasına çəkilmiş xərclərin əvəzini ödəməlidir. İşin araşdırılmış hallarından görünür ki, alıcı olan iddiaçı inəyialdığı gündən bir gün sonra, heyvanın qüsurları barədə satıcıya- yəni cavabdehə bu barədə məlumat vermiş lakin, sonuncu iddiaçının bu məlumatına cavab verməmişdir.İddiaçı inəyi aldığı gündən 17 gün müddətində heyvanın sağalması üçün mümkün olan bütün lazımı tədbirləri görsə də, heç bir nəticəsi olmamış və inək ölmüşdür. Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, qeyd olunanlara və yuxarıda göstərilən qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, iddia tam təmin edilərək Cavabdeh heyvanın dəyəri olan 1920 manat, dəymiş zərərin əvəzi olaraq 340 manat və ödənilmiş dövlət rüsumunun əvəzində 50 manat, cəmi 2310 manat məbləğində pul alınıb İddiaçı verilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 50 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,227, 233, 357 və 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh heyvanın alınması üçün ödənilmiş pul hesabına 1920 manat , vurulmuş ziyan hesabına 340 manat və ödənilmiş dövlət rüsumu hesabına 50 manat olmaqla, cəmi - 2310 (iki min üç yüz on) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №2(056)-85/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-85/2024
14.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver