Məhkəmə qərarları › İş №2(056)-851/2025

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-851/2025

02.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-851/2025 02.06.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2620 manat borcun, 47 manat ödədiyi dövlət rüsumunun və 320 manat hüquqi yardım haqqının tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Sabirabad şəhəri, İlham İsgəndərov küçəsində özünə məxsus qızıl mağazası vardır. Həmin mağazada qızıl əşyalarının alqı-satqısı və zərgərlik işi ilə məşğul olur. Bir neçə ildir ki, Cavabdeh ilə tanış olmuş, Cavabdeh ondan nisyə qızıl əşyaları götürərək satıb pulunu hissə-hissə ona qaytarmış və beləcə onun etibarını qazanmışdır. Hazırda Cavabdeh ümumilikdə ona 2620 manat borcu qalmışdır. O, dəfələrlə həmin pulu Mircəfərdən istəsə də, Mircəfər hər dəfə borcunu yaxın vaxtlarda qaytaracağı adı ilə onu aldatmışdır. Bu səbəbdən o, Sabirabad RPŞ-yə müraciət etmiş, müraciəti əsasında Cavabdeh etirafedici izahatı alınmış və toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra ona mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. O, Sabirabad RPŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, Cavabdeh izahatının surətini və cavabdehlə Vatsapp mesajlaşma proqramı vasitəsi ilə danışığının səs yazılarını CD diskdə iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, Sadiqlə onu Cavabdeh tanış etmiş, Sadiq Mircəfərin qohumudur. Onların hər ikisi onunla qızıl alışı etmiş və hər ikisinin borcları yaranmışdır. Onlar aldıqları qızıllara görə Sadiq ayda 200 manat, Mircəfər isə ayda 50 manat ödəniş edirdi. Onlar ödənişi dayandırdıqdan sonra o, polis orqanına şikayət etmişdir. Şikayət ediləndən sonra isə ona heç bir məbləğdə ödəniş edilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə bildirdi ki, iddia tələbinin əsaslılığı iş materialları ilə tam sübuta yetir. Ona görə də o, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş Sabirabad RPŞ-nin müstəntiqi X3 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı tanışı Mircəfər və onun vasitəsi ilə tanıdığı Nicat, Elçin, Röyal, Beytulla və Sadiq adlı şəxslərin ondan qızıl-zinət əşyaları aldıqları, onun etibarından sui-istifadə etməklə onu aldatmaları ilə bağlı şikayət etmiş, İddiaçı müraciəti əsasında torpalnmış materiallar üzrə cinayət işinin başlanmasının rədd edilməsi və İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Cavabdeh Sabirabad RPŞ-nə verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki, İddiaçı onun tanışıdır. O, onu həmkəndlisi Cavabdeh vasitəsi ilə tanımışdır. O, təxminən 2-3 il bundan əvvəl ondan nisyə qızıl almış, sonra da həmin qızılın pulunu dediyi vaxtda ödəmişdir. Bundan sonra aralarında bu cür alıq-satqı bir neçə dəfə baş tutumuş, sonradan onun tanışları, yəni X4, X5, Röyal Həsənoğlu, X1 və Sadıq adlı şəxslər də Xanlardan qızıl almaq üçün onun yanına gəlmişlər. Onlar onun vasitəsi ilə Xanlardan bir neçə dəfə qızıl almışlar və sonra həmin qızılın pulunu hissə-hissə verməyə başladılar. Onun bu cür alqı-satqılarda heç bir marağı olmamışdır. O, sadəcə Xanlara həmin şəxslərin güvənilən adam olduqlarını və vaxtında pullarını ödəyəcəklərini demişdir. Əks təqdirdə, yəni pulu ödənməsə, həmin pulları özünün ödəyəcəyini söz vermişdir. Son bir neçə ayda onun özünün və tanışlarının vəziyyəti çətinləşmiş, Xanlara ödəniş etməkdən çətinlik çəkmişlər. Sonra Xanlar ondan təkidlə geri qalan pulları tələb etmiş, o da onunla bu cür danışmasından əsəbiləşərək “haraya istəyirsən şikayət elə” demişdir. Bu söhbət təxminən 2024-cü ilin iyul ayında baş vermişdir. O, həmin sözü əsəbi halda demişdir. Xanlara borcu olduğunu danmır. Maddi imkanı çərçivəsində həmin borcu qaytaracaqdır. Əslində onun cəmi 190 manat öz pulu və Elşənin adına olan 2000 manatdan artıq dəqiq məbləğini bilmədiyi borc da ona aiddir. O, həmin pulu hissə-hissə ödəyəcəkdir. İş materiallarına həmçinin iddiaçı ilə cavabdehin bir-birinə göndərmiş olduqları səs yazılarını özündə kəs etdirən CD disk əlavə edilmiş, həmin sübut tədqiq edilərkən müəyyən edilmişdir ki, cavabdeh səs yazılarından bəzilərində iddiaçıya ona pul verməli şəxslər tərəfindən ödəniş etdirəcəyini, bəzilərində göndərdiyi puldan 100 manatını onun borcundan, 200 manatını İvanın borcundan (“hansı ki demişəm mənlikdi”) silməsini, çöllükdə olduğunu, maddi vəziyyətinin ağır olduğunu, ancaq borcunu ödəyəcəyini, bir ay, ay yarım onu gözləməsini, iddiaçı cavabdehə bir neçə dəfə nə olduğunu, ödəniş olmadığını, özünün qabağa düşdüyünü, öz öhdəsinə götürdüyünü, öz borcunun da qaldığını, ödəniş etməli olan şəxslərə zəng etdikdə həmin şəxslərin pulları Mircəfərə verdiklərini bildirdiklərini bildirmiş,bəzi səs yazılarında iddiaçı neçə gündü zəng etdiyini, telefonu niyə açmadığını soruşmuş, cavabdeh iddiaçıya cavabında ondan utandığını, buna görə cavab vermədiyini bildirmişdir. Məhkəmə iddiaçının nümayəndə və vəkilinin izahatını dinləyib, işdə olan sübutları araşdıraraq, iş üzrə müəyyən edilmiş halları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdeh iddiaçıdan nisyə olaraq qızıl-zinət əşyaları satın almış, nisyə alqı-satqı müqaviləsi nəticəsində cavabdehin iddiaçıya borcu yaranmışdır. Cavabdeh üzərinə düşən öhdəliyi icra etmədiyinə və borcunu qaytarmadığına görə iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh bütün məhkəmə iclasları barədə məlumatlı olmuş olsa da, nə məhkəmə iclaslarında iştirak etmiş, nə də iddiaya dair hər hansı etirazını ünvanlamışdır. Cavabdehin öhdəliyini icra etməməsi təqdim edilmiş səs yazıları, yaranmış borc məbləği isə təqdim edilmiş cavabdehin izahatı ilə tam təsdiqini tapmaqdadır. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli Qərarına görə, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Göründüyü kimi, tərəflər arasında öhdəlik münasibətləri nisyə alqı-satqı müqaviləsindən yaranmışdır. Odur ki, mübahisə Mülki Məcəllənin alqı-satqı müqaviləsi ilə bağlı normaları kontekstində həll edilməlidir. Həmin Məcəllənin 597.1-ci maddəsinə əsasən alıcı əşyanı alğı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. Beləliklə, məhkəmə işin hallarına və sadalanan qanunvericilik normalarının tələblərinə əsasən iddia tələbini nisyə satılmış mala görə ödənilməmiş 5045 manat pulun qaytarılması hissəsində əsaslı hesab edir. Məhkəmə həmçinin tələbin iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzi olan 47 manat pulun və MPM-nin 121.1-ci maddəsinə əsasən çəkilmiş xərc olaraq 320 manatın cavabdehdən tutulması hissəsi ilə bağlı isə hesab edir ki, əsas iddia tələbi tam təmin edildiyindən, iddia tələbi bu hissədə də tam təmin edilməli, cavabdehdən ödənilmiş dövlət rüsumunun əvəzi və MPM-nin 121.1-ci maddəsinə əsasən çəkilmiş xərc əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh nisyə satılmış mala görə ödənilməli olan 2620 manat, ödənilmiş dövlət rüsumunun əvəzi 47 manat və 320 manat hüquqi yardım haqqı olmaqla, cəmi 2987 (iki min doqquz yüz səksən yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə elektron kabinetlə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar