Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-87/2023 12.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh Bəxtiyar oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı «Zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh Bəxtiyar oğluna qarşı «Zərərin əvəzinin ödənilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bəxtiyar oğlu tərəfindən ona dəymiş maddi zərərin əvəzi olaraq 975 (doqquz yüz yetmiş beş) manatın və dövlət rüsumu olaraq ödənilmiş 100 manatın, ümumilikdə 1075 (min yetmiş beş) manat pulun Cavabdeh Bəxtiyar oğlundan alınıb ona ödənilməsi barədə qətnamə çxıarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə, saat 21:59-da etibarnamə əsasında idarə etdiyi **-RR-*** dövlət nömrə nişanlı avtomaşınla Sabirabad rayonunun Qarağac kəndi ərazisində əsas yolda saatda 60 km sürətlə hərəkətdə olarkən hərəkət zolağına anidən otla dolu at araba çıxmış, qəzadan yayınmaq üçün əyləcdən istifadə etsə də, lakin idarəetməni itirməsi nəticəsində qəza yaranmış cavabdehə məxsus at arabasını arxadan vurmuşdur. Qəza nəticəsində onun idarə etdiyi **-RR-*** dövlət nömrə nişanlı avtomaşına maddi ziyan dəymişdir. Həmin vaxt cavabdeh onunla mübahisə apardığından, o, DİN-nin 102 xidmətinə zəng vuraraq qəzanın baş verdiyi barədə məlumat vermişdir. Cavabdeh ona dəymiş ziyanı ödəmədiyi üçün o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. TƏRƏFLƏRİN İZAHATİ: Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı cavabdeh qismində dindirilmiş Cavabdeh Bəxtiyar oğlu iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ifadəsində qeyd etmişdir ki, at-arabası əsas yola anidən qarşısına çıxmışdır. Bildirmək istəyir ki, həmin gün ona məxsus pay torpağından ot gətirməyə getmiş, arabanın təkəri buraxdığından təkəri aparıb yamatdırıb gətirənə qədər vaxtını itirdiyi üçün gecəyə qalmışdır. At arabasının arxa hissəsində işıqlanma olmamışdır. O, yola çıxanda, heç bir maşın hərəkəti yox idi. O, əsas yolda 200-250 metrəyə yaxın hərəkət etmişdir ki, arxadan güclü əyləc səsi eşitmişdir. İddiaçı yüksək sürətlə hərəkət etdiyindən və idarəetməni itirib maşını saxlaya bilməyərək yolun sağ tərəfinə çıxıb onun arabasını arxa tərəfdən vuraraq 5-6 metr sürümüş, arbanın üstündə olan azyaşlı oğlu X2 zərbədən əsas yolun ortasına düşmüş, özü isə yolun sağ tərəfinə yoldan kənara düşmüşdür. Xoşbəxtlikdən qarşıdan və arxadan başqa maşın hərəkəti olmadığından oğlu yüngül xəsarətlə hadisədən qurtula bilmişdir. Aldığı zərbədən oğlu 6 gün Şirvan şəhər mərkəzi xəstəxanasında müalicə alaraq evə buraxılmışdır. Hadisə zamanı o, oğlunun yanında olmuş, iddiaçı onlara kömək etmək əvəzinə oğlunun xəstəxanaya çatdırmağına maneə yaratmış, onunla mübahisə edirdi ki, onun maşınını düzəltdirsin. O, qardaşı X1 zəng edərək məlumat vermiş, evləri yaxın olduğu üçün qardaşı tez oraya çatmış, oğlunu qardaşının maşınına qoyub xəstəxanaya apararkən qardaşı Elvinə tapşırmışdır ki, bu sürücü içkilidir, polisə məlumat ver bunu müayinədən keçirsinlər. Müayinədən keçməsi haqqında ondan heç bir məlumat yoxdur. O, özünün təqsirli bilmir. Ona görə də iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş: Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Azər Əliyevin xx.xx.2022-ci il tarixli «cinayət işi başlanmasının rədd olunması haqqında» qərarının surətində görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar aparılan araşdırma nəticəsində Cavabdeh Bəxtiyar oğlunun əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə barəsində cinayət işi başlanmasının rədd edilməsi, qərarın surəti maraqlı tərəfə göndərilməklə, qərardan şikayət etmək qaydasının izah edilməsi, Cavabdeh Bəxtiyar oğlu barəsində AR İXMnin 338.5-cı maddəsilə inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin RPŞ-nin DYPB-nə verilməsi, qərarın surətinin məlumat üçün rayon prokurorluğuna göndərilmsi və toplanmış materiallar saxlanılması üçün RPŞ-nin arxivinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Bəxtiyar oğlu xx.xx.2022-ci il tarixdə saat 21:59 radərləində idarə etdiyi 5GAG3US markalı araba ilə inzibati xəta törətməklə Azərbaycan Respulikasının İnzibati Xətalar Məcəlləsinin 338.5.3-cü maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən görünür ki, X3 özünə məxsus “VAZ-2106 minik” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2022-ci il tarixinə kimi İddiaçı etibar etmişdir. İş materiallarına əlavə edilmiş Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin xx.xx.2022ci il tarixli rəyindən görünür ki, “VAZ-2106 minik” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 975 manat maddi ziyan dəymişdir. İş materiallarına həmçinin “VAZ-2106 minik” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadiədən sonrakı fotoşəkilləri əlavə edilmiş, həmçinin sorğu nəticəsində Sabirabad RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru Azər Əliyev tərəfindən həyata keçirilmiş HK-1 No479 saylı təhqiqat materialı əldə edilmiş, məhkəmə qeyd edilən sübutları da tədqiq etmişdir. SÜBUTLARİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HÜQUQİ TÖVSİF: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq iş üzrə müəyyən olunmuş halları onlara təbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək, belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh Bəxtiyar oğlu xx.xx.2022-ci il tarixdə inzibati xəta törətməklə İddiaçı sahibliyində olan Vaz-2106 markalı ** RR *** dövlət nömrə nişanlı avtomaşına 975 manat məbləğində maddi ziyan vurmuşdur. Bu hal cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və inziabti xəta haqqında protokolla öz təsdiqini tapmışdır. Cavabdehin iddia tələbinə etirazını özünün baş vermiş yol-nəqliyyat hadisəsində təqsirsizliyi ilə əsaslandırmağa çalışsa da, onun təqsiri yuxarıda adları sadalanmış sənədlərlə sübuta yetirilmişdir. Cavabdeh onun barəsində qəbul edilmiş cinayət işinin başlanması haqqında qərarı mübahisələndirməmiş, həmin qərar qanuni qüvvəsini almışdır. Ona görə də məhkəmə cavabdehin tələbə etirazını onun maddi məsuliyyətindən yaxa qurtarmağa yönəldilmiş hərəkəti kimi dəyərləndirir. Məhkəmə ilk növbədə qeyd edir ki, zərərin əvəzinin ödənilməsinə dair Azərbaycan Respublikası Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan irəli gəlir. Həmin Məcəllənin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Sadalanan qanunvericilik aktlarının tələbinə görə mülki hüquq pozuntusu törətmiş şəxsin birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hərəkəti (hərəkətsizliyi) ilə vurulmuş zərər arasında səbəbli əlaqə olmalıdır. Hazırkı iş üzrə cavabdehə məxsus at arabasında işıqlanmanın olmaması göstərilən yol-nəqliyyat hadisəsinin baş verməsinə və iddiaçıya maddi zərər yetirilməsinə səbəb olmuşdur ki, bu hal da yuxarıda qeyd edildiyi kimi, qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla və inzibati xəta haqqında protokolla öz təsdiqini tapmaqdadır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia tələbi maddi zərər hissəsində təmin edilməli, Cavabdeh Bəxtiyar oğlundan 975 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Bundan əlavə, iddiaçı onun tərəfindən məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumunun da alınıb ona verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi maddə zərərin əvəzinin cavabdehdən tutulması hissəsində tam təmin edildiyi üçün iddia tələbi bu hissədə də əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh Bəxtiyar oğlundan 975 manat məbləğində maddi zərərin əvəzi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 1075 manat məbəlğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qətnamədən, onun surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-87/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-87/2023
12.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver