Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-887/2023 17.08.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədirliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «əsassız varlanma ilə bağlı pul tələbi» barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «əsassız varlanma ilə bağlı pul tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsassız varlanması nəticəsində əldə etdiyi 1741 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 38,79 manat dövlət rüsumunun və borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış faydanın cavabdehdən alınaraq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisidir. İddiaçı tərəfindən verilmiş plastik kart cavabdeh tərəfindən istifadə edilmişdir. Belə ki, Cavabdeh ona məxsus kart hesabından, ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etmişdir. Cavabdeh həmin kart hesabından 20.08-xx.xx.2021-ci il tarixləri aralığında “onlayn” ödəniş əməliyyatları aparmış, məbləğin bir qismini ATM-dən məxaric etmişdir. Nəticədə cavabdeh banka cəmi 1741 manat ziyan vurmuşdur. İddiaçı ASC-nin Problemli kreditlərin hüquqi təqibi departamentinin Məhkəmələrlə iş Şöbəsinin rəisi Elsevər Əkbərov məhkəməyə ərizə ilə müraciət edərək, iddia tələblərini müdafiə etdiklərini və məhkəmə iclasının təmsil etdiyi təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilib iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə etiraz barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçının təqdim etdiyi işin halları birtərəfli qaydada göstərilmiş və işin nəticəsinə təsir edǝcək əsas amillər barədə məlumatlar verilməmişdir. Belə ki, iddiaçı ərizəsində ona verilmiş plastik kartın təyinatı barədə məlumat verməmişdir. Verilən kart "Debet kart" olmuşdur. Belə təyinatlı kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nəğd pul çıxarmaq imkanı verilir. Yəni karta mədaxil etmədən hər hansı şəkildə kartdan pul əldə etmək və ya xərclər aparmaq mümkün deyildir. İddiaçı ərizəsində cavabdehə aid olmayan bankın vəsaitini hansı qaydada istifadə olunduğunu, bunun necə mümkün ola biləcəyini göstərməmiş, sadəcə texniki problem nəticəsində bunun baş verdiyini bildirmişdir. Lakin baş vermiş bu texniki problemin nədən ibarət olduğunu izah etməmiş və həmin problemi sübut edəcək hər hansı maddi və ya yazılı sübut taqdim etməmişdir. İddiaçı tərəfindən cavabdehə verilən kartın təyinatı nəzərə alındıqda, ona aid olmayan və banka aid vasaitin istifadəsi mümkün görünmür. Çünki həmin kartdan yalnız cavabdehin və ya başqa şəxslərin əlavə etdiyi vəsaitlərin istifadəsi mümkündür. Digər önəmli məsələ ondan ibarətdir ki, iddiaçı onun ailəsinə təyin olunmuş Ünvanlı dövlət sosial yardımın (ÜDSY) iki (2) aylıq məbləğini, 460 AZN akseptsiz qaydada tutmuşdur. Lakin bu tutulma baradə iddiaçı məhkəməyə hər hansı məlumat verməmişdir. Bundan əlavə iddiaçının əsassız varlanma ilə bağlı təqdim etdiyi yeganə sübut ona maxsus kartın çıxarışıdır. Maraqlıdır ki, iddiaçı həm sistemlərində texniki problem yarandığına görə əsassız varlanmanın baş verdiyini bildirmiş, həm də texniki problem yaranmış sistemlərindən əldə etdikləri çıxarış əsasında iddia qaldırmışdır. Əgər iddiaçı texniki problem nəticəsində əsassız varlanmanın həyata keçirildiyini bildirirsə, onun mahkəməyə təqdim olunmuş bu çıxarışda göstərilən rəqəmlərin hər hansı texniki problem nəticəsində orada əks olunduğu prezumpsiya oluna bilar. MPM hər hansı sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmadığını müəyyən edib. İddiaçı əsassız varlanmanı sübut etmək üçün təqdim etdiyi yeganə sübut bank çıxarışıdır. Halbuki iddiaçı baş vermiş texniki problemi sübut etmək ücün hər hansı sübut və ya ödənişin ATM-dan çıxarılmasına dair hər hansı videogörüntü təqdim etməmişdir. Təqdim etidiyi yeganə sübutda göstərilənlərin isə, bilindiyi kimi, yaranmış texniki problem səbəbindən doğru olmaması ehtimali vardır. İddiaçı iddiasının əsasını sübut edəcək kifayət qədər sübut təqdim etmədiyindan onun iddiası təmin olunmamalıdır. İddiaçı həmçinin borca illik 5%-lə hesablanmış 137,83 manat əldan çıxmış faydanın ondan tutulmasını tələb etmişdir. İddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad edərək bildirmişdir ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Halbuki iddia ərizəsinin tələb hissəsində borca illik 5%-lə hesablanmış 137,83 manat əldən çıxmış fayda tələb olmuşdur. Görünür ki, iddiaçı mülki hüquqdakı əldən çıxmış fayda və borclunun icranı gecikdirməyə görə əlavə məsuliyyəti institutlarını qarışdırmışdır Məhkəmə əsas olaraq iddia ərizəsinin təǝb hissəsində nəzərdə tutulan tələblər həddində işə baxmalı və qərar çıxarmalıdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə qarşı ünvanladığı etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və və əlavə olaraq bildirdi ki, onun özünə məxsus debet kartı vardır və həmin karta mütəmadi olaraq vəsaitlər köçürülür. Bu xüsusda həmin kartla hər zaman əməliyyatlar həyata keçirir. Bank tərəfindən ona müraciət edilərək, guya onun tərəfindən əlavə vəsaitin məxaric edildiyi bildirilmiş, o, bana yaxınlaşıb bu məsələni aydınlaşdırmaq istəmiş, ona “Over time” zamanında hesabdan məxaric etməsi, yəni guya bundan əvvəl məxaric etdikdən sonra məxaric etdiyi məbləğ kartından silinməmiş və onun təkrarən məxaric edərkən məxaric etdiyi vəsaitin banka məxsus olması bildirilmişdir. O, bank əməkdaşına da məxaric etdiyi və digər əməliyyatlar apardığı kart hesabının onun debet hesabı olmasını, yəni həmin hesaba bankın hər hansı vəsait daxil etməsinin və ya digər əməliyyatlar paarmasının qeyri-mümkün olmasını, hesabın onun şəxsi hesabı olmasını bildirmiş və göstərdikləri səbəbə etirazını bildirmişdir. Hazırki halda da hesab edir ki, iddia tələbi tamamilə əsassızdır və o, bank hesabına hər hansı varlanma halına məruz qalmamışdır ki, əsassız varlanmış şəxs hesab olunsun. Ona görə də o, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi əsaslı hesab edilə bilməz. Əvvəla qeyd edilməlidir ki, iddia tələbindən göründüyü kimi, tələb 3 hissədən- əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin, əldən çıxmış faydanın və ödənilmiş dövlət rüsumunun geri qaytarılması hissələrindən ibarətdir. Məhkəmə ilk öncə iddia tələbinin ilk və əsas hissəsi olan əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin geri qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəməyə Bank tərəfindən təqdim edilmiş ödəniş kartı üzrə çıxarışdan da görünür ki, kartın növü “VSDC Electron” kimi, yəni debet kart olaraq göstərilmişdir. “BANK FƏALİYYƏTİNİN ƏSASLARİ” kitabında (X1-2013) “VSDC Electron” kartının anlayışında göstərilmişdir ki, “X2/Credit. “X2/Credit” kartı (VSDC) Visanın çip kartlar üçün əsas əlavəsidir. Bu əlavə “EMV” standartına uyğun olduğundan, bu əlavəyə malik kart “EMV” infrastrukturu olan istənilən ölkədə istifadə oluna bilər. “VSDC” kartının istifadə olunmasının əsas üstünlüklərindən biri yeni əlavələrlə geniş imkanların əldə olunmasıdır. Bura müxtəlif bonus sxemləri (loyalty), identifikasiya funksiyaları (İD), sığorta, yığım sxemləri və s. aiddir. “VSDC” kartı məhsul və xidmətlərin dəyərinin ödənilməsində, bankomat vasitəsilə nağd pul vəsaitinin çıxarılmasında, internet vasitəsilə təhlükəsiz ödənişlərin aparılmasında, dükanlarda xalların toplanmasında, endirimlərin əldə olunmasında, həmçinin mobil telefon, kompüter və digər texniki avadanlıqlar vasitəsilə ödənişlərin aparılmasında istifadə oluna bilər.” “Debet kart” anlayışının nədən ibarət olması internet informasiya sistemində sorğu edilərkən vikipediyada göstərilmişdir ki, “Debet kartlar — bankomat və ya bankın kassalarında yerləşən POS-terminallar vasitəsilə nağd vəsaitlərin alınması üçün istifadə edilən texniki vəsait. Kartlar debet rejimində işləyir, ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir.” Göründüyü kimi, debet kartın anlayışında da ifadə olunmuşdur ki, bu kartlar ancaq kart hesabında faktiki olan məbləğ daxilində xərclər aparmaq və ya bankomatlardan nağd pul çıxarmaq imkanını verirlər. Debet kartı üzrə ödəmələr hesabda olan vəsait qalığı çərçivəsində həyata keçilir. Yəni kart hesabında hansı məbləğdə pul vəsaiti mövcuddursa, həmin məbləğ həddində ödəmələr aparmaq və pul çıxarmaq imkanı mövcuddur. Yuxarıda göstərilən anlayışlara istinadən və Mülki Məcəllənin 1091.2-ci maddəsinin tələblərinə nəzərən, əgər iddiaçının iddia etdiyi kimi, cavabdeh debet kart hesabından əməliyyatlar aparmış və məxariclər etmişdirsə, onun özünə məxsus kartdan istifadə etməklə bağlı qanuni və hüquqi əsası mövcud olmuşdur ki, bu halda hər hansı əsassız varlanma halından söhbət gedə bilməz. İddiaçı isə cavabdeh tərəfindən əsassız varlanma halına yol verilməsi barədə məhkəməyə kifayət qədər sübutlar təqdim edə bilməmişdir. Məhkəmə xüsusilə vurğulayır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə alınamalıdır. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Odur ki, iddia tələbi ilk hissədə, yəni əsassız varlanma ilə bsağlı əldə edilmiş vəsaitin qaytarılması hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. İddia tələbinin ikinci hissəsi olan, illik 5%-lə hesablanmış əldən çıxmış faydanın iddiaçıya ödənilməsi hissəsində münasibətdə qeyd edilməlidir ki, əldən çıxmış fayda vurulmuş zərərin bir növü kimi Mülki Məcəllədə müəyyən edilmiş və bu ifadəyə anlayış verilmişdir. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşdən göründüyü kimi, cavabdeh iddiaçının hər hansı hüququnu pozmamışdır ki, hazırki vəziyyətdə əldən çıxmış fayda şəklində cavabdehdən zərərin əvəzinin ödənilməsini tələb etmiş olsun. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsaslı hesab edilə və təmin edilə bilməz. Tələbin sonuncu hissəsi olan ödənilmiş dövlət rüsumunun qaytarılması hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, iddia tələblərinin əsas hissələri əsassız hesab edilərək təmin edilmədiyindən bu hissədə də iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nın 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-887/2023
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-887/2023
17.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver