Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-924/2024 13.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «Pul tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4000 manat pulun, 60 manat ödənilmiş dövlət rüsumunun və 50 manat xidmət haqqının, cəmi 4110 manat məbləğində pul vəsaitinin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, cavabdeh İ.K.X1 adından ona verilən etibarnamə əsasında sonuncuya məxsus VAZ 21074 markalı, ** GT *** dövlət nömrə nişanı olan avtomobil üçün xx.xx.2022-ci il tarixdə Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisində ona xx.xx.2023-cü il tarixədək qüvvədə olan etibarnamə vermiş və qeyd olunan avtomobilə görə ondan 4500 manat pul almışdır. xx.xx.2023-cü il tarixdə yenidən etibarnamə almaq üçün Tural Zeynalovla “ASAN xidmət” mərkəzinin yaxınlığında görüşmüşlər. Həmin vaxt Tural onlara artıq etibarnamə verməyəcəyini bildirmiş və hal-hazıradək etibarnamə verməmişdir. O, bundan sonra cavabdehdən pulu tələb etsə də, cavabdeh ondan aldığı 4000 manat məbləğində pulu qaytarmaqdan imtina etmiş, odur ki o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verərək əlavə olaraq göstərdi ki, mübahisə predmeti olan avtomobil hal-hazırda onun həyətindədir. Avtomobili etibarnamə olmadığı üçün idarə edə bilmirlər. Ona görə də o, avtomobilə görə ödədiyi pulun özünə qaytarılmasını istəyir. Etibarnamə müddəti ərzində avtomobili öz adlarına rəsmiləşdirməmələri diqqətsizliklərindən baş vermişdir. Cavabdeh tərəfindən avtomobilin sənədlərinin düzəldilməsini və ya avtomobil üçün ödənilən pulun cavabdehdən alınmasında köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, o, avtomobili etibarnamə əsasında Rəsul adlı şəxsdən almış, 4000 manat pul vəsaiti qarşılığında isə Əntiqəyə satmışdır. O, Rəsul tərəfindən ona verilən səlahiyyəti ona verilmiş müddət həcmində Əntiqəyə vermiş, bu müddətdə də avtomobili adlarına sənədləşdirmələrini bildirmişdir. Etibarnamənin müddətinin bitməsində, buna görə iddiaçının öz adına rəsmiləşdirmə aparmamasında onun heç bir günahı yoxdur. Onun özünün də qeyd etdiyi kimi avtomobilə dair səlahiyyət müddəti bitmişdir. Hazırda onun etibarnamə vermək üçün heç bir səlahiyyəti yoxdur. Avtomobil iddiaçının istifadəsindədir. Əgər etibarnamə müddəti bitmədən qaytarılsaydı o, özü avtomobili öz adına keçirə bilərdi. Hazırda iddianı qəbul etmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsinə əlavə olunmuş: Sabirabad regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş reyestr nömrəsi 4975 olan ƏN-Vİİİ 494088 nömrəli “nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən görünür ki, X4 adından Cavabdeh xx.xx.2022-ci il tarixdən 10 ay 8 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək mülkiyyətində olan VAZ 21074 markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ əsasında İddiaçı etibar etmişdir. Cavabdeh tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, o, xx.xx.2022ci il tarixdə VAZ 21074 markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili 4500 manat pul vəsaiti qarşılığında İddiaçı satmışdır. BD001554 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, VAZ 21074 markalı ** GT *** dövlət nömrə nişanlı avtomobil X2 mülkiyyətindədir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymət verərək belə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, məhkəmə iclasında tərəflərin izahatı və iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında VAZ 21074 markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilin alqı-satqısı ilə əlaqədar razılıq əldə olunmuş və şifahi alqı-satqı müqaviləsi üzrə tərəflər üzərinə düşən öhdəlikləri yerinə yetirmişlər. Bundan sonra avtomobilin mülkiyyətçisi olan X4 adından Cavabdeh xx.xx.2022-ci il tarixdən 10 ay 8 gün müddətinə, yəni xx.xx.2023-cü il tarixədək mülkiyyətində olan VAZ 21074 markalı ** GT *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək hüququ əsasında İddiaçı etibar etmişdir. Lakin buna baxmayaraq etibar olunan müddət ərzində hazırki iş üzrə iddiaçı avtomobili öz adına rəsmiləşdirməmiş, rəsmiləşdirmənin cavabdehin təqsirli hərəkətinin nəticəsi olaraq baş verməməsinə dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, öz izahatında da bu halın öz diqqətsizliyindən yaranmasını vurğulamışdır. Məhkəmə ilk növbədə iddiaçının hazırki tələblə cavabdehə qarşı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olub-olmadığına qiymət verərək qeyd edir ki, “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarı da subyektiv hüquqununu 3 elementin mövcudluğu ilə əlaqələndirmiş, müəyyənləşdirilmiş 3 elementdən ikinci və üçüncüsünün birincinin mövcudluğu ilə əlaqədar olmasını müəyyən etmişdir ki, 1-ci element də öz hərəkətlərinə hüquqi ixtiyarı təşkil edir. Beləliklə, işdən də göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya qarşı hər hansı hüquq pozuntusuna yol verilməmiş, cavabdeh iddiaçı qarşısında öhdəliklərini icra etmiş, lakin iddiaçı avtomobilə dair etibarnamə müddəti ərzində öz hərəkətsizliyi ilə sərəncam hüququnu həyata keçirməmişdir ki, bu halda onun hazırki iddia ilə bağlı öz hərəkətlərinə hüquqi ixtiyarı olmasından və hazırki cavabdehdən tələb hüququna malik olmasından söhbət gedə bilməz. Odur ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki zamanda avtomobilin iddiaçıda olması halı da xüsusi olaraq vurğulanmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(056)-924/2024
Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-924/2024
13.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver