Məhkəmə qərarları › İş №2(056)-965/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-965/2024

06.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-965/2024 06.05.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiası üzrə mülki işə Sabirabad şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddia əizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən video kamera almaq üçün ona verilmiş 1200 manat məbləğində pul vəsaitinin, 36 manat ödənilmiş dövlət rüsumunun və MPM-nin 121.1-ci maddəsinə əsasən hüquqi yardıma görə ödənilmiş 60 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehi toy şənlikləri və məüxtəlif tədbirləri lentə alan video operator kimi, həm də kim istərsə haqqı ödənilməklə kamera aparatı təşkil edən şəxs kimi tanımış, onunla telefon əlaqəsi saxlamış və istəyini ona bildirmişdir. Cavabdeh video kameranı ona 1800 manata verəcəyini bildirmişdir. Razılşamaya əsasən 1600 manat əvvəlcədən, 200 manat isə kamera təhvil veriləndən sonra ödəniləcək idi. Kamera cavabdeh tərəfindən ona xx.xx.2023-cü ildə təhvil verilməli idi. O, razılaşmaya əməl edərək xx.xx.2023-cü ildə “E manat” vasitəsi ilə Cavabdeh 1400 manat, xx.xx.2023-cü ildə yenə həmin üsulla 200 manat göndərmişdir. xx.xx.2023-cü ildə o, cavabdehlə telefon vasitəsi ilə əalqə saxlamış, cavabdeh ona problem yarandığını, bu səbəbdən kameranı xx.xx.2023-cü ildə təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü ildə cavabdeh ona kameranı xx.xx.2023-cü ildə təhvil verəcəyini bildirmişdir. xx.xx.2023-cü ildə isə xx.xx.2024-cü ildə təhvil verəcəyini bildirmişdir. Nəhayət xx.xx.2024-cü ildə xx.xx.2024-cü ildə təhvil verəcəyini bildirmişdir. xx.xx.2024-cü ildə də kamera təhvil verilməmişdir. Cavabdeh hal-hazıra kimi kameranın təhvil verilməsini təxirə salır. O, nəhayət cavabdehin atası ilə telefon əlaqəsi saxlamış, atası ona tək olmadığını, baş kamera gözləyən şəxslərin də olduğunu bildirmişdir. Mülki iş üzrə o, dövlət rüsumunu ödəyəndən sonra cavabdeh ona xx.xx.2024-cü ildə 250 manat, xx.xx.2024-cü ildə isə 150 manat ödəmişdir. Hazırda cavabdehin ona 1200 manat borcu vardır. O, cavabdehdən pulunu istəsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmağı gecikdirir. Ona görə də iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf edərək həqiqətən də, iddiaçıdan kamera satmaq üçün 1600 manat məbləğində pul almasını, yaranmış problemlə əlaqədar kameranı iddiaçıya alıb təhvil verə bilmədiyini, hazırda qalıq qalan 1200 manat pulu birdəfəyə ödəmək imkanı olmadığını, bu ilin sentyabr ayına kimi iddiaçıya olan borcunu tam şəkildə bağlayacağını qeyd edərək iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdırıb, iş üzrə müəyyən edilmiş halları tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı işdə iştirak edən şəxslərin izahatı ilə müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında kameranın alqı-satqısı ilə bağlı şifahi razılaşmadan sonra iddiaçı tərəfindən cavabdehə 1600 manat pul verilmişdir. Lakin sonradan cavabdeh kameranı təhvil vermədiyindən iddiaçı ilə cavabdeh arasındakı kamera alqı-satqısına dair razılaşma pozulmuş, cavabdeh tərəfindən kamera müqabilində aldığı pul vəsaiti iddiaçıya tam şəkildə qaytarılmadığından, tərəflər arasında mübahisə yaranmışdır. Hazırkı mübahisədən görünür ki, Cavabdeh İddiaçı kamera alqı-satqısı adı ilə aldığı 1600 manat pul vəsaiti müqabilində kameranı İddiaçı sərəncamına verməli olduğu halda bunu etməmiş, bununla belə hər hansı qanuni əsas və ya müqavilə olmadan İddiaçı aldığı həmin pul vəsaitini ona tam qaytarmaqdan yayınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qanunvericiliyin göstərilən tələblərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1600 manat pul verilərkən, iddiaçının cavabdeh qarşısında hər hansı öhdəliyi olmamışdır. Mülki Məcəllənin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Qanunvericiliyin bu tələblərindən göründüyü kimi varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda da məhrum olmuş şəxs verdiyini geri tələb edə bilər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı tərəfindən cavabdehə kameranın ona verilməsi adı ilə pulun verilməsinin gözlənilən məqsədi, kameranın iddiaçının sərəncamına verilməsi olmuşdur. Lakin iddiaçı gözlənilən məqsədi əldə edə bilmədiyindən, yəni kamera onun sərəncamına verilmədiyindən, iddiaçı məhrum olan şəxs kimi verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin əsassız varlanması faktı öz təsdiqini tapdığından, cavabdeh tərəfindən İddiaçı kamera alqı-satqısı adı ilə aldığı 1600 manat puldan qalıq qalan ödənilməmiş 1200 manat pul vəsaiti cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş dövlət rüsumunun və hüquqi yardımın əvəzinin cavabdehdən tutulması hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissədə əsaslı olub təmin edildiyindən göstərilən hissədə də tam təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul vəsaiti, məhkəmə xərclərinə aid edilən ödənilmiş 36 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 60 manat pul vəsaiti olmaqla, ümumilikdə isə 1296 (bir min iki yüz doxsan altı) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar