Məhkəmə qərarları › İş №2(056)-99/2024

Sabirabad Rayon Məhkəməsi Qətnamə — İş №2(056)-99/2024

29.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sabirabad rayon İş № 2(056)-99/2024 29.01.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İDDİA TƏLƏBİNİN MAHİYYƏTİ: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi 3500 manatın və 886 manatın və ödənilmiş 129 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xəstə uşağının müalicəsi ilə əlaqədar “online”internet vasitəsi ilə geyim əşyalarının satışı ilə məşğul olur. Bununla əlaqədar Ceyhun və onun həyat yoldaşı Pərvin və tanışları Vüsalə adlı müştərilərlə alış-veriş edərək, etdikləri alış-verişin pulunu ödəyib “WhatsApp” üzərindən ödənişi təsdiq edən qəbzin surətini göndərmişlər. Sonuncular ona qəbz atsalar da, nədənsə onun telefonuna ödənişin gəlməsi barədə heç bir bildiriş gəlməmişdir. Həm Ceyhun, həm Pərvin və Vüsalə ona demişlər ki, pul ödənilib, yəqin problem terminaldadı. O, xx.xx.2023-cü ildə "xxxx" ASC-yə müraciət etmiş, Bank işçiləri ona bildirmişlər ki, bu məsələni araşdırıb məlumat verəcəklər. xx.xx.2023-cü ildə sonuncular ona yenidən qəbz atdılar ki, ödəniş etmişlər, sifarişləri göndərin. Onlar onu aldatdıqlarına görə o, onlara məhsul göndərmədi. Sonra telefonuna baxanda yenə göndərdikləri çekin heç bir bildirişinin gəlmədiyini müəyyən etdi. xx.xx.2023-cü ildə təxminən saat 14:20 radələrində ona "xxxx" ASC-dən zəng gəldi və bildirdilər ki, həmin qəbzlər saxtadı, onlar 1 manatlıq qəbzlərdir. O, Ceyhuna, Pərvinə və Vüsaləyə zəng edib iradını bildirmişdir ki, ona bankdan qəbzlərin saxta olmasını bildirmişlər. Sonuncular isə pulu ödədiklərini bildirdilər. O, qadın-kişi paltarları satır. Ceyhun və Pərvin ona 3500 manat ödəməlidir. Vüsalə isə 886 manat ödəməlidir. Pərvin ona demişdir ki, yoldaşı pulu Zabratdan göndərib. Vüsalə isə dedi ki, o, rayondadı, pulu rəfiqəsi Pərvinə verib. Məsələ ilə bağlı cinayət işinin başlanmasının rədd olunması ilə bağlı Suraxanı RPŞ-nin əməkdaşı tərəfindən qərar qəbul edilərək ona mülki qaydada iddia qaldırmaq hüququ izah olunmuşdur. Ona görə də o, iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və verilmiş suallara cavab olaraq bildirdi ki, o, alış-verişi Pərvin adlı şəxslə etmiş, Pərvinin əri Ceyhun onun ərindən və ya ondan satılmış malları təhvil almışdır. Alqı-satqı ilə bağlı “WhatsApp” qrupu olmuş, Ceyhun, Pərvin və Vüsalə həmin qrupda olmuşdular. Hesab edir ki, əslində Vüsalə adlı şəxs də Ceyhungil olmuşdur. Belə ki, Vüsalə onunla ancaq yazışmış, heç vaxt danışmamışdır. Buna səbəb isə nitq qüsuru olmasını göstərmişdir. Ceyhungil Vüsalə adını da saxta formada qrupa salmışdılar. Hazırda o, alış-verişi Pərvin və Vüsalə ilə etmiş olsa da, satılan malları Ceyhuna təhvil vermişlər. Ona görə də o, Ceyhuna qarşı iddia qaldırmışdır. Hazırda məhkəmədən tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə istinad edərək, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞ ÜZRƏ TƏQDİM OLUNMUŞ SÜBUTLAR: İddia ərizəsinə əlavə olunmuş Suraxanı RPİ-nin 30-cu PŞ-nin təhqiqatçısı polis mayoru Rəhman İsmayılovun xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, İddiaçı şikayət ərizəsi ilə müraciət edib şikayətində Pərvin və Vüsalə adlı müştərilərə paltarlar satdığını, həmin şəxslərin saxta qəbzlər təqdim etdiyini, Pərvinin ona 3500, Vüsalənin isə 886 manat borclu olduğunu göstərmişdir. Məhkəməyə həmçinin ödəniş qəbzləri təqdim edilmiş, həmin qəbzlərin ödəniş dövrü ilə bağlı "xxxx" ASC-dən məlumatlar tələb edilmiş, qeyd edilən sübutlar da məhkəmə iclasında tədqiq edilmişdir. SÜBUTLARİN HÜQUQİ CƏHƏTDƏN QİYMƏTLƏNDİRİLMƏSİ: Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədləri hərtərəfli, tam və obyektiv araşdıraraq, iş üzrə müəyyən edilmiş hallara onlara tətbiq edilməli olan hüquq normaları baxımından qiymətləndirərək belə bir nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı iddiaçının izahatı və cinayət işinin başlanmasının rədd edilməsi haqqında da qərarla müəyyən olundu ki, iddiaçı ilə Pərvin və Vüsalə adlı şəxslər arasında alqı-satqı münasibətləri mövcud olmuş, iddiaçının saxtalığına istinad etdiyi qəbzlər üzrə ödənişlər həmin şəxslər tərəfindən həyata keçirilmişdir. İddiaçı özü də Ceyhunla hər hansı alqı-satqı münasibətində olmadığını, satılmış malların Ceyhuna təhvil verildiyini bildirmiş, şikayətində də Pərvin və Vüsalə adlı şəxslərin ona borclu olmasını göstərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında hər hansı alqı-satqı ilə bağlı müqavilə münasibəti mövcud olmadığından, Cavabdeh iddiaçı qarşısında öhdəliyinin yaranmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və mülki qanunvericiliyin müəyyən edilmiş mövqeyini nəzərə alaraq hesab edir ki, tərəflər arasında müqavilə münasibəti mövcud olmadığından, cavabdehin iddiaçı qarşısında öhdəliyinin yaranması müəyyən edilmədiyindən iddia tələbi rədd edilməlidir. Həmçinin o da qeyd edilməlidir ki, hüquq ədəbiyyatında sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslılığının əsas göstəricisi olduğunu nəzərə alınsa, bu insitut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa insan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyya Federasiyasına qarşı» 26 iyul 2007ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (Sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübutun kifayət qədər güclü, aydın və bir birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən bir qayda olaraq «Əsaslı şübhədən kənar» sübut standartları tədbiq edilir. İddiaçı isə hazırki tələbi üzrə Cavabdehlik daşımaq öhdəliyinin mövcudluğu barədə hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş və hər hansı sübuta istinad edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş dövlət rüsumunun ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddia tələbi əsas hissələrdə rədd olunduğundan və belə olan halda məhkəmə xərcləri iddiaçıya aid edilməli olduğundan, iddia bu hissədə də əsassız hesab olunaraq rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. NƏTİCƏ: Göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilməsin. Qətnamədən, onun surəti tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Elektron Məhkəmə sistemində yaradılmış elektron kabinetlə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar