Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1013/2023 22.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11759 manat məbləğində pulun və ödədiyi 125.30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 2020-ci ilin sentyabr-noyabr aylarında şəxsi istifadəsi üçün 15409 manat dəyərində qızıl-zinət əşyaları vermişdir. Cavabdeh həmin qızıl-zinət əşyalarının dəyərini hissə-hissə hər ay 1000 manat ödəməyi və pulun ödənişini 2021-ci ilin dekabr ayında başa çatdırmasını öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi qismən yerinə yetirərək, cəmi 3650 manat məbləğini ödəmiş, qalan 11759 manatını bu günə qədər ödəməmiş, hər dəfə söz versə də, yayınmış və müxtəlif bəhanələr gətirərək, müflis vəziyyətdə olduğunu, pulunu qaytaracağını bildirmişdir. Odur ki, Cavabdeh 11759 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, Cavabdeh ondan 15409 manat dəyərində qızıl-zinət əşyaları nisyə olaraq alıb. Həmin puldan 3650 manat ödəsə də, 11.759 manat pul ödənməmiş qalmışdır. Dəfələrlə Cavabdeh müraciət etsə də o, müxtəlif vədlər verməsinə baxmayaraq borclu olduğu pulu qaytarmamışdır. Ona görə də, məcbur olub məhkəməyə müraciət etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmənin hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etdiyini, iddia ərizəsində sıra sayı ilə göstərilən qızıllardan 2, 5 və 6-cı sırada göstərilən qızılları iddiaçıdan nisyə aldığını, digər qızılları Aişədən almadığını, hazırda maddi vəziyyətinin yaxşı olmadığını maddi imkanı olan kimi borcunu ödəyəcəyini bildirmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2020-ci ilin sentyabr-noyabr aylarında 15409 manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya 3650 manat pul ödəmiş, 11759 manat pulu bu günə kimi iddiaçıya ödəməmişdir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İddia ərizəsində qeyd olunan 12 adda olan qızıl-zinət əşyalarının siyahısından və borcun məbləğinin ümumi dəyərinin qeyd olunduğu əlyazma vərəqdə olan hesabatdan görünür ki, 1. Komplekt - 1400 manat, 2. “Pandora” dəst - 1150 manat, 3. Dəst brilliant ağ - 3500 manat, 4. Sep - 530 manat, 5. Komplekt - 3800 manat, 6. Qızıl sırğa - 780 manat, 7. Qolbaq 722 manat, 8. Qolbaq - 900 manat, 9. Qolbaq - 607 manat, 10. Qolbaq - 410 manat, 11. Qolbaq - 390 manat, 12. Komplekt 1170 manat və həmçinin 50 manat lotoreyadan qalan borcun göründüyü siyahıda olan dəyərlər toplanıldıqda ümumi məbləği 15409 manat edən borc yaranır və görünür ki, Cavabdeh İddiaçı aldığı 15359 manat dəyərində olan qızıl-zinət əşyalarının və 50 manat dəyərindəki lotoreyadan qalan borcdan 3650 manat qaytarmışdır və 11759 manat pul qaytarılmamışdır. Həmçinin iddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd yaddaş kartı təqdim edərək orda olan səs yazısının və yazışmanın, mobil telefonda adı “İlahə salon” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla borcun cavabdehə məxsus olması ağlabatandır. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bu sübutun (iddiaçı tərəfindən təqdim olunan səs yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh səs yazısı tədqiq edildiyi zaman məhkəmə iclasında iştirak etməmişdir. Buna baxmayaraq məhkəmə həmin səs yazısını mötəbər sübut kimi qəbul edir. Həmin səs yazısında əks olunanlara qiymət verib məhkəmə ilk növbədə qeyd edir ki, yazının 1-ci dəqiqəsi ilə 2-ci dəqiqəsi arasında iddiaçı ilə söhbət zamanı onun oponenti “11759 manat borcunun olmasını inkar etmir, pulu qaytarmaq istədiyini, maddi imkanının olmadığını, əmlak satılmasını gözlədiy” sözlərini bildirir. Belə olan halda məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bildirdiyindən basqa cavabdeh onunla iddiaçı arasında digər münasibətlərin mövcüdluğunu sübut edə bilmədiyinə görə məhkəmə bu nəticəyə gəlir ki, təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərin mövcüdluğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Yuxarıda sadalanan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına və iş materialların nəzər yetirdikdə görünür ki, həqiqətən də cavabdeh iddiaçı ilə aralarında olmuş müqavilə əsasında 15409 manat dəyərində qızıl-zinət əşyaları vermiş, cavabdeh həmin qızıl-zinət əşyalarının dəyərindən cəmi 3650 manat məbləğini ödəmiş, qalan 11759 manatını bu günə qədər ödəməmişdir. Bu hal öz təsdiqini iddiaçının sübut qismində məhkəməyə təqdim etdiyi “Whatsapp” mobil tətbiqində aparılmış telefon danışığının video yazısında, həmçinin, həmin mobil tətbiqdə olan mesajlaşmalarında tapır. Belə ki, cavabdeh iddiaçı ilə danışığı zamanı borcunun olduğunu etiraf edir, həmçinin, cavabdehin mesajlaşmalar zamanı borcu səbəbindən iddiaçının məhkəməyə müraciət etməsini təsdiqləyir, bu hal da, cavabdehin iddiaçıya borclu olmasını faktını təsdiqləyən hallardan biridir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, mübahisə predmeti olan 11759 manat pul vəsaiti onların arasında olan nisyə müqaviləsi əsasında Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. İddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 125,30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. Cavabdeh 11759 manat məbləğində pulun və ödənilmiş 125,30 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Ənnağı Məmmədli