Məhkəmə qərarları › İş №2(057)-1105/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1105/2023

07.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1105/2023 07.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi və İddiaçı iştrakı ilə pul tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 8240 manat maddi ziyana görə pulun və iddia ərizəsinin verilməsi üçün ödədiyi 102,40 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Boranıkənd kəndində yaşayan Cavabdeh 03 mart 2023-cü ildə öz adına olan “Opel Astra” minik markalı **-RG-*** nömrəli avtomaşını 15500 manata razılaşaraq satmışdır. Cavabdeh maşını alarkən ilkin olaraq 3500 manat pul vermiş, qalan pulu isə 24 ay müddətinə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh pulu ödədikdən sonra maşını onun adına keçirtməli idi. Maşını sürmək üçün ona müvəqqəti olaraq etibarnamə vermişdir. Cavabdeh maşını saat 17:00-da aldıqdan sonra axşam saat 21:30 radələrində avtoqəza törədərək vurub əzmişdir. Təqribən 1 həftə sonra maşını cavabdeh özü gətirərək onun qapısına qoymuşdur. Həmin maşını məcbur qalaraq 3760 manata Cəlilabad rayonundan olan bir nəfərə satmışdır. Nəticədə 15500 manat dəyərində olan maşını əzilmiş vəziyyətdə 7260 manata satmalı olmuşdur. Cavabdeh ona 8240 manat ziyan vurmuşdur. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını bir daha xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin bildiriş “köçüb” qeydli poçt xəbərnaməsi ilə məhkəməyə geri qaytarılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPMnin 147 -ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Cavabdeh adından yazılmış qəbzdən görünür ki, o, iddiaçıdan “Opel Astra” minik markalı **-RG-*** nömrəli avtomaşını kreditlə 15500 manata almış, ilkin olaraq 3500 manat ödəniş etmiş, qalan 12000 manatı 24 ay müddətinə, hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmədə elan olunmuş nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamədən görünür ki, İddiaçı 2007 ci il buraxılışlı, “Opel Astra” minik markalı **-RG- *** nömrəli avtomaşını Cavabdeh 1 il müddətinə müvəqqəti olaraq vermişdir. Məhkəmədə elan olunmuş 048596 №-li arayışdan görünür ki, Cavabdeh xx.xx.2023cü il tarixdə saat 21:30 dəqiqədə Bakı-Qazax yolunun 50 kilometrliyində yol nəqliyyat hadisəsi nəticəsində Opel Astra” minik markalı **-RG-*** nömrəli avtomaşın beton bardura dəymiş və nəticədə maşının qabaq sağ qanadı əzilmişdir. Məhkəmə iddiaçını dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı cavabdehə 03 mart 2023-cü ildə öz adına olan “Opel Astra” minik markalı **-RG-*** nömrəli avtomaşını 15500 manata razılaşaraq satmış, cavabdeh maşını alarkən ilkin olaraq 3500 manat pul vermiş, qalan pulu isə 24 ay müddətinə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh qalan pulu geri qaytarmamışdır. Cavabdehin iddiaçıya verdiyi borc sənədinin iddiaçıda olması bir daha onu göstərir ki, cavabdeh iddiaçı qarşısında öhdəliyini icra etməmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 8240 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 102,40 manat alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar