Məhkəmə qərarları › İş №2(057)-111/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-111/2025

15.01.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-111/2025 15.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borclu olduğu 8000 (səkkiz min) manat pul məbləğinin və ödənilmiş 100 manat dövlət rüsumu tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 7-ci bəndində mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi nəzərdə tutulsa da, bu barədə məlumat nə iddia ərizəsinə əlavə olunmamış, nə də iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək həmin məlumatları məhkəməyə təqdim etməmiş, həmçinin cavabdeh də məhkəmə iclaslarına gəlməyərək işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. İddiaçı məhkəmə iclaslarına gəlməyərək, teleqram ünvanlamaqla işə onun iştirakı olmadan baxılıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etsə də, iddia ərizəsinə əlavə olunmuş müqavilədən irəli gələn öhdəlikləri düzgün qaydada yerinə yetirməmişdir. Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı, iddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı qanunvericilik üzrə tələb edilən miqdarda dövlət rüsumu ödəmişdir. Belə ki, o, ərizə ilə məhkəməyə müraciət edərkən cəmi 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-cı maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Həmin Məcəllənin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. İddiaçıya iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququ izah edilsin. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar