Məhkəmə qərarları › İş №2(057)-1171/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1171/2023

22.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1171/2023 22.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddia təmin edilməsin və 23650 (iyirmi üç min altı yüz əlli) manat pul və 165.95 (bir yüz altmış manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 23650 (iyirmi üç min altı yüz əlli) manat dəyərində qızıl zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmiş. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 23650 (iyirmi üç min altı yüz əlli) manatı qaytarmır. Salyan RPŞ həmin araşdırma materiallarını yalnız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 23650 (iyirmi üç min altı yüz əlli) manat pul və ödədiyi 165.95 (bir yüz altmış manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddia tələbini müdafiə edir. Cavabdehə qızıllar satmışdır. Qızılları cavabdehə verən zaman hər dəfə aralarında müqavilə bağlanmışdır. Cavabdeh 41180 (qırx bir min yüz səksən) manat puldan 18128 (on səkkiz min yüz iyirmi səkkiz) manatını ödəmiş, 23650 (iyirmi üç min altı yüz əlli) manat pul ödəməmişdır. Məhəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, qızıllar onun adına götürülsə də, o, qızılları görməmişdir. X3muşdur. Yoldaşının bu işdən xəbəri olmamışdır. Sevinc Quliyevanın adı niyə görə heç bir işdə çəkilmir. X10 lombarda qoymuşdur. Onun heç vaxt maddi imkanı yaxşı olmamışdır. O, Xəstəxanada xadimə işləyir və aylıq 400 manat əmək haqqı alır. Sənəddəki imza onundur, lakin qorxduğu üçün imza etmişdir. İddiaçının qızı və qızının əri tərəfindən qorxudularaq sənədlərə imza etdirilmişdir. Fəridə adlı qadın da onu aldatmışdır. Ona köməklik olunmasını xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı bildirmişdir ki, 2022-ci ildə Sevinc Quliyevanın evinə gedəndə Cavabdeh orada görmüşdür. Aygündə ondan qızıl götürmüşdür. İlk əvvəl puldan ödəniş etmişdir. Sonra Aygün ondan başqa qızı Sevincin evinə gedərək ondan da qızıl götürmüşdür. Aygünə qızıl verdikdə də, vermədikdə də həmişə ağlamışdır. İlk dəfə xx.xx.2022-ci ildə Aygünə qızıl vermişdir. Aygün götürdüyü qızılların pulunu ödəməmişdir. Məcbur qalaraq evinə getmiş, Aygün ona demişdir ki, evini banka girov qoymuşdur. Məhkəmə tərəfləri dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X4 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 23650 (iyirmi üç min altı yüz əlli) manat pul və 165.95 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 23650 (iyirmi üç min altı yüz əlli) manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***- ***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə geniş şəkildə izahat verəcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. İş materiallarında olan iş üzrə Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli etiraz ərizəsinin ksero surətindən görünür ki: “X2 ilə 2019-cu ildən bijuteriya alverçisi kimi tanımışdır. Sonradan münasibətləri ailəvi gediş-gəliş qonağa çevrilmişdir. 2021-ci ildə Sevinc ona zəng edərək Yeganə adlı xanımdan faizlə 90000 manat pul sələmə götürdüyünü demiş və evində ailə üzvləri bilməsin Elxan bilsə dava edəcək ailəsi dağılacaq ondan xahiş etdiki Yeganə qapısına gəlməmək üçün o, ona demişdir ki, pulu Aygünə vermiş, səndə telefonda ona deyərsən Sevinc düz deyir. Sevinc onun nömrəsini Yeganəyə vermiş və ona zəng edərək Sevinc öz evinə çağırmış Yeganə onlardadır gəl. Halbuki, o heç vaxt Yeganə ilə tanışlığı olmamış əsla bu günə kimi heç kimdən sələmə pul götürməmişdir. Onlar ailədə çətinlikləri olanda dövlət bankından kredit götürmüşlər. Onu evinə çağıranda Sevincin evinə girəndə onların ikisidə oturmuşdu, Sevincin də, Yeganənin də qarşılarında vərəqlər var idi. O, öz fikrini fikrini bildirdi ki, axı onun puldan xəbəri yoxdur Yeganə xanıma əsla ona pul verilmədiyini demiş, buna baxmayaraq Sevinclə Yeganə onu avtomobilə mindirmişlər. O avtomobilin içində, Yeganəyə bildirmişdir ki, Sevinc o pulu onun boynuna qoyur, onun xəbəri yoxdur. O pul kimdədir kim alaraq sizdən xərcləmiş özünüz maraqlanın. Evinə salamat gəlməyinə həyəcan yaşamış, qorxmuş onlardan, o iradəsiz, zəif və qorxaq insan olduğunu bildirmişdir. Evindən Yeganəyə zəng etdi ki, ona heç bir pul verilməmiş, siz öz pullarınızın dalınca düşün onluq burda heç bir şey yoxdur. Yeganənin ona cavabı isə ona dəxli yoxdur Sevinc deyir Aygünə vermişəm olmuşdur. Bu iki qadının hərəkətinə əlbir olub kiminsə zəifliyindən istifadə etmək deyirlər. Yeganə taksidə ona öz dəsti-xətti ilə yazdığı bir siyahı vermiş və demişdir ki, bu vərəqi köçür başqa vərəqə bu vərəqi ona qaytararsan. Hələdə həmin əlyazma ondadır, ərizəsinə əlavə etmişdir. Sevinc əlbir olduğu xanımlarla birləşərək Yeganə İlham qızı, X8, X5 onu qorxudmaqla ailəsinə yalan məlumatlar verəcəkləri ilə borcla şantaj edərək onu intihar həddinə çatdırmışlar. O, 2023-cü ilin aprel ayında özünü Kür çayına atan zaman birinci həyat yoldaşı tutmuş, 2-ci intiharında əri işə getdikdən sonra 04 qutu Prabeqin-75 tabletkasını bir dəfəyə qəbul etmiş huşunu itirmiş xəbəri olmamış xəstəxanada 02 gün sonra ayılmışdır. Bunları onun başına bu üç qadın və qızıl satanlar İddiaçı, X1, X11, X9 onun üzünü görmədən, onu tanımadan Sevincə qızılları vermiş, sonunda onu evinə aparan Sevinc onu Gülşənin evinə apararaq orada Gülşən ona məcburi yazdırdı ki, hissə-hissə 17000 manatlıq qızıl almısan. O, öz həyatının təhlükədə olduğunu görəndə başa düşdü ki, onu acizliyinə görə tora salmışlar. Hətta onu bazar yolunda evi olan Mərcan adlı yaşlı bir qadının evinə İddiaçı, İsmayılova Sevinc, Nəsirova Fəridə birlikdə apararaq orada ona balalarını oğurlamaqla hədələyərək evini yandırmaqla hətta üzr istəyərək həmin evdə çılpaq şəkillərini çəkib paylaşaraq qorxudaraq istədikləri kimi ona qızıl 54000 manatlıq borc müqaviləsi yazdırmışlar. Bunu yazdırandan 02 gün sonra əri ilə onu Arbatan yolunda Raisənin yeznəsi Sevincin əri Rüfət İsmayılov öz avtomobilə mindirərək qarşılarına müxtəlif kağızlar qoymuş və imzalamalarını demişdir. Əri axı o heçnə bilmir demiş, o da, ağlayaraq Rüfətin ayaqlarına düşmüşdür. Yalvarmışdır ki, onları buraxsın nə desələr edəcəklər demişdir. Onlara həmin kağızlara imza etdirib buraxdılar. Bütün işin başında Sevinc olduğundan onun əlləri nə qızıl, nə də pulu görmüş heç nədən xəbərsiz adların qeyd etdiyi şəxslərin kələyinə düşmüşdür. Onda əl yazısı və “Whatsapp” səs yazmaları vardır. O, günahsızdır. Ondan qorxuda-qorxuda 3000 manat Yeganə qaynatasını göndərərək almışdır. 1500 manatı isə Yeganə özü qaynatası ilə gələrək ondan almışdır. Onu xilas etmək üçün qohumlar bank kreditinə girərək 4000 manat Sevincin evində Fəridəyə vermiş, 2000 manat Fəridəyə “Al market”-in qarşısında vermişdir. Atası ona görə iri buynuzlu heyvanlarını satmış, onlar ailəni qorxaq görən şəxslər hətta adlarını ilk dəfə eşitdikləri, üzünü görmədikləri adamları üzərlərinə qaldıraraq pula ehtiyacı olan hər kəsi gedin Aygünü qorxudun, borclusan deyərək pul istəyin demişlər. Onların intihardan başqa çıxış yolları qalmamışdır. Onun onlar dediyi kimi qızılı, pulu olsaydı özünə vəkil tutmağa pulu olardı. Möhtərəm hakim ədalətli qərarınıza ehtiyacları var bu məsələnin dəqiq araşdırılması çox qapalı qalmış haqsızlıqların üstünü aça bilər. Ondan tələb olunan nə qızılları, nə pulları görməmiş və əlinə almamışdır. Ona qurulan tələdən onu xilas etməklə balalarını anasız qalmaqdan xilas etmiş olarsınız. Evi koma, geyimi kölə, üzərində zinəti yox, maşınları yox əri bərbər işləyir. Uzaqdan görünən dağa bələdçi lazım deyildir. Ədalətli qərar verilməsini xahiş etmişdir”. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə 23650 (iyirmi üç min altı yüz əlli) manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına görə cavabdeh iddiaçıya həmin məbləğin bir hissəsini ödəmiş, qalan məbləği bu günə kimi iddiaçıya ödəməmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd DVD disk, mobil telefonda adı “X17” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla borcun cavabdehə məxsus olması öz təsdiqini tapır. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş, cavabdeh tərəfindən mübahisələndirilməyən müqavilələrə əsasən 23650 (iyirmi üç min altı yüz əlli) manat pul Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, 165.95 (bir yüz altmış manat doxsan beş qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi təmin edilsin. Cavabdeh 23650 (iyirmi üç min altı yüz əlli) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 165.95 (bir yüz altmış manat doxsan beş qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar