Məhkəmə qərarları › İş №2(057)-1175/2023

Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-1175/2023

11.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1175/2023 11.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi ilə, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 9040 (doqquz min qırx) manat pul və 110.40 (bir yüz on manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh ümumilikdə 9040 manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulun qaytarmadığı üçün Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan Rayon Polis Şöbəsində verdiyi ifadəsində borcu etiraf etmişdir. Amma bugünə kimi yenədə 9040 manatı qaytarmamışdır. Salyan Rayon Polis Şöbəsi həmin araşdırma materiallarını yanlız məhkəmə qaydasında sorğu edildikdə məhkəməyə verəcəyini bildirmişdir. Həmin 9040 (doqquz min qırx) manat qızıl-zinət əşyalarının dəyərində pul və ödədiyi 110.40 (bir yüz on manat qırx qəpik) manat dövlət rüsumununda Cavabdeh tutularaq ona ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq 9040 (doqquz min qırx) manat məbləğində pulun və ödədiyi 110.40 (bir yüz on manat qırx qəpik) manat dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərmişdir ki, Aminə adlı qadın ona demişdir ki, Sevinc adlı qadın satmaq üçün ondan qızıl istəyir. Onunla birlikdə Sevincin evinə getmişlər. Sevinclə onları tanış etdikdən sonra Aminə bildirmişdir ki, daha o lazım deyil deyə çıxıb getmişdir. Otaqda onlardan başqa 5 qadın da olmuşdur. O, qızılları Sevincə göstərmişdir. Sevinc də həmin qızılları otaqda olan qadınlara paylamışdır. Hərəyə 2000-3000 manatlıq qızıl götürmüşlər. Bundan sonra 2-3 dəfə Xəyalə ondan qızıl götürmüşdür. İlk əvvəl Xəyalə ondan qəbul etdiyi qızıllara görə az da olsa ödəniş etsə də sonradan ödəniş etmədiyi üçün Salyan RPŞ-nə şikayət etmişdir. Salyan RPŞ-dən ona məhkəməyə müraciət etməsi izah olunmuşdur. Xəyaləyə 12455 manatlıq qızıl vermişdir. Cavabdeh həmin məbləğdən 3410 manat ödəniş etmiş, 9043 manat borclu qalmışdır. Xəyaləyə zəng etmiş, lakin Xəyalə onun nömrəsini “qara” siyahıya salmışdır. Sevinc Xəyaləyə ona olan borcunu ödəməsini demiş, lakin o bildirmişdir ki, pulu Zahid adlı şəxsə vermişdir. Sonra Zahid öz arvadı, Xəyalə isə qardaşı ilə birlikdə onun yanına gəlmişlər. Zahid ona 5000 (beş min) manatın qaytarılması üçün vaxt verilməsini istəmişdir. Lakin Cavabdeh heç bir ödəniş etməmişdir. İddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunmasını xahiş etdi. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və bu səbəbdən məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 11 oktyabr 2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının və onun vəkili və nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmədə elan olunmuş Salyan RPŞ-nin İB-nin müstəntiqi X2 tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023-cü il tarixli qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən HK-1/784 nömrəli material üzrə cinayət işinin başlanılmasının rədd edilməsi qərara alınmışdır. İşdə olan və “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 29 aprel 2023cü il tarixli qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh Ağamalı qızı izahatında göstərmişdir ki, 2022-ci ilin dekabr ayının əvvəllərində Sevinc Quliyeva ona zəng edib öz evinə çağırıb qızıl satanlar tapdığını bildirmişdir. O, Sevinc Quliyevanın evinə gəldikdə Sevinc İsmayılova və anası Raisə ilə tanış olmuşdur. Həmin gün dekabrın 5-də Sevinc İsmayılovadan 3955 manatlıq qızılı 6 ay müddətinə, anası Raisədən isə 280 manatlıq qızılı 5 ay müddətinə ödəmək şərti ilə götürmüşdür. Bundan sonra dekabr ayı ərzində bir neçə dəfə Sevinc İsmayılovadan daha 9640 manatlıq qızıl, anası Raisədən isə daha 12453 manatlıq qızıl əşyalar götürmüşdür, həmin qızılları satmaq üçün tanışları Aygünə, Könülə və Gülərə vermişdir. Sevinc İsmayılovadan və anası Raisədən götürdüyü qızılların pulunu Aygünə, Könül və Gülər ona ödəmədikləri üçün o da, pulları sahiblərinə verə bilməmişdir. X3 5420 manat, anası İddiaçı isə 9043 manat borcu qalmışdır. İşdə olan və məhkəmədə elan olunmuş Cavabdeh ilə İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh İddiaçı 1111 manat miqdarında qızıl-zinət əşyası götürmüşdür. Qızıl xx.xx.2022-ci il tarixində verilir. Qeyd edilən tarixdən 03 ay müddətində, pulunu ödəmək şərti ilə mal verilmişdir. Qızıl götürərək ödənişi ödəməyə söz vermişdir. Bu müqavilə ilə üzərinə düşən öhdəliyi icra etmədiyi təqdirdə bu müqavilə üzrə yaranmış mübahisənin məhkəmə yolu ilə həll olunmasına qarşı deyildir və qanun qarşısında cavabdehlik daşıyır. İltizamı yazmış və öz imzası ilə təsdiq etmişdir. İşdə olan və məhkəmədə elan olunmuş İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh 9040 manat pul və 110.40 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə iddia ərizəsi məhkəmənin icraatındadır. Ərizədə göstərilmişdir ki, 2022-ci ildə dekabr ayının müxtəlif tarixlərində Cavabdeh o, ümumilikdə 9040 manat dəyərində qızıl-zinət əşyası satmışdır. Həmin qızılların pulunu qaytarmadığı üçün Salyan RPŞ-yə şikayət etmişdir. xx.xx.2023-cü ildə Salyan RPŞ-də verdiyi ifadəsində borcu etiraf etmişdir. Cavabdeh satdığı qızılları tərtib etdiyi dəftərdə bir-bir qeyd etmişdir. Dəftərin surəti ərizəyə əlavə edilmiş və məhkəmədə əsli təqdim olunacaqdır. Eyni zamanda yazılı razılıq müqaviləsi də vardır. Həmin müqavilə ərizəyə əlavə edilmişdir. Eyni zamanda Cavabdeh istifadəsində olan ***-***-**-** telefondan “Whatsapp” vasitəsi ilə mütəmadi əlaqə saxlanılmış və bu barədə sübutlar ərizəyə əlavə edilir. Bu təqdim edilmiş sübutlarla bağlı məhkəmədə izahat geniş şəkildə veriləcəkdir. Odur ki, təqdim edilmiş bütün sənədlər, şəkillər, disklər sübut kimi mülki iş materialarına əlavə edilməsini xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçıdan 2022-ci ilin dekabr ayının müxtəlif günlərində, ümumilikdə İddiaçı 12453 manat dəyərində qızıl-zinət əşyalarını almış, həmin qızıl-zinət əşyalarına bir hissəinin pulunu ödəmiş, qlan 9043 manat məbləğində qızıl-zinət əşyalarının dəyərini bu günə kimi iddiaçıya ödəməmişdir. İddiaçının məhkəmə prosesi zamanı ifadəsində bildirdiyi kimi qızıl və digər belə əşyaların ticarəti ilə məşğul olduğunu, həmçinin iddiaçı tərəfindən cavabdehin ona pul borclu olduğunu təsdiq edən sübut kimi bir ədəd DVD disk, mobil telefonda adı “Xeyale qızıl alan Selyan” kimi qeyd olunmuş şəxslə səs yazısı və “whatsapp” ani mesajlaşma mübadiləsi şəbəkəsində aparılmış yazışmalarla (75 vərəq olaraq çap edilmiş) borcun cavabdehə məxsus olması öz təsdiqini tapır. Həmçinin səs yazısında Xəyalə X1 olan siyahı üzrə qızılların şəkilini və qiymətini yazıb ona göndərməsini istəməsi müəyyən olunmuşdur. Qeyd edilməlidir ki, həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “İddiaçı şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “...Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin aşağıda sadalanan maddələrinə əsaslanmaqla mübahisə həll olunmalıdır. Belə ki: 14.2. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının qızıl-zinət əşyalarını cavabdehə nisyə formada satması və həmin əşyaları alıcıya, yəni, cavabdehə verməsi onlar arasında olan müqavilədə iddiaçının üzərinə düşən öhədliyi yerinə yetirməsi deməkdir. Lakin, cavabdeh həmin müqavilədə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, ödənişin bir qismini etməsinə baxmayaraq, qalan borcu ödəməmiş və bu səbəbdən iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən də, iddia təmin edilməli, Cavabdeh 9040 (doqquz min qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM: 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzər alaraq hesab edir ki, ödənilmiş 110,40 (bir yüz on manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 238-245, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 9040 (doqquz min qırx) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 110,40 (bir yüz on manat qırx qəpik) manat məbləğində pul Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar