Məhkəmə qərarları › İş №2(057)-1187/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1187/2024

02.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1187/2024 02.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6500 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, Cavabdeh tanışı Şəlalə adlı şəxsin vasitəsi ilə tanımışdır. Cavabdeh ondan 20 dekabr 2023-cü il tarixdə 3000 manat və 2024cü ilin mart ayında 3500 manat borc pul almışdır. Borcunu hissə-hissə qaytaracağına söz versə də, borcunu bugünki günə qədər qaytarmamışdır. Cavabdehdən pulunu ala bilmir. Bunu təsdiqləyən, öz xətti ilə yazılmış və imzalamış iltizamı vardır. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırır. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçıdan bir neçə dəfə faizə borc pul alıb kəndlərdən ucuz qiymətə heyvan alıb bazarda satmışdır. Aldığı borc pulları faizi ilə birlikdə iddiaçıya geri qaytarmışdır. Sonuncu dəfə iddiaçıdan aldığı pulu “Al” marketin yanında qaytarmışdır. Borcunu qaytarıb yenidən pul götürdüyü üçün qəbzləri iddiaçıdan almamış, nə də ki, pulu verərkən iddiaçıda olan qəbzi geri almamışdır. Hazırda iddiaçıya 600 manat borcu qalmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, 3000 manat pulu 19 dekabr 2023-cü il tarixdə Şəlalə xanımın evində Murada vermişdir. Həmin vaxt Şəlalə xanımın yanında övladları da olmuşdur. Daha sonra 02 fevral 2024-cü il tarixdə Cavabdeh ondan bacısının yoldaşı Röyalın adından əlavə 2000 manat pul almışdır. Bir həftə sonra Cavabdeh Mirələm adlı şəxsin adından Mirələmə məxsus plastik kart və qəbz təqdim edərək 4000 manat borc pul almışdır. Əlavə Murada 3500 manat da borc pul vermişdir. Ümumilikdə 8500 manat Cavabdeh, 4000 manat isə Mirələmə vermişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahid qismində izahatı alınmış X6 ifadəsində bildirmişdir ki, Bakı şəhəri, Binə qəsəbəsində özünə ev almaq istəmişdir. İlkin ödəniş olaraq ondan 16000 manat pul tələb edilsə də, onun cəmi 12000 manat pulu olmuşdur. 4000 manat pulu Muraddan borc istəmişdir. Murad isə ona Fəridə adlı xanımdan faizə pul götürərək verə biləcəyini bildirmişdir. O Muradla razılaşmışdır. Murad ona 4000 manat pulu verən zaman əmək haqqı kartını və öz xətti ilə yazdığı qəbzi ona vermişdir. Sonradan ev almaq fikrindən daşındığı üçün pulu Murada geri qaytarmışdır. Murad da, onunla birlikdə avtomobillə Fəridə xanıma pulu qaytarmağa getmişdir. Murad pulu Fəridə xanıma qaytaran zaman o avtomobildə əyləşmişdir. Murad pulu qaytardığını görsə də, pulun məbləğini dəqiq bilməmişdir. Pulu Fəridə xanıma qaytarsada, Murada verdiyi əmək haqqı kartı və öz adından yazıdığı qəbzi ona qaytarmamışdır. Kartı və qəbzi qaytarmaq üçün Fəridə xanım Muraddan 4000 manat pulun faiz hissəsini tələb etmişdir. O da bununla razılaşmadığı üçün banka müraciət edərək, plastik kartı itirdiyini bildirmiş və həmin kartı bağlatdırmışdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında cavabdeh tərəfindən məhkəməyə dəvət edilmiş şahid qismində izahatı alınmış X7 ifadəsində bildirmişdir ki, Murad onun qaynıdır. Pulu Fəridə xanımdan Murad almışdır. Murad Fəridə xanımdan borc almaq üçün onun əmək haqqı kartını istəmiş, o da qohum olduqları üçün razılaşmışdır. O yazıboxumağı bacarmadığı üçün Murad onun adından qəbz yazmışdır. Murad heyvan alveri etdiyi üçün borc aldığını bildirmişdir. Lakin onun həmin məbləğin miqdarından xəbəri olmamışdır. Sonra o kartını Muraddan geri istəmiş və o kartı ona geri qaytarmışdır. Məhkəmə cavabdehin, şahidlərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əlyazma qəbzin üzərində “Cavabdeh İddiaçı 3000 manat pul borc götürdüm” məzmunundadır. Həmçinin üzərində Cavabdeh yazılan "xxxx" ASC-yə məxsus debit kartın ksero surəti də həmin qəbzdə qeyd olunmuşdur. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müraciət edərək borclu olduğu 6500 manat pulu gətirib ona ödəməsini xahiş etmişdir. Əgər 10 gün müddətində ona borclu olduğu pulu gətirib ödəniş etməsə o aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəyini qeyd etmişdir. Həmçinin Cavabdeh tərəfindən məhkəmə hazırlıq iclasında iddiaçıdan aldığı borc pulları qaytarmasını təsdiq edən üzərində “1” rəqəmi yazısı olan bir ədəd “CD” diskin araşdırılmasını xahiş etmişdir. Məhkəmə iclasında “CD” disk araşdırlarkən müəyyən olunmuşdur ki, tərəflər arasında mobil telefon vasitəsi ilə aparılan danışıq cavabdeh tərəfindən video yazıya alınmışdır. Qeyd edilməlidir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş həmin sübutun mötəbərliyini və mümkünlüyünə qiymət verərkən məhkəmə ilk növbədə “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli Qərarında əks olunmuş mövqeyini əsas tutmuşdir. Belə ki, qeyd olunan qərarda göstərilmişdir ki, “... Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz”. Bu sübutun (cavabdeh tərəfindən təqdim olunan video yazısı) mümkünlüyü ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı video (səs) yazı tədqiq edildiyi zaman məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh danışıq apardığı şəxsin iddiaçı olduğunu təsdiq edir. Belə olan halda məhkəmə həmin səs yazısını mötəbər sübut kimi qəbul edir. Həmin səs yazısında əks olunanlara qiymət verib məhkəmə ilk növbədə qeyd edir ki, “CD” diskədə tərəflərin söhbəti zamanı aşağıdakı məzmunda olmuşdur Fəridə - “Kapitalbank”ın qarşısında 3500 manat pul verdiyini; Murad - “Kapitalbank”ın qarşısında ona pul verilmədiyini; Fəridə - sənə 1100 manat pul vermişəm, avtomobildə də 2400 manat pul vermişəm; Murad - sən mənə 1100 manat vermisən mən də pulu “Al” marketin qarşısında qaytarmışam; Muad - sən mənə pulu faizə vermisən, Şəlalənin evində ona 15 faizə pul verildiyini, 15 faizlə qaytardığını, hər ay 450 manat, 300 manat pul qaytardığını bildirir; Fəridə - dostun üçün ev alırdın 4000 manat pul almısan; Murad - 600 manat pul borcu qaldığını, həmin borcun da 4000 manat məbləğində olan borcundan qaldığını bildirir. Belə olan halda məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində bildirdiyindən basqa cavabdeh onunla iddiaçı arasında borc münasibətlərinin olduğunu, faizə pul aldığını digər münasibətlərin mövcüdluğunu sübut edə bilmədiyinə görə məhkəmə bu nəticəyə gəlir ki, təqdim olunmuş səs yazısı cavabdehin iddiaçı qarşısında öhdəliklərin mövcüdluğunu təsdiq edir. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh tanışı Şəlalə adlı şəxsin vasitəsi ilə tanımışdır. Cavabdeh iddiaçıdan 20 dekabr 2023-cü il tarixdə 3000 manat borc pul almış və bu barədə qəbz yazmışdır. Həmçinin cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş içərisində iki ədəd video səs yazısının əks olunmuş CD diskdə olan məlumatlardan görünür ki, Cavabdeh İddiaçı müxtəlif tarixlərdə 1100, 2400, 2000 və 4000 manat borc pulu 15 faiz qarşılığında almışdır. 1100 manat və 2400 manat pulu özü üçün, 2000 manat pulu X1, 4000 manat pulu isə X2 adından borc almışdır. İddiaçı 2000 manat borc pula dair X3 və 4000 manat borc pula dair isə X4 qarşı pul tələblinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Lakin cavabdeh qaytarmalı olan 3500 manat pulun qaytarılmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun 55 manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməli, qalan 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3500 (üç min beş yüz) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 55 (əlli beş) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 55 (əlli beş) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan 30 (otuz) manatı iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar