Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1198/2023 20.09.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi ilə İddiaçı "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Cavabdeh qarşı “borcla əlaqədar pul” tələbi barədə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: "xxxx" Açıq Səhimdar Cəmiyyətinin (bundan sonra "xxxx" ASC) Hüquq İdarəsinin Regional X3 Şirvan Regionu üzrə hüquqşünası Həyat Ağayeva tərəfindən Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 1304 (min üç yüz dörd) manat borc və ödənilmiş 33,04 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu : **********00420 Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 1304 (min üç yüz dörd ) manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 1304 manat borcu bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər dəfə Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbardarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən isə vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. İddiaçı "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Həyat Ağayeva məhkəməyə Elektron məhkəmə informasiya sistemində olan elektron kabinet vasitəsi ilə müraciət edərək üzrlü səbəblərə görə xx.xx.2023-cü il tarixə, saat 12:20-ə təyin olunmuş məhkəmə prosesində iştirak edə bilməyəcəyini qeyd edərək, həmin işə iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********00420 nömrəli abunə haqqında məlumatdan və xx.xx.2021-ci il tarixli hesabat arayışından görünür ki, "xxxx" ASC ilə Salyan rayonu, Şorsulu (Boranıkənd) kəndində yaşayan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, № 490962 saylı müqaviləyə əsasən cavabdeh elektrik enerjisindən istifadə etmiş, lakin, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 1304 manat məbləğində borcu yaranmışdır. İddia ərizəsinə əlavə edilmiş abunə haqqında məlumat vərəqəsindən görünür ki, Cavabdeh 1253,50 manat borc hesablanmışdır. İddia ərizəsinə əlavə edilmiş "xxxx" ASC tərəfindən tərtib olunmuş 10 may 2023-cü il tarixli, № 01/05-90 saylı Cavabdeh ünvanlanmış pretenziya məktubundan göründüyü kimi cavabdehin 01 may 2023-cü il tarixinə 1303,5 manat borcunun olması məlumatı sonuncuya bildirilmişdir. İş materiallarına olan “DVD” diskə baxış keçirilmiş, video çəkilişə baxış zamanı müəyyən olunmuşdur ki, sayğacdan əlavə kənar xətt aşkar edilmişdir. İş materiallarında olan 27 iyul 2022-ci il tarixli, № 266443 saylı "xxxx" ASC əməkdaşları tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi həmin tarixdə sonuncular cavabdehin sayğacına nəzarət keçirdiyi zaman cavabdehin əlavə kənar xəttdən istifadəsi aşkarlanılmış və onlar tərəfindən kənar xətt ləğv edilmişdir. İş materiallarında olan 28 iyul 2022-ci il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 27 iyul 2022-ci il tarixli R № 266443 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 6A x 0.22 x 0.7 x 24 saat x 270 gün = 5988 kVts qədərində sərfiyyatın israfı iddiaçı əməkdaşları tərəfindən hesablanılmışdır. 5988 kVts sərfiyyatın 1800 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 144 manat qədərində, 900 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 81 manat qədərində və 3288 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 427.44 manat qədərində cərimə yazılmışdır. İş materiallarında olan 17 avqust 2022-ci il tarixli, № 266762 saylı "xxxx" ASC əməkdaşları tərəfindən tərtib olunmuş aktdan göründüyü kimi həmin tarixdə sonuncular cavabdehin sayğacına nəzarət keçirdiyi zaman cavabdehin əlavə kənar xəttdən istifadəsi aşkarlanılmış və onlar tərəfindən kənar xətt ləğv edilmişdir. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli satış sahələri üzrə və texniki sahələr üzrə tələblərlə bağlı məlumat cədvəlində 17 avqust 2022-ci il tarixli, № 266762 saylı aktın əsasında cavabdehin nə qədər cərimə edilməsi hesablanılmışdır. Belə ki, 8A x 0.22 x 0.7 x 24 saat x 21 gün = 621 kVts qədərində sərfiyyatın israfı iddiaçı əməkdaşları tərəfindən hesablanılmışdır. 621 kVts sərfiyyatın 140 kVts hissəsi 0.08 manat qiyməti ilə hesablanıb 11.20 manat qədərində, 70 kVts hissəsi 0.09 manat qiyməti ilə hesablanıb 6.30 manat qədərində və 411 kVts hissəsi 0.13 manat qiyməti ilə hesablanıb 53.42 manat qədərində cərimə yazılmışdır. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən elektrik və istilik enerjisinin alqı-satqısı və mübadiləsi müqavilələr əsasında həyata keçirilir. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 4.1-ci bəndinə görə rnerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludur. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla içra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafeylərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.1-ci maddəsinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.9-cu maddəsinə əsasən enerjitəchizatı müəssisəsi və istehlakçı bu Qaydaların 10.8-ci bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar və 11.7-ci dövlət elektroenergetika müəssisəsi və enerjitəchizatı müəssisəsi bu Qaydaların 11.6-cı bəndində qeyd edilən metodik göstərişlərə əsasən, elektrik şəbəkələrinin balans mənsubiyyəti sərhədində elektrik enerjisinin keyfiyyətinə daimi, vaxtaşırı (ildə 2-4 dəfə) və ya epizodik nəzarət etməyə borcludurlar. Buna görə də, iddia qismən təmin edilərək Cavabdeh 300 manat pul alınıb iddiaçıya verilməlidir. Çünki iddiaçının əməkdaşları yuxarıda qeyd edilən icra hakimiyyəti orqanının müvafiq qaydalarına düzgün şəkildə riayət etməyərək, lazımi şəkildə yoxlamaları keçirtməmişdirlər. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən müvafiq normalarına əsasən tələb edilən predmet yalnız 3 il müddətində yaranan borc və cərimələr haqqında olmalı idi ki, bunu da, nəzərə almayan iddiaçı 1253,50 manatın 953.5 manatı iddia müddətindən əvvəl, yəni, məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi tarixdən 03 il öncə yazılmış borclardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinə məhkəmədə baxılması üçün 33 manat məbləğində dövlət rüsumunu dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzər alaraq hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Digər hissə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllnin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllnin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 300 (üç yüz) manat məbləğində borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumun 3 (üç) manat hissəsi iddiaçı "xxxx" ASC-yə aid edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1198/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1198/2023
20.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver