Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-1199/2025 20.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borcu 2400 manat, əldə çıxmış fayda olaraq 600 manat və məhkəməyə müraciət edərkən ödədiyi 50 manat dövlət rüsumunun da alınaraq ona ödənilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi uzun müddətdir ki, tanıyır. Onunla müəyyən qədər alverləri olmuşdur. Daha sonra o, ondan nisyə mal istəmişdir. O, isə ona inanaraq 2400 manatlıq nisyə ərzaq və məişət malları vermişdir. Bununla bağlı o, ona yazılı qaydada öz dilindən iltizam da vermişdir. Lakin nə iltizama, nə dəfələrlə şifahi müraciətinə, zənglərinə, həmçinin son aylarda göndərdiyi pretenziyalara məhəl qoymamış, bir sözlə onun pulunu mənimsəmişdir. Qaytarmağını istədikdə, gah yayda əkindən pul götürüb elə verəcəyini, gah parnikdən qazancı olanda verəcəyini deyib onu ged-gələ salmışdır. Buna görə də, artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bildirir ki, cavabdehə surətini qoşma kimi əlavə etdiyi pretenziya məktubları ilə də, müraciət etmişdir. Buna baxmayaraq o, nə məktublara cavab vermiş, nə də, onunla əlaqə saxlamışdır. xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə həmin pretenziyalar tərəfindən Azərpoçt vasitəsilə yola salınmışdır. Əlavə etdiyi göndərişin izlənilməsi barədə olan çıxarışdan görünür ki, artıq xx.xx.2025-ci ildə həmin pretenziya ona çatmışdır. Həmçinin bildirir ki, Mülki Məcəllənin tələblərinə əsasən onun əldən çıxmış fayda kimi ondan əlavə pul tələb etmək hüququ vardır. Bu səbəbdən də, cavabdehdən borcunu, əldən çıxmış faydanın əvəzini və məhkəməyə müraciət edərkən ödədiyi dövlət rüsumunun da alınaraq ona ödənilməsini xahiş edir. Salyan Rayon Məhkəməsinin 2(057)-1199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, topdansatış mağazası işlədir. Cavabdehi uzun müddətdir ki, tanıyır. Onun bir çox şəxsə borcu olduğunu bildiyi üçün ona nisyə mal vermək istəməmişdir. Lakin cavabdeh israrla ona yalan vədlər verərək, ondan nisyə mal almağa nail olmuşdur. Həmin vaxt cavabdeh yaşadığı kənddə ərzaq mağazası işlətmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmış, fəaliyyət istiqaməti - kofe, çay, kakao və ədviyyatın pərakəndə satışıdır. Cavabdeh (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən qeydiyyata alınmışdır, fəaliyyət istiqaməti - ərzaq məhsullarının pərakəndə satışı mağazasıdır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında olan münasibət sahibkarlıq fəaliyyətindən irəli gəlir. Odur ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalı deyildir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 35, 44, 45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1199/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-1199/2025
20.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver