Məhkəmə qərarları › İş №2(057)-1249/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1249/2023

24.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1249/2023 24.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 1600 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. Cavabdehə 17 dekabr 2021-ci il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə 1500 manat məbləğində pul vermişdir. Aralarında notarius tərəfindən təsdiq edilmiş kredit müqaviləsi imzalanmışdır. Daha sonra Cavabdeh 19 yanvar 2022-ci il tarixdə poçtla oğlunun adına 100 manat məbləğində pul göndərmişdir. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq cavabdeh borcunu qaytarmamışdır. Dəfələrlə müraciət etsə də, pulunu ala bilməmişdir. Ona görə də iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında bildirmişdir ki, 2021-ci ildə torpağı sataraq əvəzində iddiaçıdan 1600 manat pul almışdır. Torpağa çıxarış ala bilmədiyi üçün geri qaytarmışdır. Hal-hazırda 1600 manat pulu qaytarmağa imkanı yoxdur.Odur ki, ona qarşı verilmiş iddianın rədd olunmasını xahiş etdi. İş materiallarında olan Salyan rayon 2 saylı Notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq edilmiş, 17 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, “Borc verən” yəni İddiaçı “Borc alan”-a yəni Cavabdeh notariusun bankda açılmış depozit hesabı vasitəsilə 1500 manat məbləğində borc pul vermişdir. İş materiallarında olan Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ş.Sadıqov tərəfindən İddiaçı verilmiş 30 dekabr 2021-ci il tarixli, 768 saylı arayışın surətindən görünür ki, onun Yuxarı Noxudlu kəndində 0,12 ha həyətyanı torpaq sahəsi var və Aşağı Noxudlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin təsərrüfatbaşına kitabında qeydə alınmışdır. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan 17 dekabr 2021ci il tarixdə notariusun bankda açılmış depozit hesabı vasitəsilə 1500 manat məbləğində borc pul almış, aldığı pulu 17 iyun 2023-cü il tarixinədək 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir.Ona görə məhkəmə iddiaçının tələbini əsaslı hesab edərək iddianın təmin olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1600 manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar