Məhkəmə qərarları › İş №2(057)-1251/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1251/2023

22.08.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1251/2023 22.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, 30 mart 2023-cü ildə Cavabdeh1 idarə etdiyi Taryel adlı şəxsə məxsus Belarus MTZ 89.2 markalı, 90M547 dövlət qeydiyyat nişanlı traktorla ona məxsus ** BR *** qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilinə ziyan vurmuşdur.Bu barədə Fizuli Rayon Polis Şöbəsində protokol tərtib olunmuş, cavabdeh şəxs inzibati məsuliyyətə cəlb olunmuşdur. Avtomobilinə 1491 manat maddi ziyan dəymişdir.Dəfələrlə ziyanı tələb etsə belə, cavabdeh heç bir məhəl qoymamışdır. Odur ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ona vurduqları ziyanın əvəzi olaraq 1491 manat pulun və dövlət rüsumu kimi ödədiyi 35 manat pulun əvəzinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə teleqram ünvanlayaraq, səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Ona görə də məhkəmə sonuncuların iştirakları olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. İş materiallarında olan SV005471 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 “ T,TK,TT,H” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan “Sərxan” Avtomotoservisin direktoru tərəfindən tərtib edilmiş 4 aprel 2023-cü il tarixli, SA № 035 saylı ziyan aktının surətindən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı ** BR *** qeydiyyat nişanlı VAZ-2107 markalı avtomobilə dəymiş ziyanın məbləği ümumilikdə 1491 manat təşkil edir. İş materiallarında olan Füzuli rayonu YNH baş inspektoru polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Salyan rayonu, Dayıkənd kəndində yaşayan Cavabdeh1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan Füzuli rayonu YNH baş inspektoru polis mayoru X1 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın surətindən görünür ki, Salyan rayonu, Dayıkənd kəndində yaşayan Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə 60 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, cavabdeh Salyan rayonu, Dayıkənd kəndində yaşayan Cavabdeh1 İXM-nin 327.2-ci maddəsi ilə inzibati qaydada 60 manat məbləğində cərimə olunmuş və nəticədə mülki hüquq pozuntusu törətmişdir. Ona görə də iddia ona qarşı olan hissədə təmin olunmalıdır. İddianın Cavabdeh2 qarşı hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, sonuncuya məxsus olan nəqliyyat vasitəsi hüquqauyğun formada Cavabdeh1 verilmiş və sonuncu həmin nəqliyyat vasitəsindən hüquqa uyğun qaydada istifadə etmişdir.Ona görə də iddia Cavabdeh2 qarşı hissədə rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində qeyd olunmuşdur ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1108.3. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 1491 manat və dövlət rüsumu kimi ödənilmiş 35 manat alınıb İddiaçı verilsin. İddia Cavabdeh2 aid olan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar