Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1271/2024 26.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 9000 manat pulun və ödədiyi dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh uzun müddətdir ki, tanıyır. Cavabdeh ondan 27 fevral 2024-cü il tarixdə 9000 manat borc pul almışdır. Borcunu hissəhissə qaytaracağına söz versə də, borcunu bugünki günə qədər qaytarmamışdır. Cavabdehdən pulunu ala bilmir. Dəfələrlə onun istifadəsində olan telefon nömrəsinə zəng edərək pulunu qaytarmasını tələb etsə də, cavabdeh borcunu qaytarmaqdan boyun qaçıraraq yayınmışdır. Bu səbəbdən məcbur olub, məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə qonşuluqda yaşayır, ona borca pul lazım olduğu üçün başqa şəxsdən borc pul alıb cavabdehə vermişdir. Borc məbləği 13.000 (on üç min) manat olmuşdur. Həmin pulun bir hissəsini cavabdeh hissə-hissə olsa da qaytarmışdır. Sonuncu dəfə 29 dekabr 2023-cü il tarixdə ona ödəniş edilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, cavabdeh ona olan borcunu və üzərində olan faizi ödəyə bilmədiyi üçün özünə məxsus olan 17 adda ev əşyasını satmaq üçün ona vermişdir. Əşyalar ona verilərkən heç bir qiymət qoyulmamışdır. Həmin əşyaların bir neçəsini hələ də sata bilməmişdir. Cavabdeh satış qiyməti ilə razı olmasa həmin əşyaları satdığı şəxslərdən geri alıb özünə qaytara bilər. Satılan əşyalardan əldə olunan pulu cavabdehin faiz borcundan çıxmışdır. Bütün ödənişlər Cavabdeh tərəfindən qəbz yazılmadan əvvəl olmuşdur. Hazırda Məlahətin ona 9000 manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddiaçıya əşyaları 2024-cü ilin aprel ayında vermişdir, həmin əşyaları iddiaçıdan geri götürmək üçün zəng etsə də, o Bakı şəhərində olduğu üçün həmin əşyaları ondan geri götürə bilməmişdir. Həmçinin iddiaçıya götürəcəyi əşyaların şəkilini çəkib onun mobil telefonuna atmasını xahiş etmişdir. O qəbz yazan zaman iddiaçıya olan 9000 manat borcun faiz məbləğini də ödəmişdir. Ödənişlərin nəzərə alınmasını xahiş edir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş X3 izahatında bildirmişdir ki, piano müəllimi işləyir. İddiaçı onun müəllim yoldaşıdır. Lombarddan 8,5 faizlə pul götürüb 10 faizlə Cavabdehə vermişlər. Cavabdehin çox adama borcu vardır. Cavabdeh qəbz yazan zaman İddiaçı 9000 manat borcu olmuşdur. Cavabdeh əşyaları qəbz yazmadan əvvəl İddiaçıya vermişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, İddiaçı ona qarşı pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddia ərizəsinə qarşı etiraz ərizəsini onunla əsaslandırır ki, o, iddiaçıdan borc pul yox faizə pul götürmüşdür. 2 ilə yaxındır ki, faizin üstlərin verir. Həm evində, həm də kart vasitəsilə ödəmişdir. Ona borclu olduğu barədə kağızı iddiaçı onun iş yerində yazdırmış və onu əmin etmişdir ki, sadəcə elə-belə yazdırır. Heç yerə şikayət etməyəcəkdir. İddiaçı onun evdən əşya satdığını bildirmişdir. Ona demişdir ki, həmin əşyalardan gətirib satıb puldan çıxsın. O da, evdə kondisioner, xalça, dxovka, fen, telefon, divan üstlüyü, pakraval dəsti, pərdə dekoru, dəsmallar, çay dəsmalı, lüsturlar, jalüz, başaltılar, mətbəxtə işlətmək üçün cürbəcür ləvazimatlar, serviz, 12 ədəd boşqab altlığı və s. əşyalar vermişdir. Həmin vaxtı soruşmuşdur ki, nə satılıb?. Demişdir ki, hamısı satılmışdır. Onun verdiyi pullar və əşyaların pulları borcdan çıxılmamışdır. O iddiaçıdan borc yox faizə pul götürmüşdür. Vaxtı-vaxtında da üstlərin ödəmişdir. 2 aydır ki, müəyyən səbəblərdən ödəyə bilməmişdir. Ona görə də, evinin təzə əşyalarını özünün razılığı ilə ona vermişdir. İddiaçının iddiası ilə razılaşmır. Ödədiyi pullar çıxılmalıdır. Bütün göstərdiklərini nəzərə alaraq, iddianın göstərdiyi həcmdə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, İddiaçı evdən 400 manat dəyərində 1 ədəd “Elit” firmasına aid 50 kvadrat metr kondisioner, 250 manat dəyərində 1 ədəd Türk istehsalı 2x3 ölçüdə ipək xalça, 200 manat dəyərində 1 ədəd “İtimat” markalı iri həcmli elektrik sobası, 60 manat dəyərində 1 ədəd ev telefonu, 50 manat dəyərində 1 ədəd fen, 100 manat dəyərində 1 dəst divan üstü örtük, 60 manat dəyərində 1 ədəd pəncərə jalüzü, 60 manat dəyərində 1 dəst taxt üstü örtük, 60 manat dəyərində 2 ədəd pərdə dekoru, 30, 40 manat dəyərlərində 2 ədəd lüstur, 30 manat dəyərində 3 ədəd başaltı, 150 manat dəyərində 1 dəst Türkiyə istehsalı abedni serviz dəsti, 40 manat dəyərində 4 cüt əl-üz dəsmalı, 20 manat dəyərində 2 cüt çay dəsmalı, 60 manat dəyərində 12 ədəd türk istehsalı boşqab altlığı dekor, 30 manat dəyərində 1 dəst dördayaq dəsti, 60 manat dəyərində müxtəlif mətbəx ləvazimatları vermişdir. O bu əşyaları ona görə vermişdir ki, satılaraq puldan çıxılsın. Satılan əşyaların pulu çıxılsın və yaxud verdiyi malları geri qaytarsın. O Cavabdeh İddiaçı hissə-hissə aldığı pulu faizə götürmüş və 2 ilə yaxındır ki ödəyir. İddiaçı xəbərdarlıq məktubunda pulu 2023-cü ildə hissə-hissə verdiyini qeyd etmişdir. İddia ərizəsində isə xx.xx.2024-cü il tarixində verdiyini bildirmişdir. “Xəbərdarlıq məktubu” ilə “İddia ərizəsi” üst-üstə düşmür. Bütün bunları nəzərə alaraq iddianın göstərdiyi həcmdə satılan əşyaların ödədiyi pulların çıxılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli (X8 tərəfindən yazılmış və imzalanmış) qəbzdən görünür ki, X1 Ülviyyə Nizami qızına 10000 manat borcu olmasını öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli (Cavabdeh tərəfindən yazılmış və imzalanmış) qəbzdən görünür ki, Cavabdeh İddiaçı 9000 manat pul almış, hissə-hissə qaytarmaq şərtilə. Heç kim onu məcbur etmədən öz imzası ilə təsdiq etmişdir. xx.xx.2024-cü il tarixli pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, İddiaçı Cavabdeh poçt vasitəsi ilə müraciət edərək borclu olduğu 9000 manat pulu ödəməsini xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Göründüyü kimi iddia üzrə tərəflər arasında borcun etirafı ilə bağlı hüquq münasibətləri yaranmışdır. İş materiallarında olan qəbz iddia üzrə cavabdehin iddiaçıdan borc pul almasını sübut edir. Cavabdeh qəbzin sonrada formal olaraq yazıldığını bildirsə də, buna dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Müəyyən araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bundan əvvəl də borc münasibətləri ilə bağlı vəziyyət olmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 500 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 200 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 700 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 200 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli 200 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 700 manat, xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzlə 310 manat olmaqla ümumilikdə 2810 manat pul ödənilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilmiş ərizədən görünür ki, o iddiaçıya evindən verdiyi əşyaların qiymətini 1640 manat olaraq qiymətləndirir. Məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan (xüsusən cavabdehin özü), şahid ifadəsi və təqdim olunmuş sübutlardan müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibəti olmuş, cavabdeh xx.xx.2024-cü il tarixli qəbzi özü yazmış və imzalamışdır. İddiaçı cavabdehə 13.000 (on üç min) manat borc pul verdiyini, borcun bir hissəsinin ödənildiyini, xx.xx.2024-cü il tarixə 9000 (doqquz min) manat borc qaldığını, Cavabdeh da bu məbləği öz xətti ilə yazdığı qəbzlə etiraf etdiyini bildirir. Cavabdeh isə 2023-cü ildə müxtəlif tarixlərdə iddiaçıya məxsus elektron karta pul köçürmüşdür. Məhkəmə cavabdehin özünə məxsus ev əşyalarını 2024-cü ilin aprel ayında iddiaçıya verdiyini, həmin əşyaların dəyərinin 1640 manat olmasını və həmin məbləğin borcdan çıxılması ilə bağlı aralarında razılaşma olmasını qeyd etsə də, bu faktı təsdiqləyən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə cavabdehə izah edir ki, iddiaçıya verdiyi 17 adda ev əşyaları və ya onların dəyərininn qaytarılması ilə bağlı İddiaçı qarşı iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş 110 (yüz on) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 9000 (doqquz min) manat məbləğində pul və ödənilmiş 110 (yüz on) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1271/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1271/2024
26.08.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver