Məhkəmə qərarları › İş №2(057)-1282/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1282/2024

24.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1282/2024 24.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və aliment borcunun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması və aliment borcunun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılması və 1 uşaq üçün 180 (yüz səksən) manat olmaqla, 2 uşaq üçün ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğinə qədər artırılması, borcludan ötən vaxtlarda ödəmədiyi 980 (doqquz yüz səksən) manat aliment borcunun tutulmasından ötəri ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onunla Cavabdeh arasındakı nikah pozulmuşdur. |Qətnaməyə əsasən birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 onunla qalmaları qət edilmişdir. Qətnaməyə əsasən 1 uşaq üçün 70 manat olmaqla 3 uşaq üçün cəmi 210 manat alimentin tutulması qət edilmişdir. Ötən müddət ərzində borclu uşaqlarına alimenti ödəməkdən qəsdən yayınmış və hazırda onun qalıq borcu 980 manat təşkil edir. Cavabdeh onun yaşadığı ünvanda pasport qeydiyyatında olsa da, 2023-cü ilin aprel ayından Bakı şəhərinə köçərək orada ona məlum olmayan ünvanda kirayə evdə yaşayır. Bu müddət ərzində cavabdeh uşaqlarına aliment verməməklə yanaşı heç uşaqları ilə ünsiyyətdə olmaq istəməmiş və telefonla da əlaqə saxlamamışdır. Artıq uşaqlarından biri, yəni Rzayeva Kəmalə 18 yaşına çatdığından ona aliment ödənilməsi dayandırılmalıdır. Lakin digər 2 övladı həddi buluğa çatmadıqlarından onların hər biri üçün aliment ödəməlidir. Hazırda övladları kifayət qədər yaş həddinə çatmışlar və onların gündəlik təlabatları artdığından təyin olunan alimentlə onları saxlamaq və dolandırmaq mümkün deyildir. Odur ki, o cavabdehdən alınacaq alimentin miqdarının artırılmasını tələb edir. Eləcə də borcludan məhkəmə tərəfindən təyin olunmuş və hazırki vaxta kimi ödəmədiyi 980 manat aliment qalıq borcunun alınaraq ona verilməsini tələb edir. 2024-cü ildən bir uşağın yaşayış minimumunun 235 man olmasını nəzərə alaraq o da, yetkinlik yaşına çatmayan digər 2 övladı üçün hər uşaq üçün 180 manat olmaqla cəmi 360 manat alimentin müəyyən olunmasını istəyir. Cavabdeh Bakı şəhərində yaşayır və Bakıda özəl restoranlardan birində işləməklə digər Oriflame şirkətində də fəaliyyət göstərməklə əlavə qazancı olur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən 2 uşaq üçün cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında aliment müəyyən olunmalıdır. Lakin cavabdehin iş yeri və qazancı dəyişən olduğundan və sabit olmadığından o ondan alimentin sabit pul məbləğində tutulmasını tələb edir. O ilkin olaraq X5 müraciət etmiş və onlar tərəfindən araşdırma aparılandan sonra ona cavab verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hər ay hər uşaq üçün 70 manat olmaqla, cəmi 210 manat sabit pul məbləğində aliment təyin olunmuşdur. Hazırda uşaqlarından xx.xx.2006-cı il təvəllüdlü X3 18 yaşı tamam olunmuşdur. Qızı Kəmalə “Atatürk” adına Universitetə qəbul olunmuşdur. Digər uşaqları müəllim yanına hazırlığa gedirlər və hər ay onların hər biri üçün 160 manat olmaqla cəmi 320 manat pul xərcləyir. Kiçik qızı Saraxanım 9-cu sinifdə oxuyur. Cavabdehin hazırda harada yaşaması barədə məlumatı yoxdur. Cavabdehin əmək haqqısından 4 aydır ki, aliment tutulur. Ona görə də, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsi və AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-81/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2005-ci il tarixdə Salyan rayonu VVADQ Şöbəsində 71 saylı akt qeydinə əsasən qeydiyyata alınmış nikahın pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahından doğulmuş xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X8 atası İddiaçı yanında saxlanılması, xx.xx.2006-cı il təvəllüdlü X6, xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün iddiaçı Cavabdeh hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla, cəmi 210(iki yüz on) manat sabit pul məbləğində aliment 25 dekabr 2023-cü il tarixdən tutularaq cavabdeh İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan X1 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumat vərəqəsindən görünür ki, Cavabdeh "xxxx" MMC-də aşbaz işləyir və aylıq 660 manat əmək haqqı alır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən sonra həyat standartları və istehlak qiymətləri və.s müəyyən qədər dəyişmişdir. Həmçinin uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması və uşaq üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-81/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay hər uşağa 100 (yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Eyni zamanda məhkəbə hesab edir ki, iddianın borcludan ötən vaxtlarda ödəmədiyi 980 (doqquz yüz səksən) manat aliment borcunun tutulması ilə bağlı tələbi ilə bağlı icra icraatı qaydasında icra qurumuna müraciət etməli olduğundan iddia həmin hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-81/2024 saylı, 08 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar