Məhkəmə qərarları › İş №2(057)-134/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-134/2023

19.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-134/2023 19.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə vurulmuş maddi ziyanın ödənilməsi tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti məhkəməyə verdiyi iddia ərizəsində 2070.56 manat məbləğində zərər və 41 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2111.56 manat yetkinlik yaçına çatmayan X4 qanuni nümayəndəsi X1 tutularaq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X7 bildirmişdir ki, xx.xx.2022-ci ildə Sumqayıt-Pirşağı -Bakı yolu 31-ci km 2ci piketində xx.xx.2010-cu ildə anadan olmuş X9 daş ataraq qatarın yan şüşəsini sındırmışdır. Nəticədə qatara 2070.56 manat ziyan vurmuşdur.Ona görədə atasına qarşı iddia qaldırılıb, həmin ziyanı tələb etmişlər. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh X4 qanuni nümayəndəsi X5 xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş DYNPİ-nin Sabunçu st.XPŞ-nın istintaq TQ-nın müstəntiqi polis mayoru Aydın Musayevin 18 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X6 18 iyun 2010-cu ildə doğuldğundan İXM-yə əsasən məsuliyyətə cəlb etmə yaş həddi 16 yaşından nəzərdə tutulduğundan barəsində inzibati icraatın açılmasından imtina edilməsi qərara alınmışdır. X6 07 iyul 2022-ci ildə Sabunçu st.XPŞ-nın istintaq TQ-yə verdiyi izahatında mülki hüquq pozuntusu törətməsi faktını etiraf etmiş,peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. xx.xx.2019-cü il tarixli Hüq.611 nömrəli alqı-satqı müqaviləsinə 1 saylı qoşmadan görünür ki, sözü gedən 10093018 standart window high floor sərnişin salonu yuxarı mərtəbəsinin şüşələrinin bir əədəinin qiyməti 1099 AVRO olmuşdur. Cavabdeh X4 qanuni nümayəndəsi X2 məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, iddianı qəbul etmir, oğlu H.Baxşiyev 07 iyul 2022-ci ildə saat 18 radələrində yaşadığı evin yaxınlığındakı dəmir yol xəttinin yanında daşlarla oynayan zaman yerdən daş götürüb dəmir yolunun kənarında olan beton sütunlara atmış, elə həmin vaxt dəmir yol xəttindən sol tərəfdən sağ tərəfə doğru qatarın gəldiyini görmüş, atdığı daşın beton dirəklərə dəydiyini görmüş, ancaq daşın qatarın şüşəsinə dəyməsini görməmişdir.Həmin günü saat 18 radələrində dəmir yolun kənarında oynayarkən bir nəfər polis əməkdaşı ona yaxınlaşmış və ondan qatara daş atıb atmadığını soruşduqda o, qatara yox, dəmir yolun kənarındakı beton dirəklərə daş atdığını bildirmişdir.Ətraflı yoxlama aparılmamış, videogörüntülər olmamış, ziyanın kim tərəfindən vurulması müəyyən olunmamışdır.Videogörüntülər təqdim olunarsa ziyan məbləği ekspertiza yolu ilə müəyyən edilməlidir.Ona görə də iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh X4 qanuni nümayəndəsi X8 rayon məhkəməsinə verdiyi ərizəsində DYNPİ-nin Sabunçu st.XPŞ-nın istintaq TQ-nın müstəntiqi polis mayoru Aydın Musayevin 18 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayət verəcəyini qeyd edərək mülki işin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır.Belə ki, məhkəmə baxışı zamanı aylın olmuşdur ki, xx.xx.2022-ci ildə Sumqayıt-Pirşağı -Bakı yolu 31-ci km 2-ci piketində xx.xx.2010-cu ildə anadan olmuş X9 daş ataraq qatarın yan şüşəsini sındırmış və nəticədə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 2070.56 manat ziyan vurmuşdur.Onun qeyd olunan mülki hüquq pozuntusu təqdim olunmuş sənədlərlə tam təsdiqini tapmışdır.Ona görə də iddia təmin olunmalıdır. Cavabdeh X4 qanuni nümayəndəsi X2 məhkəməyə verdiyi etiraz ərizəsində qeyd edilənlərlə bağlı məhkəmə qeyd edir ki, həmin etiraz ərizəsi özü sübut kimi qiymətləndirilməldir.Cavabdeh dolayısı ilə uşağının qatara daş atdığını etiraf etmiş, lakin uşağın daşın qatara dəydiyini görməməsi əsası ilə uşağının hüquq pozuntusu törətməməsini bildirmişdir.Uşağın daşın qatara dəyməsini görməməsi halı onun məsuliyyətini istisna etmir. Eyni zamanda cavabdeh videogörüntü və ekspertiza keçirilməsini tələb edir.Bununla bağlı məhkəmə qeyd edir ki, həmin yerdə videogörüntünün olması müəyyən olunmamış, dəymiş zərərin məbləği də heç bir şübhə doğurmur.Bu barədə standart qiymətlər movcuddur. Cavabdehin DYNPİ-nin Sabunçu st.XPŞ-nın istintaq TQ-nın müstəntiqi polis mayoru Aydın Musayevin 18 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından şikayət verəcəyini bildirsə belə, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, artıq həmin qərarın qəbul olunmasından uzun müddət keçmişdir. Cavabdehin qeyd olunan qərarı mübahisələndirməsi üçün kifayət qədər vaxtı olmuş, lakin həmin vaxtdan istifadə etməmiş və hətta məhkəmə iclasına gəlməyərək işin baxılma vaxtını uzatmağa çalışmışdır. Ona görə də məhkəmə cavabdehin dediklərinə tənqidi yanaşaraq vermiş olduğu vəsatətlərin rədd olunması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1103.1-ci maddəsində qeyd olunmuşdur ki, on dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. 1103.2. Əgər qəyyumluğa möhtac azyaşlı müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun qəyyumu olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə azyaşlının vurduğu zərərin əvəzini, əgər zərərin müəssisənin təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, ödəməyə borcludur. 1103.3. Əgər azyaşlı sosial xidmət müəssisələri və ya ona nəzarət etməyə borclu olan digər müəssisənin və ya müqavilə əsasında nəzarət edən şəxsin nəzarəti altında olduğu dövrdə zərər vurmuşdursa, həmin müəssisə və ya şəxs, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərər üçün məsuliyyət daşıyır. 1103.4. Valideynlərin (övladlığa götürənlərin), qəyyumların, sosial xidmət müəssisələri və digər müəssisələrin azyaşlının vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə azyaşlı yetkinlik yaşına çatdıqda və ya zərərin əvəzini ödəmək üçün yetərli əmlak əldə etdikdə xitam verilmir. 1103.5. Əgər valideynlər (övladlığa götürənlər), qəyyumlar və ya bu Məcəllənin 1103.3-cü maddəsində göstərilmiş digər fiziki şəxslər ölmüşlərsə və ya zərərçəkənin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzini ödəmək üçün yetərli vəsaitə malik deyildirlərsə, tam fəaliyyət qabiliyyətli olmuş zərərvuranın isə bu cür vəsaiti vardırsa, məhkəmə zərərçəkənin və zərərvuranın əmlak vəziyyətini, habelə digər halları nəzərə almaqla, zərərin əvəzinin tamamilə və ya qismən zərərvuranın özünün hesabına ödənilməsi barədə qərar qəbul edə bilər. 1104.1. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanlar zərər vurulmasına gətirib çıxarmış mülki hüquq pozuntusu üçün ümumi əsaslarla müstəqil surətdə məsuliyyət daşıyırlar. 1104.2. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı olmadıqda zərərin hamısını və ya çatışmayan hissəsini onun valideynləri (övladlığa götürənlər) və ya himayəçisi zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, ödəməlidirlər. 1104.3. Əgər on dörd yaşından on səkkiz yaşınadək olan və himayəçiliyə ehtiyac duyan yetkinlik yaşına çatmayan müvafiq sosial xidmət müəssisəsində və ya qanuna görə onun himayəçisi olan digər oxşar müəssisədə olmuşdursa, həmin müəssisə, zərərin onun təqsiri üzündən yaranmadığını sübuta yetirməsə, zərərin hamısını və ya çatışmayan hissəsini ödəməyə borcludur. 1104.4. Valideynlərin (övladlığa götürənlərin), himayəçinin və müvafiq müəssisənin on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanın vurduğu zərərin əvəzini ödəmək vəzifəsinə zərərvuran yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatdıqdan sonra zərərin əvəzini ödəmək üçün yetərli gəliri və ya başqa əmlakı yarandıqda və ya yetkinlik yaşına çatanadək fəaliyyət qabiliyyəti əldə etdikdə xitam verilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: 2070.56 manat məbləğində zərər və 41 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi - 2111.56 manat yetkinlik yaçına çatmayan X4 qanuni nümayəndəsi X1 alınaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar