Məhkəmə qərarları › İş №2(057)-1413/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1413/2024

09.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1413/2024 09.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun avtomaşınına vurduğu 1455 manat ziyan pulunu o, cümlədən ödədiyi rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 27 may 2024-cü il tarixdə saat 12 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsi ilə özünə məxsus “Kia Rio” markalı, **-CC- *** nömrə nişanlı avtomobillə hərəkətdə olarkən arxa tərəfdə hərəkətdə olan “MG” markalı, **-VE-*** nömrə nişanlı avtomobil arxa tərəfdən onun maşını ilə toqquşmuşdur. Hadisə vaxtı onun avtomaşınına 1455 manat ziyan dəymişdir. Ziyanın pulunu cavabdehdən bir neçə dəfə tələb etmiş, cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirməklə ziyanı ödəməkdən boyun qaçırmışdır. Ona görə də, məcbur olub cavabdehə qarşı məhkəmə iddia qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 4-cü dəfə məhkəmə iclası keçirilməsinə baxmayaraq, cavabdeh iclasda iştirak etmir. Avtomobili özü təmir etdirir. İddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-518/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 90 saylı, xx.xx.2024-cü il tarixli ziyan aktının ksero surətindən görünür ki, **-CC-*** dövlət qeydiyyat nişanlı, “Kia Rio minik” markalı avtomaşına dəyən ziyanın ümumi məbləği 1455 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edildi ki, 27 may 2024-cü il tarixdə saat 12 radələrində Salyan şəhəri, Y.Qasımov küçəsi ilə İddiaçı özünə məxsus “Kia Rio” markalı, **-CC-*** nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi babasına məxsus “MG” markalı **-VE- *** dövlət nömrə nişanlı avtomobillə qarşıdan hərəkətdə olan “Kia RİO” markalı, **-CC-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş nəticədə iddiaçıya məxsus avtomobillə 1455 manat maddi ziyan dəymişdir. Lakin cavabdeh dəymiş ziyanı iddiaçıya ödəməmişdir. MPM-in 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 37-ci maddəsinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol hərəkəti qaydalarına riayət etməli, bu qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidir. Azərbaycan Respublikası İnzibati-Xətalar Məcəlləsinin 332-ci maddəsinin qeydində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1096cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki qanunvericiliyin yuxarıda göstərilən müddəsından göründüyü kimi mülki hüquq pozuntusu - deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa və ya qanuna zidd olması və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirildiyindən (yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu qanuni qüvvədə olan inzibati xəta haqqında qərarda var) həmin hadisə nəticəsində iddiaçının əmlakına vurulmuş zərərə görə də onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Zərərin əvəzinin ödənilməsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Bu mənada, konkret mübahisəyə münasibətdə cavabdeh tərəfindən delikt törədildiyi müəyyən olunduğundan məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası da məhz delikt hüququndan irəli gəlir. Belə ki, Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1 və 1108.2-ci maddələrində isə təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İddia tələbindən göründüyü kimi, iddiaçı yol-nəqliyyat hadisəsinin baş verməsi nəticəsində əmlakına vurulmuş zərərin, yəni həmin avtomobilin əvvəlki vəziyyətinə gətirilməsi üçün işlərə görə vəsaitin ödənilməsini tələb edir və həmin zərərin həcmini 1455 manat məbləğində qiymətləndirir. İddiaçının tutulmalı zərərin həcminin məhz qeyd olunan məbləğdə olması ilə bağlı təqdim etdiyi sübutları “İnam-93” Kiçik müəssisəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ziyan aktıdır. Məhkəmə avtomobilə dəymiş zərərin məbləğini ağlabatan və inandırıcı hesab edir. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş cəmi 35 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh dəymiş maddi ziyana görə 1455 manat və 35 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh vurduğu maddi zərərin əvəzi olaraq 1455 (bir min dörd yüz əlli beş) manat məbləğində pul və ödənilmiş 35 (otuz beş) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar