Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1483/2023 02.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə əlavə xərclər tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə verdiyi iddia ərizəsində Cavabdeh uşağın müayinə və müalicəsi ilə əlaqədar çəkilmiş 655,60 manat məbləğində əlavə xərclərin və ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə əlavə verdiyi iddia tələbinin həcminin artırılması barədə ərizəsində Cavabdeh uşağın müayinə və müalicəsi ilə əlaqədar çəkilmiş 1054,10 manat məbləğində əlavə xərclərin və ödədiyi 50 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki,cavabdehlə nikahlarını 09 fevral 2018-ci il tarixdə Salyan rayon Qeydiyyat şöbəsində 31 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X1 adlı bir uşağı olmuşdur. Aralarındakı nikah Salyan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(057)- 698/2022 saylı qətnaməsinə əsasən pozulmuş, uşaq onun himayəsində qalmış və uşağın saxlanılması üçün 150 manat aliment kəsilmişdir. Uşaq hal-hazırda “Neyrofibromator” xəstəsidir və epileptik tutmaları olur. Uşağın nitqində ləngimələr və boynunun sağ ənsə nahiyəsində “spayk-ləng dalğa” vardır. Mütamadi olaraq həkimə müraciət edir. Cavabdeh alimentdən başqa uşağına heç bir maddi yardım göstərməmişdir. Özü heç bir yerdə işləmədiyi üçün xəstə uşağın saxlanılmasında çətinlik çəkir. Odur ki, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X2 arasında nikah Salyan Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 21 iyun 2022-ci il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2022-ci ilin 09 ayının 23 günündə 141 nömrə ilə qeyd edilmişdir. Məhkəmədə elan olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X1 adlı uşağı olmuşdur. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının himayəsində qalan xx.xx.2018-ci ildə anadan olmuş Mircəfər adlı uşaq xəstə olduğu üçün, anası xəstəliyi ilə bağlı əlavə xərclər çəkir, cavabdeh isə həmin xərclərin qarşılanmasında iştirak etmir.Ona görə də məhkəmə cavabdehin həmin xərclərin qarşılanmasında iştirakı zəruri olduğundan iddia qismən təmin olunmalıdır.Uşağa münasibətdə hər iki valideyn eyni məsuliyyət daşıdığından iddiaçının tələb etdiyi məbləğin yarı hissəsi cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunmuşdur ki, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 640,35 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30,40 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1483/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1483/2023
02.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver