Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1499/2024 30.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, nümayəndəsi Vəkil, Cavabdeh1 iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 6220 manat məbləğində pul tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırlması barədə verdiyi ərizəsində Cavabdeh1 2 otaqlı təmirsiz, sahəsi təxminən 45 kvm olan tikiliyə görə 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlər onun baldızlarıdır. 1988-ci ildə Rahil Bağırovla evlənmiş və qaynanasına məxsus evə gəlin köçmüşdür. 1 övladı olmuş, 2-ci övladı olanda həyətdə əri ilə birlikdə tikdiyi 2 otaqlı evdə 1991-1997-ci ilə kimi yaşamışlar. Sonradan iş ilə əlaqədar olaraq Bakı şəhərinə köçüb kirayədə yaşamışlar. Hal-hazırda Bakı şəhərində yaşayır. Evin yerləşdiyi torpaq sahəsi qaynanasına məxsus olmuş, evə dair heç bir sənədi olmamışdır. 2024-cü ilin fevralın 25də bacısı işdən evə gələn zaman, ona məxsus əşyaların gətirib həyətinə boşaldıldığını görmüşdür. Həyətə boşalan əşyaların içərisində əşyaların çoxu olmamışdır. Yoldaşının qızıl üzükləri, digər qızıl və gümüşlər olmamışdır. Əşyaların çoxu qırılmış, onları tələb edir. Özünə məxsus cehizlər, yoldaşının “BMV” markalı maşının təkərləri, alın şüşəsi, faralar, stoplar və qapılar yaşadığı evdə olmuşdur. Onları 2020-ci ildə həmin evə yığmışlar.3 il əvvəl Bakı şəhərində Sabunçu qəsəbəsində özünə bir otaqlı həyət evi almışdır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil bildirmişdir ki, tərəflər 1988-ci ildə evlənmiş, gəlin köçdüyü həyətdə əri ilə birlikdə ev tikmişlər. Evi təmir edərək, 1997-ci ilə qədər orada yaşamışlar. Ekspert dəvət olunmuş, ev qiymətləndirilmiş və evin qiyməti 15017 manat təşkil etmişdir. Ekspert evə baxış keçirərkən, evin təmirli olması məlum olmuş, lakin evdə olan əşyalar yerində olmamış, bir hissəsi məhv edilmiş, jurnal və divar mebeli zədələnmişdir. Cavabdehin hərəkətləri nəticəsində nümayəndəsi olduğu şəxsə ziyan dəymişdir. Aralarında heç bir mübahisə olmamışdır. Əşyalar ilə bağlı xəbərdarlıq olunmamış, əgər xəbərdarlıq olunsaydı, iddiaçı gəlib əşyalarını götürəcəkdir.Ev boş olmamış, əşyalar evdə olmuşdur.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirmişdir ki, iddiaçı qardaşının yoldaşı olmuş, onlar 1988-ci ilə ev tikmişlər. 4-5 il qaynata evində yaşamış, sonralar 1995-1996-cı ildə Bakı şəhərinə getmişlər. Hal-hazırda Bakı şəhərində evləri vardır. İddiaçının dedikləri doğru deyil, həyətdə anasının adına 3 otaqlı ev olmuş, iddiaçı gəlin gəldikdən sonra heç bir ev tikməmişdir. iddiaçı 30 ildir ki, orada yaşamır. 2005-ci ilin mart ayında anası evi ona bağışlamış,özü doğulandan orada yaşamışdır. İddiaçı özünə məxsus əşyaları çoxdan aparmışdır. 30 il ərzində evdə qızıl əşyaları qala bilməz. Odur ki, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin iş üzrə digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə Azəbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 bildirmişdir ki, Neftaçala rayonu 2ci Qaralı kəndində yaşayır. Xanım bacısıdır. 2024-cü ilin fevral ayında evdə adam olmadığı vaxt, cavabdehlər bacısına məxsus köçü onlara gətirmişlər. Soba, tozsovuran, çarpayı,servant, yorğan, döşək və digər cehizlər olmuşdur. Adlarını dəqiq deyə bilmir. Axırıncı dəfə 5 il əvvəl bacısının evində olmuşdur. Ev yüngül təmir olunmuşdur. Şifaner, servantı orada görmüşdür. Bacısının sırğası və qızılları çamadanda olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə verən X8 bildirmişdir ki, Xanım onun xalası qızıdır. Xanım 1988-ci ildə evlənmiş və Salyan şəhərində yaşamışdır. Orada nə vaxta qədər yaşamasını dəqiq bilmir. Bakıya köçdüyünü də bilmir. Xanımın evində usta işləmiş, malyar işləri görmüşdür. Onu Xanımın yoldaşı dəvət etmişdir. Rahilin yas mərasimində də, orada olmuşdur. Ev əşyalarından yadında qalanı olmamışdır. Məhkəmədə elan olunmuş Şirvan İnzibati Məhkəməsi 08 dekabr 2023-cü il tarixli 2- 1(120)-3473/2023 saylı qərarından görünür ki, X1, X3 və X4 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pasport qeydiyyatından çıxarılması öhdəliyi Salyan RPŞ-yə həvalə olunmuşdur. İşdə olan xx.xx.2005-ci il tarixli, 509 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Cavabdeh1 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəsi ilə qeydiyyata alınmış çıxarışdan görünür ki, ünvan 2-də yerləşən fərdi yaşayış evi Cavabdeh1 mülkiyyətindədir. Daşınmaz əmlakın alqı-satqı və qiymətləndirilməsi barədə direktor Rafət Yolçiyev tərəfindən verilmiş, 27 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı müraciəti əsasında ünvan 1 ünvanında yerləşən fərdi həyət evinə onların əvvəl yaşadığı 2 otaqlı mənzilə baxış keçirilmiş, baxış zamanı evin texniki pasportuna baxılmış və iddia olunan otaqların sahəsi 26,5 kvm-lik zaldan və 21,2 kvm-lik mətbəxdən, 1,8 kvm sanitar qovşağından ibarətdir. Otaqlar mişar daşından inşa edilmişdir.Sanitar qovşağından başqa digər sahələr təzə təmirdən çıxmışdır. Otaqlar bazar qiyməti ilə 15017 manat dəyərləndirilmişdir. ünvan 2-də yaşayan İddiaçı, Azərbaycan Respublikası Prezident Administrasiyasına, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatına, Salyan rayon Prokurorluğuna müraciət edərək, baldızı Cavabdeh1 tərəfindən qeydiyyatda olduqları ünvandan çıxarılması, həmçinin ona məxsus ev əşyalarını ondan xəbərsiz evdən çıxarmaqla ona maddi ziyan vurduğunu bildirmişdir. İddiaçı öz Salyan rayon Polis şöbəsində verdiyi izahatında hal-hazırda Bakı şəhərində kirayə yaşadığını, gəlin köçdüyü ünvan 2-də qeydiyyatda olmalarına baxmayaraq baldızı Cavabdeh1 tərəfindən həmin evdən qanunsuz olaraq qeydiyyatdan çıxarılmalarını, həmçinin ona məxsus bahalı ev əşyalarını evdən çıxarılaraq çölə atılması səbəbindən ona maddi ziyan vurulduğunu, bu məsələ ilə bağlı adı çəkilən qurumlara müraciət etdiyini bildirmişdir. Həmçinin araşdırma zamanı izahatı alınmış Salyan rayon Polis şöbəsində Cavabdeh1 ünvan 2-də yaşadığını, evin ona sağ ikən mərhum anası Gülcahan Bağırova tərəfindən bağışlanma yolu ilə verildiyini, uzun müddətdir ki, İddiaçı o evdə yaşamadığı səbəbindən onu və övladlarını evdən qeydiyyatdan çıxardığını, cavabdehin həmin evdə heç bir əmlakı olmadığını ona heç bir maddi ziyan vurmadığını bildirmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia rədd olunmamalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçının iddiasının təmin olunması üçün məhkəməyə heç bir sübut təqdim olunmamış, cavabdeh tərəf isə iddianı etiraf etməmişdir. İddiaçı uzun müddətdir ki, ailəsi ilə birlikdə yaşamaq üçün Bakı şəhərinə köçmüş və orada yaşayır. Mübahisələndirdiyi ev cavabdehin anasının mülkiyyətində olmuş və həmin ev 2005-ci ildə Cavabdeh1 hədiyyə olunmuşdur. İddiaçının uzun müddət yaşamadığı evdə ev əşyaların və həmçinin qızıl əşyalarının olması inandırıcı deyildir. Həmin əmlaklar olsa belə iddiaçının dediyi kimi gətirilib ona təhvil verilmişdir.Əşyaların məhv olması və ya zədələnməsini iddiaçı bildirsə belə həmin əşyaların hansı formada zədələnməsi və ziyanın konkret nədən ibarət olmasını müəyyənləşdirmək mümkün deyildir.İddiaçının evlə bağlı pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, ev qanunla müəyyən olunmuş qaydada cavabdehin mülkiyyətindədir, həmin əmlakı ona anası bağışlamışdır. İddiaçının həmin əmlaka dair heç bir hüququ yoxdur, evin tikintisi və ya təmiri ilə bağlı hər hansı bir vəsaitin sərf olunmasını sübuta yetirə bilməmişdir.Ona görə də məhkəmə iddianın rədd olunmasını daha əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Resçpublikası Mülki Məcəlləsinin 666.1-ci maddəsində qeyd olunmuşdur ki, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəymiş maddi ziyana görə 6220 manat məbləğində pul tutularaq ona verilməsi və Cavabdeh1 2 otaqlı təmirsiz, sahəsi təxminən 45 kvm olan tikiliyə görə 20000 manat məbləğində pul vəsaitinin tutularaq ona verilməsi barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1499/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1499/2024
30.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver